Prezidentin islahat və kadr dəyişikliyi anonsundan sonra dünən Baş Nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov istefa ərizələrini İlham Əliyevə təqdim etdilər.
Ölkə başçısı bununla əlaqədar hər iki qocaman məmuru qəbul edərək, hakim komandada gəncləşmənin davam edəcəyi mesajını verdi. Görəsən, ölkə müxalifəti bu dəyişikliklər barədə nə düşünür?
AMİP Siyasi Şurasının üzvü Əli Orucov Reyting.az-a açıqlamasında deyib ki, hökumətdə bəzi yaşlı vəzifə sahiblərinin istefaya göndərilməsinin islahat kimi təbliğ olunması təəssüf doğurur.
Prezident İlham Əliyevin dövlət hakimiyyəti idarəetmə orqanlarında məsul vəzifə tutan məmurların gəncləşdirilməsi ilə bağlı addımı təqdirəlayiqdir, lakin bir qədər gecikib:
"Biz dəfələrlə çağırış etmişik ki, sovetlərdən qalan, inzibat-amirlik sisteminin idarəçiliyini əxz edən kadrlardan yaxa qurtarmaq lazımdır. Çünki onlar müasirliklə, dövrün yeni tələbatları ilə nəinki uzlaşa bilmirlər, hətta inkişafın, yeniliyin qarşısını alırlar. Belə məmurlarda təşəbbüskarlıq, çeviklik və sərbəstlik yoxdur. Müasirliyə yaddırlar. Həm də gənclərin yetişməsinə, onların yerləşdirilməsinə və özünütəsdiqinə imkan vermirlər. Baxın, Prezident Baş Nazirin sabiq müavini Əli Həsənovu qəbul edərkən özü dedi ki, 21 ildir Baş Nazirin müavini vəzifəsini tutur. Bir məmur 21 il eyni vəzifəni tutursa, bu, anologiyası olmayan anormallıqdır. Hər şeydən qiymətli zamandır və itirilmiş zamanı geri qaytarmaq, bərpa etmək mümkün deyil. Demək, bu tip məmurlar 21 il Azərbaycan xalqının və dövlətinin zamanını əlindən alıblar. Hələ çaldıqları maddi sərvətləri demirəm. Görün, nə qədər itirmişik? Digər tərəfdən, qocalan təkçə dövlət məmurları deyil, siyasi sistemin özü də, idarəetmə fəlsəfəsi də cəmiyyətin istək və tələbatlarına cavab vermir. Məmurlar birinci şəxsin tapşırıq və göstərişlərini yarı-yarımçıq,
yarıtmaz şəkildə icra etməklə vəzifəsini bitmiş hesab etməməlidir. Və bu gəncləşmə və yeniləşmə bütün sahələri ahətələməlidir. Hakimiyyət qolları sağlam təməl üzərində yenidən inşa edilməlidir”.
Ə. Orucovun sözlərinə görə, təcrübə göstərir ki, idarəçilik metodu və siyasi sistem dəyişmədən yaşlı nəsli gənclərlə əvəz etməklə irəlləyişə və inkişafa nail olmaq mümkün deyil: "Misal üçün, Təhsil Nazirliyini gəcləşdirdilər. Əvvəlcə Mikayıl Cabbarovu, sonra da Ceyhun Bayramovu gətirdilər. Yaxud Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu Sahil Babayev əvəzlədi. Kənd Təsərrüfatı Nazirliyinin başına İnam Kərimovu, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziriliyinin rəhbərliyinə Ramin Quluzadəni, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə Rövşən Rzayevi, Dövlət Gömrük Komitəsinə Səfər Mehdiyevi gətirdilər. Ancaq adlar dəyişdi. Problemlər isə qaldı. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov gəncdir və uzun müddətdir ki, həmin postu tutur. Dövlət əmlakını öz şəxsi əmlakı kimi idarə edir. Həmçinin Maliyyə naziri Samir Şərifov da yaşlı deyil. Müşahidə Şurasının sədri olduğu Beynəlxalq Bankı müflis etdilər, milyardlarla dollar vəsaiti oğurladılar, ona "gözün üstə qaşın qaradır”, - deyən olmadı. Bu cür misalları çox çəkmək olar. Saxta hesabatlar, yalan üzərində qurulan çıxışlar, vədlər, quru statistika, mənimsəmələr, talançılıq, korrupsiya, yerlibazlıq, saxtakarlıq kimi neqativ hallar yenə qaldı".
Müsahibimiz hələlik bir qədər də gözləməyi məsləhət görür. "Gözləyək, görək Rusiyanın adamı olan 10 ildir Baş Nazirin birinci müavini postunu tutan 74 yaşlı Yaqub Eyyubov, 2000-ci ildən Ədliyyə naziri Fikrət Məmmədov, 14 il səhiyyəni bərbad hala salan 69 yaşlı nazir Oqtay Şirəliyev, eləcə də digərləri də "kadr islahatlarının, gəncləşmə”nin təsir dairəsinə düşəcəklərmi. Düşməyəcəklərsə, deməli, ərizəsi alınan yüksək rütbəli məmurlar və nazirlər sayardaxili mübarizənin qurbanlarıdır. Ölkəni mövcud ağır durumdan çıxarmaq üçün problemin kökünü, onu yaradan səbəbləri aradan qaldırmaq lazımdır. Düşünmürəm ki, iqtidar da buna getsin, çünki bu onlar üçün çox risqli addımdır. Həyata keçirilən tədbirlər isə, müalicə üçün deyil, müvəqqəti ağrıkəsici vasitədir. Könül istər ki, həqiqətən də köklü, fundamental islahatlar və dəyişikliklər həyata keçirilsin",- deyə Ə. Orucov fikrini tamamlayıb.
Reyting.az