"Respublikanın harada elan olunmasının elə bir fərqi yoxdur”
Bu fikirləri Ovqat.com-a açıqlamasında yeni elan olunmuş "Qərbi Azərbaycan (İrəvan) Respublikası” təşəbbüs qrupunun üzvü, İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev millət vəkili Əziz Ələkbərlinin bu respublikanın qərargahının Türkiyədə yerləşməsinin mübahisəli olduğu ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
"Əziz Ələkbərlinin iradları ilə tanışam. O qərərgahın Türkiyədə yerləşməsindən savayı, Qərbi Azərbaycanın bölgələrindən olan tanınmış şəxsiyyətlərin təmsil olunmamasına da iradlarını bildirir, həmçinin qurulacaq hökumətin xarici qüvvələrin maliyyə boyunduruğu altına girməsi ehtimalını da səsləndirir.
İlk olaraq onu qeyd edim ki, Respublikanın harada elan olunmasının və ya qərərgahının harada yerləşməsinin elə bir fərqi yoxdur. Qurumların formalaşmasından sonra onsuzda bütün qərarlar kollegial şəkildə qəbul olunacaq. Qərbi Azərbaycan kökənli insanlar bu gün dünyanın dörd bir yanında yaşayır, fəaliyyət göstəririlər və bu Respublika onların hər birinin arzularında olan bir dövlətdir.
Tanınmış şəxsiyyətlərin təmsilçiliyinə gəldikdə bildirim ki, Respublikanın elan olunmasından keçən 2 gün ərzində təşəbbüs qrupuna yüzlərlə tanınmış şəxslərin, ziyalıların müraciətləri daxil olub və bu müraciətlərin sayı hər gün artmaqda davam edir. Bildiyim qədərilə Əziz Ələkbərlinin özünə də Respublikanın elan olunmasından iki həftə öncə hazırlanan bəyannamə layihəsi göndərilib, amma hər hansı bir cavab alınmayıb.
Nəhayət, maliyyə ilə bağlı iradlara gəlincə, çoxlarına məlumdur ki, mühacir hökumətinin yaranması ilə bağlı ideya yeni deyil. Bundan öncə də dəfələrlə bu istiqamətdə müəyyən addımlar atılıb, lakin təşəbbüsləri məhz maliyyə olmaması səbəbilə reallaşdırmaq mümkün olmayıb. Bu məsələ heç də Əziz Ələkbərlinin qeyd etdiyi kimi də deyil. Yəni təşəbbüs qrupu tərəfindən nəinki hər hansı bir dövlətə, hətta ayrı-ayrı şəxslərə belə müraciət olmayıb. Əksinə, Respublikanın elan olunmasından sonra ayrı-ayrı ölkələrdə yaşayan insanlar tərəfindən bu məsələdə maliyyə dəstəyi edilməsi ilə bağlı müraciətlər olub.
Əziz Ələkbərlinin özünün də Qərbi Azərbaycan İcmasının yaradılması, kəndlər üzrə icmalar formalaşması istiqamətində kifayət qədər səyləri olub və bütün bu fəaliyyət təbii ki, alqışlanmalıdır. Odur ki, bu məsələdə onun da dəstəyinə ümidvarıq.
Nəzərə alınmalıdır ki, bu fəaliyyət qarşıdakı onilliklərə hesablanmış bir fəaliyyətdir və bu fəaliyyətdə kimin harada olmasının önəmi yoxdur. Təşəbbüs təqdir olunmal və Mühacirət parlamentini formalaşdırıb əməli işə keçilməldir.
Təşəbbüs qrupunun üzvü olaraq bildirirəm ki, bu məsələdə harada yaşamasından asılı olmayaraq hər bir insanımızın dəstəyinə və köməyinə ehtiyacımız var. Önəmlisi bu torpaqların kimə aid olduğunu bütün dünyaya çatdırmaq və o torpaqların qayıtması istiqamətində birgə mübarizə aparmaqdır”.