Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

-Xoş gəlmisiniz. Sizi səmimiyyətlə salamlayıram.

Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop: Xoş gördük.

Prezident İlham Əliyev: Çox şadam ki, Siz gəlmisiniz. Ölkəmiz üçün bu çətin bir dövrdə Sizin gəlişiniz xüsusi məna daşıyır. Bu, bir daha Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq münasibətinin təzahürüdür, həmrəyliyin təzahürüdür. Biz bu hadisələr baş verəndən dərhal sonra Türkiyənin dəstəyini hiss etdik, bu gün də hiss edirik. Əziz qardaşım, hörmətli Prezident çox müsbət və çox dəqiq açıqlamalar vermişdir. Bu açıqlamalar Azərbaycan xalqını çox məmnun etdi, bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər bu açıq mövqe göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi. Onsuz da Ermənistanın məqsədi bundan ibarətdir, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər və çox yanlış yoldadırlar. Çünki görürlər ki, bizim qarşımızda təkbaşına duruş gətirə bilmirlər. Döyüş meydanında biz onları məğlub edirik. Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir. Bu gün səhər mən yeni kəndlərin azad edilməsi haqqında məlumat vermişəm. Azərbaycan Ordusu zəfər marşındadır və qarşımızda duran bütün vəzifələr yerinə yetirilir.

Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır. Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bundan sonra da belə olacaq. Həm Türkiyə Böyük Millət Məclisinin açıqlamaları, Sizin, hörmətli cənab Sədr, açıqlamalarınız, nazirlərin açıqlamaları, Türkiyədən adi vətəndaşlardan mənə gələn məktublar böyük həmrəyliyin təzahürüdür.

Bu mövqeyə, qardaşlıq mövqeyinə görə və gəldiyiniz üçün bir daha Sizə təşəkkürümü bildirirəm. Əminəm ki, səfəriniz bizim qardaşlıq əlaqələrimizin tarixində yeni gözəl səhifə olacaqdır. Xoş gəlmisiniz.

x x x

Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop: İnşallah. Xoş gördük, cənab Prezidentim. Əvvəla, Türkiyədən hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırmaq istəyirəm. Türkiyə Böyük Millət Məclisindən deputatlarımızın hamısının Sizə salamları var, parlamentimizin duaları sizinlədir.

Burada fərqli partiyalardan dostlarımız var. Biz təmsilçilik qabiliyyəti yüksək olan bir heyətlə gəldik, dəstəyimizi ifadə etmək istədik.

Bunu Türkiyədə hər zaman deyirik, Tovuz hücumlarında da Məclisimizdə dörd siyasi partiya bir açıqlama vermişdi, 27 sentyabrdan sonra da bir daha açıqlama verdi. Amma bütün bunları bir də Bakıda təkrarlamaq, söyləmək istədik. Millətimizin də dəstək və duaları daim Azərbaycanladır, Sizinlədir. Azərbaycanın uğuru, müvəffəqiyyəti üçün dua edirik, o sevindirici xəbərləri aldıqca da bütün millət olaraq sevinirik. Allah müvəffəq etsin, zəfər nəsib etsin.

Təbii ki, Türkiyənin Azərbaycana dəstəyinin təməli dostluq və qardaşlıqdır. Zati-aliləri, Sizin də dediyiniz kimi, dünyada Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına bənzər ikinci ölkə yoxdur. "Bir millət, iki dövlət” deyirik. Bunun tarixi əsasları var. Axşam Şəhidlər xiyabanında idik, orada Türkiyədəki 34 vilayətimizdən şəhidlər var, onlar burada uyuyurlar, adları məzar daşlarında var. Biz Türkiyə olaraq Azərbaycanın çətin günündə burada - Azərbaycanın yanında olmuşuq, onun kədəri bizim kədərimiz, sevinci isə bizim sevincimizdir. Bu, həm də sizin üçün də eynidir. Siz Yunanıstan səfirini qəbul edərkən verdiyiniz açıqlama Türkiyədə çox böyük diqqətlə, sevinclə izlənildi və çox yüksək dəyərləndirildi.

Bizim Azərbaycana dəstəyimiz təkcə dostluqla bağlı deyil, bu mübarizə Azərbaycanın haqlı mübarizəsidir. Həm tarixən haqlıdır, çünki Dağlıq Qarabağ tarix boyunca, yüz illərlə həmişə Azərbaycan torpağı, Azərbaycan Vətəninin bir hissəsi olub. Sovet dövründə də, Çar Rusiyası dövründə də belə olub. Azərbaycan beynəlxalq hüquq baxımından da haqlıdır.

Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Sonda xatirə şəkli çəkdirildi.