Parlamentin zəif fəaliyyət göstərdiyini biz dəfələrlə demişik

Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkəmizdə köklü islahatlar aparıldığından danışıb.

O bildirib ki, bu islahatlar, demək olar ki, bütün sahələri əhatə edir: "İqtisadi sahədə, maliyyə sektorundakı islahatlar, şəffaflıqla bağlı olan tədbirlər artıq öz gözəl nəticələrini verməkdədir. Mənə verilən məlumata görə, bu ilin 11 ayında təkcə vergi və gömrük orqanları büdcəyə plandan əlavə 934 milyon manat vəsait daxil etmişlər. Bunun da başlıca səbəbi kadr islahatıdır. Çünki həm vergi, həm gömrük orqanlarında köklü kadr dəyişiklikləri həyata keçirildi, yeni rəhbərlər təyin edildi. Beləliklə, nəticə də göz qabağındadır.

Ona görə struktur islahatları ilə bərabər, kadr islahatları da aparılır. Struktur islahatlarına gəldikdə, cəmiyyət bu islahatları yüksək qiymətləndirir. Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yeni strukturları təsdiq edildi, Milli Məclis yenidən formalaşacaq. Bütün bunların bir məqsədi var: ölkəmizin uğurlu inkişafını təmin etmək, ölkədə mövcud olan gözəl ab-havanı qoruyub saxlamaq, gənc peşəkar kadrlara imkan vermək ki, onlar özlərini göstərsinlər. Ümumi idarəetmə işlərində vəziyyət müasir standartlara cavab verməlidir”.

Göründüyü kimi, dövlət başçısı ölkədə aparılan islahatlar fonunda, Milli Məclisin yeniləşəcəyinin anonsunu verdi. Parlamentin yeniləşəcəyi ilə bağlı verilən anonsa müxalif dairələrin münasibəti və gözləntiləri necədir?

"Hakimiyyətin parlamentlə bağlı ortaya qoyduğu siyasi iradəni normal hesab edirik”

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev "Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ümumən, ölkədə gedən istənilən dəyişikliyə onlar müsbət yanaşırlar: "Parlamentin zəif fəaliyyət göstərdiyini biz dəfələrlə demişik. Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi hakim partiyanın istəyindən sonra gündəmə gəlib. YAP-ın özü də yeni seçkinin keçirilməsi ilə bağlı göstərdiyi səbəblər də köhnə parlamentin islahatların ruhuna cavab verə bilməməsi ilə bağlıdır. Səbəbi nə ilə izah etsəslər də, hadisənin özü ölkədə siyasi aktivlik yaratmağa xidmət edə bilər. Amma bu o halda olacaq ki, siyasi partiyalar, müstəqil namizəd olmaq istəyən şəxslər əvvəlki seçkilərdən daha yumşaq və rəqabətə dözümlü seçki keçirəcəyənə inansınlar. Çünki bugünkü Mərkəzi Seçki Komissiyası, dairə və məntəqə seçki komissiyaları ilə hətta nisbətən azad seçki keçirilməsinə inam azdır. Həm ölkə Prezidenti, həm də YAP rəhbərliyi əvvəlkindən fərqli parlamentin fomalaşacağı ilə bağlı anonslar veriblər. Hətta tərkibin daha da cavanlaşacağı bildirilib. Biz bilirik ki, parlament seçki əsasında formalaşır. Yeniləmə deyəndə hakim komanda bunu nəzərdə tuta bilər. Onlar bu seçkilərdə də mütləq qələbə qazanacaqlarını hədəfləyirlər. Bu səbəbdən də parlament çoxluğunun özlərinin partiya siyahısı ilə irəli sürəcəkləri namizədlərdən formalaşacağı qənaətindədirlər. Yalnız bu səbəbdən YAP parlamentdə hansı göstəricilərə malik insanların çoxluq olacağına dair fikirlər bildirir. Digər partiyalara, müstəqil şəxslərə bu göstərişlər şamil ola bilməz. Təbii ki, biz də yeniliyin tərəfdarıyıq. Ancaq bu yeniliyin fonunda, müxalifətin parlamentdə daha çox yer almasını istəyirik. Hakimiyyətin parlamentlə bağlı ortaya qoyduğu siyasi iradəni normal hesab edirik. Ancaq çox istərdik ki, onun fomalaşma mexanizminə də ciddi nəzarət olunsun.

Yox, bu seçki indiyə qədər keçirilən seçkilərdən fərqlənməyəcəksə və siyasi mühitə sabitlik gətirməyəcəksə, parlamentə növbədənkənar seçkinin keçirilməsinə nə ehtiyac var? Bütün bunlara rəğmən, inanmaq istəyirəm ki, az da olsa, əvvəlki seçkilərdən fərqli seçki keçirəcəklər . İstənilən halda, seçki elanandan qısa müddət sonra hakimiyyətin seçkilərlə bağlı mövqeyinin ilkin konturları görünəcək”.