Son aylarda Ermənistanla Azərbaycan arasında müharibə ritorikası güclənib. Xüsusilə, işğalçı ölkənin baş naziri Nikol Paşinyanın ötən ayın əvvəllərində Xankəndində səsləndirdiyi "Qarabağ Ermənistandır, nöqtə” kimi fikirlərindən sonra tərəflər savaş meydanına sürüklənir.
Erməni cəmiyyətində də Paşinyanın sərsəm bəyanatları, açıqlamaları ciddi şəkildə olunur. Son olaraq, Ermənistan Milli təhlükəsizlik xidmətinin keçmiş rəhbəri David Şahnazaryan bu barədə düşüncələrini bölüşüb.
Paşinyanın Qarabağ siyasətini tənqid edən Şahnazaryan müdafiə naziri David Tonoyanın da fəaliyyətinə qiymət verib: "David Tonoyanın fəaliyyəti, yumşaq desək məni heyrətləndirmir. Mən onu effektiv bir nazir müavini hesab edirdim, amma nazir kürsüsündə o populizmin əsirinə çevrilib. O, Azərbaycanla bağlı bir neçə aqressiv bəyanat verdi və bununla da, həm Ermənistanın imicinə, həm də danışıqlar prosesinə böyük zərbə vurdu. Paşinyan Bakıya çox faktlar verdi və Qarabağ probleminin nizamlanması çoxdan Azərbaycan ssenarisi üzrə gedir. Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında hücum hərəkətlərini əsaslandırmaq üçün bir çox arqumentləri var”.
Göründüyü kimi, tərəflərin heç biri güzəştə getmək istəmir. Bu isə müharibə ehtimallarını durmadan artırır.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Paşinyan hökumətinin müharibə yolunu seçdiyini bildirdi: "İlk növbədə, onu qeyd etmək lazımdır ki, gərginləşmənin səbəbkarı Ermənistandır. Səbəb onda deyil ki, onlar torpaqlarımızı işğal ediblər. Yəni uzun müddətdir ki, atəşkəs rejimi mövcud idi. Buna baxmayaraq, görürük ki, Paşinyan administrasiyası birmənalı şəkildə müharibə yolunu seçib. Onu da qeyd etmək lazımdır ki, danışıqlar proses demək olar dalandadır. İmitasiya prosesində ünvan ictimaiyyət olurdu. İndi danışıqlara heç kəs inanmır. Bu baxımdan təbii ki, danışıqlara inanmayan halda ictimaiyyət, siyasətçilər arasında hərbi ritorika artmaqdadır. Dəfələrlə demişəm, indi də təkrar etmək istəyirəm ki, bu cür vəziyyətin səbəbkarı birbaşa Paşinyanın özüdür. O istəyir ki, hərbi əməliyyatları bərpa edib, Rusiyadan uzaqlaşsın və Ermənistanın daxilində olan ruspərəst müxalifəti siyasi arenadan çıxarsın, Qərbyönlü siyasətini həyata keçirsin. Burada əsas məqsəd bundan ibarətdir”.
Beynəlxalq əlaqələr üzrə AMİP katibi Elşən Mustafayev: "Son aylarda verilən bəyanatlar əsasən Paşinyan tərəfindən verilib. Biz tərəfdən isə ya ona lazımı səviyyədə cavab verilməyib, ya da gecikmiş bəyanatların şahidi olmuşuq. Təəssüfedici hal odur ki, Paşinyan bəyanat verirsə ona cavabı niyə Müdafiə Nazirliyi, yaxud Xarici İşlər Nazirliyinin hansısa əməkdaşı verməlidir? Son aylar Ermənistan tərəfindən müharibə ritorikasının artmasının, provokasyon bəyanatların səslənməsinin səbəbləri daxildə baş verən gərginliklərlə bağlıdır. Paşinyan ölkədə Rusiyanın dəstəyi ilə yeni bir məxməri inqilabın olacağından narahatdır. Bu qorxu onu bir növ patrioatik bəyanatlar verməyə məcbur edir. Düşünür ki, insanlarda bu yolla özünə qarşı rəğbət oyada bilər. Son vaxtlar qısa zaman kəsiyində onun bir neçə dəfə Xankəndinə səfəri və orada indiyədək heç bir prezidentin bu səviyyədə səsləndirmədiyi bəyanatlar verməsi Qarabağ klanının revanş planına qarşı hesablanıb. Bununla onlara dəstək olan insanların bir hissəni neytrallaşdırmaq istəyir. Eyni zamanda, öz elektoratı içində Dağlıq Qarabağ məsələsinə həssas yanaşan kəsimi də rahat etmək istəyir. Paşinyan hakimiyyəti içərisində yaranan panika inkişaf etdikcə, bu bəyanatların sayı da arta bilər. Hətta elə bir məqam ola bilər ki, təmas xəttində atışmalar intensiv şəkildə artsın. Azərbaycan tərəfi isə Paşinyanın bu bəyanatlarından lazımı şəkildə ya istifadə edə bilmir, ya da istəmir. Əslində bu bəyanatlardan sonra dərhal ATƏT-in Minsk Qrupu üçlüyünü toplamalı idi. Onlarla danışıqlar gedən bir məqamda Paşinyanın bəyanatlarına rəsmi münasibət istəniməli, paralel şəkildə isə dünyada Ermənistanın işğalçı dövlət olduğu faktlarla təbliğ olunmalı idi. Yəni Paşinyan özü istəmədən bir növ bizim əlimizə əsas verir ki, biz həqiqəti dünya ictimaiyyətinə çatdıraq. Yəni konfliktin Qarbağ erməniləri ilə Azərbaycan arasında deyil, Ermənistan Azərbaycan arasında olduğunu faktla ortaya qoyaq. Çünki indiyə qədər Ermənistan hər yerdə problemin Qarabağ errməniləri ilə olduğunu söyləyərək yanlış fikirlər formalaşdırırdı”./Musavat.com,