Paşinyanın Rusiyanın iradəsinin ziddinə qərar verməyə cürəti çatmaz

"Rusiya Dağlıq Qarabağ siyasətində balanslı davranır”


Ötən gün Abxaziya sakini olan bir qadın qondarma Abxaziya respublikasının "pasportu” ilə Ermənistan sərhəddini keçib. Maraqlısı odur ki, qadına rəsmi keçid məntəqələrində heç bir problem yaradılmayıb. Faktı ifşa edən Ermənistanın bir qrup ağlı başında qeyri-hökumət təşkilatları hadisəyə etiraz bildiriblər. Deyiblər ki, qondarma respublikalardan birinin "vətəndaşının” Ermənistana "öz ölkəsinin pasportu” ilə keçməsi ilk dəfə yaşanır və çox təhlükəli prosesdir:

"Ermənistan hakimiyyətinin buna göz yumması nə deməkdir? Nikol Paşinyanın ilk rəsmi səfərini Gürcüstana etdiyi bir vaxtda bu cür hərəkətin baş verməsi anlaşılan deyil”. Hələlik rəsmi Tbilisi məsələyə münasibət bildirməyib. Abxaziyanın qeyri-rəsmi təşkilatları isə erməni QHT-lərini tənqid ediblər. Bildiriblər ki, abxazlar Ermənistan sərhəddini Gürcüstan pasportu ilə keçə bilməz: "O halda "Dağlıq Qarabağ” sakinləri də Ermənistana Azərbaycan pasportu ilə keçsinlər. Ermənilər bunu qəbul edəcəkmi?”. Məlumdur ki, bu günlərdə Suriya rejimi Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyini” tanıyıb. Ümumiyyətlə, indiyədək bu qondarma respublikaları Rusiya, Nikaraqua, Nauru və Venesuela tanıyıb. Ekspertlərə görə, Paşinyan hökuməti Rusiyanın təkidi ilə Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyini” tanıya bilər. Ortada həm də qondarma Dağlıq Qarabağ rejimini leqallaşdırmaq cəhdləri var.

Bu barədə "Şərq”ə danışan Əli Orucov bildirib ki, Abxaziya və Cənubi Osetiya ilə Dağlıq Qarabağ münaqişələri biri-birindən tamamilə fərqlənirlər. Bu vilayətlərin sovet imperiyası daxilində də statusları fərqli olub. Ekspert deyib ki, Abxaziya və Cənubi Osetiya Rusiya tərəfindən ilhaq edildiyi üçün artıq de-fakto Gürcüstanın ərazisi sayılmır:

"Dağlıq Qarabağ işğal altında olsa da, Azərbaycanın qanuni sərhədləri daxilindədir. Münaqişənin həlli ilə bağlı beynəlxalq missiya fəaliyyət göstərir. Moskva Abxaziya və Cənubi Osetiyanı sabiq prezident Mixail Saakaşivilinin avantürasını bəhanə gətirərək ələ keçirdi. Bu hal Tiflis-Moskva münasibətlərinin taleyini birdəfəlik həll etdi və Kreml Gürcüstanı itirdi. Lakin Dağlıq Qarabağ münaqişəsini dondurulmuş vəziyyətdə saxlayan Moskva Ermənistan və Azərbaycanla yanaşı, bütünlüklə Cənubi Qafqaza da təzyiq imkanı əldə edir. Kreml fərqindədir ki, iki dövlətdən birinin tərəfini tutub, Dağlıq Qarabağı ona versə, digər ölkəni həmişəlik itirəcək. Sırf bu səbəbdən Rusiya Dağlıq Qarabağ siyasətində balanslı davranır”.

Analitikə görə, Paşinyanın Rusiyanın iradəsinin ziddinə qərar verməyə cürəti çatmaz:

"Separatçı rejimin analoji olaraq tanınması regionda müharibəni alovlandıra bilər. Suriya rejiminin rəhbəri Bəşər Əsədin Gürcüstanla Azərbaycana münsibəti fərqlidir. Gürcüstan Avroatlantika məkanını seçib və NATO-ya üzvlüyü hədəfləyir. Rəsmi Bakı isə bloklara qoşulmama siyasəti yürüdür və Qərblə məsafə saxlayır. Bildiyiniz kimi NATO və Qərb Əsədin qatı düşmənləri sayılırlar. Belə olduqda Əsədin Gürcüstana qarşı münasibəti aydın olar.

Nikaraqua, Nauru və Venesuela daxil heç bir dövlət separatçı Dağlıq Qarabağ rejimini tanımır. Hərgah Ermənistan diplomatiyası və erməni lobbisi çox cəhd edir ki, separatçı rejimi tanıtsın. Amma beynəlxalq dəstək ala bilmirlər. Buna baxmayaraq, təhlükə qalmaqdadır. Təhlükənin riski və reallaşması yürütdüyümüz xarici siyasətdən asılı olacaq. Hər hansı ciddi səhv böyük fəsadlara gətirib çıxara bilər”.