Ölkədə vəziyyət bütün sahələrdə çox acınacaqlı və təhlükəlidir

Binəqədi rayonu Azadlıq prospektində yerləşən 16 mərtəbəli binada baş vermiş və 15 nəfərin ölümülə nəticələnən dəhşətli yanğın bütün Azərbaycan xalqını sarsıtdı. Hadisə ölkədə böyük rezonans doğurdu. Ötən müddət ərzində bina sakinləri kotteclərdə, evlərdə yerləşdirilsə də, kompensasiya ilə təmin olunsalar da, şübhəsiz ki, faciə qurbanlarının yaxınları, od-alovdan sağ çıxan insanlar bu şoku ömürlərinin sonuna qədər yaşayacaqlar.

Məlum olduğu kimi, yanğına tezalışan penoplast bina üzlüyü səbəb olub. Hansı ki, məhz həmin üzlük materiala görə aprel ayında Xətai rayonunda da bina yanmışdı. Yəqin lazımi tədbir görülsəydi oxşar hadisə baş verməzdi. Doğrudur, hadisə ilə bağlı artıq bir neçə nəfər həbs olunaraq istintaqa cəlb edilib. Amma cəmiyyətin reaksiyası göstərdi ki, gərülən tədbirlər heç də kifayət deyil. Bəs hansı tədbirlər görülməli, bundan ötrü kimlər cəzalandırılmalı idi? Ümumiyyətlə, yüksək ranqlı məmurların cəzalandırılması gözləniləndirmi?

AMİP Siyasi Şurasının üzvü Əli Orucov məsələyə münasibət bildirərkən, qeyd etdi ki, hündürmərtəbəli binada yanğın öz alovu ilə bir sıra qaranlıq mətləbləri işıqlandırdı. Və xaql bir daha gördü ki, ölkədə vəziyyət bütün sahələrdə çox acınacaqlı və təhlükəlidir: "Bu yanğın bütöv bir siyasi sistemin kül olması, iflası, cürüməsinin göstəricisi oldu. Mütəxəssislər və ayrı-ayrı insanlar binaların üzlüklənməsində istifadə olunan materialların keyfiyyətsiz və tezalışan maddədən hazırlandığını bildirirlər. Ona görə də çox təhlükəli olduğu barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, buna məhəl qoyulmadı. Xətai rayonunun Nobel prospektində baş verən yanğın artıq həyacan siqnalı idi. Azərbaycanda məmurlar o qədər harınlayıb, o qədər şişmanlaşıb, o qədər pula həris olublar ki, bu siqnal onlara çatmadı. Siqnal çatmırsa, deməli, beyinlər də işləmir, siqnalı qəbul etmək funksiyasını itirib”.

Dövlətin özünün də canlı orqanizm olduğunu deyən Ə.Orucovun qənaətinə görə, əgər cəmiyyətdən gələn siqnalları, ötürülən impulsları qəbul edə bilmirsə, deməli, sistem dəyişməli, yenisi ilə əvəz olunmalıdır: "Məlum acı hadisəAzərbaycan üçün böyük faciədir. Son iki ay ərzində baş verən dəhşətlı yanğınlar sıradan bir qəza, yaxud da fövqəladə hadisə sayıla bilməz. Bunlar hakimiyyətin Azərbaycan xaqlına göstərdiyi münasibətin, talançılığın, korrupsiyanın, qanusuzluğun və tamahkarlığın təzahürüdür. Yanğının törədliməsində gömrük orqanından tutmuş,vergi, bank, fövqəladə hallar, yanğın təhlükəsizliyi və digər cavabdeh qurumlar məsuliyyət daşıyırlar”.

Hadisə ilə bağlı yüksək ranqlı məmurların cəza almayacağını söyləyən müsahibim bildirdi ki, hökumət "JEK”, şirkət rəhbərlərini, istehsalçıları, yaxud kimlərisə həbs etməklə məsuliyyətdən yaxa qurtarmaq istəyir: "Əslində, kiçik məmurlar, hansısa şirkət rəhbəri deyil, aidiyyəti dövlət qurumlarına rəhbərlik edən şəxslər cəzalandırılmalıdır. Bu məsuliyyətin və cinayətin hüquqi cəzası çox ağır olmalıdır. Amma qeyd etdiyim kimi, böyük vəzifəli şəxslərin həbsi gözlənilmir. Çünki indiyə qədər Azərbaycanda belə bir təcrübəyə, fakta rast gəlinməyib. Əks halda, əhali ağır faciələr yaşamazdı.Yanğın zamanı xəsarət alan və ziyan çəkən insanlara dövlət tərəfindən kompensasiya verilməsi, yardımlar göstərilməsi isə problemlərdən çıxış yolu deyil. Dünyanın heç bir ölkəsinin heç bir xalqı belə zülmə, əzaba, faciələrə təhamül etməz. Yoxsa, evinin içində kütləvi şəkildə ölkə əhalisinin yanğınlara məruz qalmayacağına təminat olmayacaq”./aztoday.az/