Martın 13-də Bakıda Azərbaycan Milli
İstiqlal Partiyasının (AMİP) təşkilatçılığı ilə "Azərbaycanda siyasi
partiyalar: mövcud durum və perspektivlər” mövzusunda dəyirmi masa
keçirilib. Tədbirdə ona yaxın siyasi partiyanın təmsilçisi iştirak edib.
AMİP sədri Yusif Bağırzadə ilk olaraq çıxış edərək bildirib ki, siyasi
partiyaların problemləri çoxdur. Bunların arasında hakimiyyətin
yaratdığı problemlərlə yanaşı, partiyaların öz daxilindən qaynaqlananlar
da var. O, partiya rəhbərlərini və təmsilçilərini problemlərin
müzakirəsinə dəvət edib.
AMİP
baş katibi Arzuxan Əlizadə müasir partiyaların yaranması haqqında
danışaraq deyib ki, birpartiyalı sistemdən çoxpartiyalı sistemə keçid
böyük nailiyyətdir. Onun sözlərinə görə, bir çox partiyalar fəaliyyəti
donmuş şəkildədir və hakim partiya ilə müqayisədə geri qalırlar: "Digər
partiyalar da geniş resurslara malik olmalıdır. Belə olmadıqda ölkədə
həm dini, həm də siyasi radikalizm artır. Hesab edirəm ki, bir tədbirlə
mövcud vəziyyəti həll edə bilmərik. Ona görə də bu müzakirələr mütəmadi
keçirilməlidir”.
AXP sədri Pənah Hüseyn isə partiyaların düşdüyü durumu Azərbaycanda
mövcud siyasi rejimlə bağlayıb: "Azərbaycanda avtoritar və yaxud başqa
terminlə desək, imitasyon demokratiya rejimi mövcuddur. Bu halda hansı
islahatlar aparırsınız aparın, siyasi partiyalara qərargah verin və
sair, heç nə dəyişməyəcək. Çünki bunun kökü hakimiyyətin qurduğu rejimlə
bağlıdır. Rejim dəyişməsə, siyasi partiyalarla bağlı köklü dəyişikləri
də müşahidə edə bilməyəcəyik. Avtoritar rejimin dəyişməsindən sonra
ölkədə kardinal dəyişikliklərə nail olmaq mümkün olar. Burada da söhbət
birinci azad və demokratik seçkilərin təşkilindən gedir”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə
bildirib ki, partiyaların problemlərini komplektləşdirmək lazımdır. Onun
sözlərinə görə, problemlər və təkliflər irəli sürüb onları hakimiyyətə
bir neçə partiyanın adından göndərmək lazımdır: "Biz təklifləri paket
şəklində verək. Bunlara əməl eləməsələr, irad tutmaq üçün yer qalsın”.
ADP sədrinin müavini Taliyət Əliyev qeyd edib ki, siyasi
partiyaların inkişaf etməsi üçün ölkədə münbit şərait yoxdur. Onun
sözlərinə görə, sivil qaydada siyasi mübarizə aparan partiyalar sıradan
çıxarıldıqca yerini radikal mübarizə yolunu aparan qruplar tutur. O da
problemləri diqqət mərkəzində saxlamağın vacib olduğunu vurğulayıb.
"Aydınlar” Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə deyib ki,
partiyaların arasındakı normal olmayan, hətta bəzən mətbuat
səhifələrində təhqir səviyyəsinə çıxan münasibət vətəndaşları siyasi
partiyalardan çəkindirir. Onun sözlərinə görə, partiyaların
qarşılaşdıqları problemlər hakimiyyətin siyasi partiyalara münsibətdə
yaratdığı vəziyyətdir: "Hakimiyyət istəmir ki, partiyalar cəmiyyətdə
normal yer tutsun”. Digər çıxış edənlər də partiyaların qarşılaşdıqları
problemləri sadalayıblar, həmçinin, problemdən çıxış yolları təklif
ediblər.