Ölkədə dialoq və qarşılıqlı etimad mühiti yaradılmalıdır

Milli Şura gələn noyabrın 2-nə, Müsavat Partiyası isə 10-na mitinq təyin edib.

Son illərin mitinq mənzərəsinə nəzər yetirəndə bu iki müxalif qurumdan başqa digər siyasi qurumların aksiya keçirmədiklərinin şahidi oluruq. Maraqlıdır, digər təşkilatlar niyə aksiya keçirmir? Onlar mitinq dövrünün artıq keçmişdə qaldığını düşünür, yoxsa buna hələlik səbəb görmürlər?

AĞ Partiya başqanı Tural Abbaslı mitinq qərarında tələsmədiklərini söylədi: "Kütləvi aksiyalar, mitinqlər siyasi mübarizənin ayrılmaz və ən effektiv metodlarından biridir. Bu metoddan bütün dünya ölkələrinin siyasi səhnəsində aktiv istifadə edilir. Bəzən bizim iqtidar nümayəndələri artıq kütləvi aksiyaların, mitinqlərin zamanının keçdiyini söyləsə də, hətta inkişaf etmiş ölkələr belə bu mübarizə metodundan imtina etməyib. Odur ki, biz də AĞ Partiya olaraq kütləvi etiraz aksiyalarını, mitinq və küçə yürüşlərini özümüzün siyasi mübarizə üsullarından ən vacibi hesab edirik. Ancaq nəzərə alsaq ki, AĞ Partiya bu gün siyasi arenanın ən gənc partiyasıdır və səhnədə illərin qocaman partiyaları ilə rəqabət aparır, indiki məqamda bizim mitinq qərarı verməyimiz asan deyil.

Tural Abbaslı: "Mitinq qərarı verməyimiz asan deyil”

Əgər mitinq təyin edilərsə çalışmaq lazımdır ki, bu mitinq kifayət qədər effektiv olsun. Əks təqdirdə bu aksiya nəzərdə tutduğu məqsədin ziyanına işləyə bilər. Odur ki, biz belə qərarlar verməyə tələsmirik. Həmçinin mitinq üçün bunun hər tərəfli ölçülüb-biçilməsi gərəkir. Biz indiki məqamda insanlarımızın təzyiqlərə məruz qalmasına səbəb vermək istəmirik. Ancaq kimlərsə mitinq təyin edirsə onları da qınamırıq. Çünki hər bir partiya və firqə öz addımlarına özü cavabdehdir. Ancaq, bu demək deyil ki, biz mitinqlərin əleyhinəyik. Biz bu günə qədər bəzi mitinqlərin təşkilində birbaşa, bəzilərində isə dəstək verməklə iştirak etmişik. Əgər hansısa qurum və ya partiya AĞ Partiyaya birgə mitinq və kütləvi aksiyalar keçirmək üçün müraciət edərsə, biz bunu partiyanın İdarə Heyətində müzakirə edər və müvafiq qərar verərik. Bu arada iqtidarın hazırda mitinqlərin qarşısını qeyri qanuni yolla almasına və aksiyaların keçirilməsinə qadağa tətbiq etməsini pisləyirik. İqtidarı xalqın sərbəst toplaşma azadlığını tanımasına və bunun üçün müvafiq addımlar atmasına səsləyirik”.

İqbal Ağazadə: "Zərurət görsək, biz də aksiya keçirərik”

Ümid Partiyasının sədri İqbal Ağazadə aksiyalara qarşı olmadıqlarını qeyd etdi: "Ümid partiyası hazırda bələdiyyə seçkilərinə hazırlaşır, namizədlərini müəyyən edir. Hər bir partiya siyasi xəttini, yolunu, taktikasını, təbliğat imkanlarını müəyyən edir. Gərək olanda mitinq edir, seçkilərə qatılır. Heç kimə sən niyə bunu edirsən, yaxud nə üçün bunu etmirsən deyə suallar ünvanlana bilməz. Siyasi partiyaların rəhbər orqanları, səlahiyyətli qurumları lazımı addımları zamanında, uyğun şəraitdə təbliğat üsullarına uyğun olaraq müəyyənləşdirir. Aksiya keçirmək zərurətini də hər bir partiyanın özü müəyyən edir. Zərurət görsək, biz də aksiya keçirərik. Kiməsə yanlış edirsən deməyə də kimsənin haqqı yoxdur. Biz aksiyalara heç zaman qarşı olmamışıq”.

Elşad Musayev: "Bizdə faktiki mitinq keçirmə yasağı mövcuddur”

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev: "Mitinq çoxsaylı mübarizə metodlarından biridir. Hər bir siyasi təşkilatın mitinq keçirmə hüququ, hakimiyyətin isə mitinqin keçirilməsinə şərait yaratma vəzifəsi var. Təəssüf ki, bizdə faktiki mitinq keçirmə yasağı mövcuddur. Halbuki, bütün siyasi qüvvələrin iştirakı ilə ümumxalq Qarabağ mitinqi keçirib bütün dünyaya Qarabağ itkisi ilə barışmadığımızı, bu məsələdə vahid mövqedə olduğumuzu nümayiş etdirə bilərik. Ümummilli məsələlərlə bağlı keçirilən birgə mitinqlərdə iştirak edə bilərik. Hakimiyyət sosial tələblərlə keçirilən mitinqlərə yasaq qoymaq əvəzinə, əksinə tələbləri dinləməli və tədbir görməlidir. Onu da etiraf edək ki, bir tərəfdən basqı, xof, ikinci tərəfdən siyasi partiyaların bütövlükdə çox zəiflədilməsi hadisələrə əsaslı təsir edə biləcək mitinqlərin təşkilinə ciddi mane olan amil kimi qiymətləndirilməlidir”.

Xəzər Teyyublu: "Mitinqləri keçirmək üçün güclənmək lazımdır”

KXCP-nin idarə heyətinin üzvü Xəzər Teyyublu birgə mitinqlərin tərəfdarıdır: "Kütləvi etiraz aksiyası keçirmək və orada iştirak etmək vətəndaşın konstitusion hüququdur və bu haqqı dəstəkləyirik. Etiraz aksiyası cəmiyyəti həmişə ayaqda saxlayır və bunu demokratiyanın ana nüvəsi hesab edirəm. Bunu vacib hesab etmək lazımdır. Mitinqləri keçirmək üçün güclənmək lazımdır. Siyasi müxalifətin bir yerdə aksiya keçirməsi xalqda dönüş yaradan stimul ola bilər. Və ən vacibi də mitinqlərin təşkilatı hazırlıqlarında hər bir partiyanın iştirakı mütləq şəkildə məqsədəuyğun hesab edilməlidir və bu amil böyük birliyə gətirilməlidir”.

Əli Orucov: "AMİP-in gündəmində kütləvi aksiyalar keçirmək hələlik yoxdur”

AMİP katibi Əli Orucov hər bir partiyanın mitinq qərarında sərbəst olduğunu bildirdi: "Hər bir partiya mübarizənin üsul və vasitələrini, eləcə də taktikanı özü müəyyənləşdirir. Milli Şura iqtidara qarşı mübarizədə etiraz aksiyalarına, mitinq və küçə yürüşlərinə üstünlük verirsə, bu da həmin qüvvənin seçdiyi xətdir. Etiraz aksiyaları həm hakimiyyətə təzyiq, həm güc nümayişi, həm də kütləvi etiraz formasıdır. Azərbaycan hakimiyyətinin də vəzifəsi həm insanların sərbəst toplaşma azadlığına hörmət etmək, həm də etirazlara və narazılıqlara diqqət yetirməkdir. Müsavat Partiyası da 10 noyabrda mitinq keçirəcəyini elan edib. Bu da həmin partiyanın öz qərarıdır. AMİP-n isə gündəmində kütləvi aksiyalar keçirmək hələlik yoxdur. Gələcəkdə nə olacaq, bunu gələcək göstərəcək. Fikrimcə, ölkədə dialoq və qarşılıqlı etimad mühiti yaradılmalıdır. Gec-tez iqtidar yetkililəri, hakimiyyətin ən üst səviyyədə bu reallığı və həqiqəti anlamaq zorunda qalacaq. Nəzərə alsaq ki, qarşıdan bələdiyyə seçkiləri gəlir. Bu seçkilər sanki barometr rolunu oynayacaq. İqtidar köklü islahatlara, dəyişikliklərə, demokratik açılıma hazırdır, ya yox? Bir-iki məmurun vəzifələrindən uzaqlaşdırılması, strukturların birləşdirilməsi və ya  ayrılması və bu kimi addımlar islahat deyil, İslahatlara seçkili qurumlara və seçkilərə müsbət münasibətdən başlamaq lazımdır

Bələdiyyə seçkiləri həmin siyasi iradənin göstəricisi olacaq və növbəti proseslərə həlledici təsir göstərəcək. Birgə aksiya məsələsinə gəlincə isə bu kimi mövzulara partiyanın kollegial qurumlarında hərtərəfli müzakirədən sonra aydınlıq gətirilir”. "Yeni Müsavat”