Parlamentdən kənardakı partiyaların maddi durumu necədir?

Azərbaycan qanunvericiliyinə görə, siyasi partiyalar illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. MSK-dan verilən məlumata görə, martın 15-dək dövlət qeydiyyatından keçmiş 55 rəsmi siyasi partiyadan 19-u 2018-ci il üzrə hesabat verib. Bunlar Yeni Azərbaycan Partiyası, Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Birlik Partiyası, Liberal Partiyası, Böyük Quruluş Partiyası, Demokratik Maarifçilik Partiyası, Sosial Demokrat Partiyası, Respublikaçılar Partiyası, Liberal Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Yurddaş Partiyası, Kommunist Partiyası, Azərbaycan Mübarizləri Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Xalq Partiyası, Milli Konqres Partiyası və Ədalət Partiyasıdır.

Yeni Azərbaycan Partiyasının hesabatına görə, ötən il qurumun 9 milyon 413 min manat gəliri, 7 milyon 429,9 min manat xərci olub.

Vətəndaş Həmrəyliyi Partiyasının gəliri 135,7 min manat, xərci 125,7 min manat; Böyük Quruluş Partiyasının gəliri 118,3 min manat, xərci 118,1 manat; Demokratik Maarifçilik Partiyasının gəliri 117,9 min manat, xərci 116,7 min manat; Sosial Demokrat Partiyasının gəliri 117,8 min manat, xərci 117,7 min manat; Milli Dirçəliş Hərəkatı Partiyasının gəliri 117,8 min manat, xərci 115,8 min manat göstərilir. Qeyd edək ki, bunlar parlamentdə təmsil olunan partiyalardır.


AMİP Siyasi Şura üzvü Əli Orucov bildirdi ki, "Siyasi partiyalar haqqında” Qanuna görə siyasi partiyaların maliyyələşməsi həm də üzvlük haqlarında toplanan vəsaitlər hesabına olur, həm də ianələr hesabına. AMİP-in də Nizamnaməsində üzvlük haqları ilə bağlı müddəa öz əksini tapsa da, bu məcburi deyil: "Əvvəllər üzvlük haqlarının toplanmasında ciddi problemlər olmurdu. Lakin son dövrlər insanların maddi və sosial-iqtisadi vəziyyəti ucbatından axsamalar var. Təəssüf ki, hətta formal olaraq müəyyənləşdirilən aylıq üzvlük haqlarının ödənilməsinə imkan çatmır. Bu isə partiyanın fəaliyyətinə də yaxşı təsir göstərmir. Azərbaycanda ümumiyyətlə, müxalifət partiyalarının və üzvlərinin maliyyə imkanları ili-ildən pisləşir”.

E.SEYİDAĞA,