Partiyadan çıxarılan Qubad İbadoğlundan Müsavata ağır ittihamlar

Onun qərara münasibəti təhqiramiz oldu: "Bu idbar məhkəmə..."

"Mən onları kişi kimi mübarizə aparmağa çağırmışdım, amma nə fayda, onlarda olmayanı onlardan ummağa dəyməzmiş!"

Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu partiyadan çıxarıldı. Bu barədə qərar fevralın 6-ı axşam saatlarında partiyanın Divanında verilib.

Divanın iclası növbədənkənar keçirilib. Belə ki, Divan növbəti iclasında Qubad İbadoğlunun məsələsinə baxmağı planlaşdırıb. İclasda onun özünün iştirakı da razılaşdırılıb. İclasın rqafik üzrə vaxtında Qubad İbadoğlunun xarici səfərdə olacağı bəlli olub. Buna görə də iclasın vaxtı irəli çəkilib.

Qubad İbadoğlu Divanın iclasına qatılmaq üçün müəyyən şərtlər irəli sürüb. O, iclasda müsavatçıların (yəqin ki, öz tərəfdarlarının) iştirakına və videoçəkiliş aparılmasına razılıq verilməsini istəyib. Özünün bildirdiyinə görə, Müsavat başqanının müavini Elman Fəttah buna razılıq verildiyini deyib, lakin o, oclasa qatılanda şərtlərinin qəbul edilmədiyini görüb. Buna görə də iclası tərk edib. Divan onun iştiraklı olmadan məsələni müzakirə edib.

"Mən əvvəlcədən də demişdim ki, videoçəkiliş olmasa, iclas müsavatçıların iştirakı olmadan keçirilsə, toplantıda iştirak etməyəcəm. Indi məlum oldu ki, videoçəkilişə icazə vermirlər. Bu sırf qanun pozuntusu olduğuna görə mən iclasa qatılmadım. Elman Fəttahla danışdığımız zaman o, videoçəkilişə icazə veriləcəyini bildirmişdi. Amma indi iclasda yalnız iki müsavatçının iştirak edə biləcəyi deyildi", - deyə Qubad İbadoğlu bildirib.

Qərarı jurnalistlərə izah edən Müsavat başqanının müavini Elman Fəttah bildirib ki, Qubad İbadoğlunun partiya sıralarından xaric edilməsinin səbəbi onun Divanın iclasını tərk etməsi, partiya nizamnaməsini kobud surətdə pozan davranışlara yol verməsi və son vaxtlar partiyanın əleyhinə yönəlmiş fəaliyyətlə məşğul olmasıdır.

Qubad İbadoğlu isə APA-ya açıqlamasında Divanın müzakirəsini "formal" adlandırıb. "Arqumentləri zəif olduğuna görə, videoçəkiliş aparılmasına icazə vermədilər. Mən əvvəlcədən belə bir qərar gözləyirdim. Bu qərarın sifarişi əvvəlcədən verilmişdi", - deyə o bildirib. Qubad İbadoğlu qeyd edib ki, onunla bağlı qərarı bir nəfər qəbul edib: "Çünki Müsavat Partiyasını indi yalnız bir nəfər idarə edir". Qubad İbadoğlu qərarı "yanlış və əsassız" adlandırıb.

O, daha sonra şəxsi facebook səhifəsində Divanın qərarına geniş və çox sərt münasibət bildirib. Qubad İbadoğlu yazır ki, Müsavat Divanı vədinə xilaf çıxıb, müzakirələrin açıq şəkildə aparılmasına, videoçəkilişin reallaşdırılmasına əvvəcədən verdiyi razılığı son anda pozub. "Saxta rəhbərlik, qondarma Divan üzvləri xalqın, sıravi müsavatçıların 100 ildən çox tarixi olan bir partiyada qərarların necə avtoritar, necə ədalətsiz qəbul edildiyini görməsindən çəkinərək, saxta demokrat kimliklərinin aşkara çıxmasından, maskalarının cırılmasından qorxdular", - deyə o qeyd edir.

Qubad İbadoğlu Divanın onunla bağı müzakirəsini "idbar məhkəmə" adlandırır və belə qərar çıxarılacağını əvvəldən bildiyini yazır: "Bağlı qapılar arxasında toplaşan saxta hakimlər mənim partiyadan uzaqlaşdırılmağıma fərman verdilər. Mən məhz bu qərarın çıxarılmasını əvvəlcədən gözlədiyimdən "divantutma"nın açıq şəkildə keçirilməsinə çalışırdım. Bir neçə gün əvvəl sosial şəbəkə vasitəsilə bu idbar məhkəmənin üzvlərini və onların əlaltılarını kişi kimi mübarizə aparmağa çağırmışdım. Amma ki, nə fayda, onlarda olmayanı onlardan ummağa dəyməzmiş!".

Qubad İbadoğlu onun barəsində çıxarılan qərarı Müsavatda repressiyanın davamı adlandırır: "Mən xeyli əvvəldən bu sifarişi nominal başqanın yox, real başqanın verdiyini bilirdim. Bugün sadəcə, üstdən aldığı sifarişi icra etmək üçün toplaşan altdakılar götürdükləri öhdəliyi icra etdilər.
Görəsən, bu adamlar fərqindədirlərmi ki, qurultaydan sonrakı 4 ay ərzində Müsavat başqanlığına namizədlərdən ikincisini partiyadan uzaqlaşdırırlar. Görünən kəndə nə bələdçi, bu qərar Müsavatda aparılan repressiyaların tərkib hissəsidir və çox şübhəsiz ki, sonuncu olmayacaq.

Bugün Müsavat Partiyasında bir kabus dolaşmaqdadır. Bu kabusun adı avtoritarizmdir. Bu kabusun adı müstəqil fikirləşənin, düşündüyünü deyənin "dilini kəsmək siyasətidir". Bu kabusun adı Müsavatı manqurtlaşdırmaq cəhdidir".

Qubad İbadoğlu sonda müsavatçılara müraciət edir: "Fədakar müsavatçı bacı və qardaşlarım!
Qətiyyən ruhdan düşməyin! Bu qondarma, qeyri-legitim rəhbərlik istədyinə nail ola bilməyəcək. Bütün kabuslar kimi onların da küləklə sovrulacağı gün gələcək və o gün uzaqda deyil. Biz Məhəmməd Əmin Rəsulzadənin bu xalqa miras qoyduğu milli məfkurənin bir tayfanın, bir qrupun əlində oyuncağa çevrilməsinə imkan verməyəcəyik. İlan ulduz görməsə, ölməz, deyiblər atalarımız. Ulduzun görünməsinə, parlament seçkilərinə elə də çox qalmayıb!".