Arif Hacılı 90-cı illərdən qalma klassik üslubuna bir daha sadiqliq nümayiş etdirib, pafos və böhtan dolu bir yazını "bizim missiyamız” adı altında günüzünə çıxarıb və elə hey məni anti-Müsavat kampaniyası aparmaqda, təhqir və böhtan yazmaqda ittiham edib. Hətta yazdıqca bir az da cuşa gəlib, uydurma fikirlərini dırnaq içərisinə salaraq məni qaralamaq üçün ictimaiyyətə nələrisə təlqin etməyə çalışıb.
Arif
Hacılıya gələn vəhyə görə, "Sizin saxta seçkilərdən danışmağa haqqınız
yoxdur”, "Hakimiyyətin korrupsiya fəaliyyətindən danışmayın" kimi absurd
ittihamları guya mən ya yazmışam, ya da demişəm. Diqqətinizə bir daha
çatdırıram, bütün "Facebook” açıqlamalarım səhifəmdədir, silməmişəm,
mətbu orqanlara dediklərim isə müvafiq saytlarda qalır. Gedin bir də
oxuyun. Görün ki, bütün açıqlamalarımın ruhunda partiya daxilində
barışa, sülhə, həmrəyliyə çağırış var.
Ancaq yüz dəfə də oxusanız,
bu işığı görə bilməyəcəksiniz, çünki mənə və ədalət, şəffaflıq, yenilik,
dəyişiklik istəyən müsavatçılara olan nifrətiniz gözünüzü pərdələyib,
qan çanağına döndərib.
Sizin missiya adlandırdığınız 4 min 500
işarəlik yazınız birinci cümləsindən sonuncuya, təpədən-dırnağa kimi
şər, böhtan, nifrət, irin və çirkabla doludur. Tapşırığınızı icra edən
simasızları qoyuram bir qırağa, təkcə iki qardaşınızın mənim ünvanıma
söylədikləri uyduma böhtan və təhqirlərə görə şeytan da onlara həsəd
aparar. Bunlar heç şeytanın da ağlına gələ bilməzdi!
Hakimiyyəti
kimin korrupsiya və xalqın sərvətini talamaqda ittiham etməsini görmək
üçün gözlük taxmanıza gərək yox. Mənim bütün fəaliyyətim açıqdır,
şəffafdır, göz qabağındadır. Mən bağlı qapılara arxasında sövdələşmələrə
getmirəm, sözümü, fikrimi açıq, üzbəsurat deyirəm.
Missiyanızı
oxuyub, "təsirlənməmək” əldə deyil. Görün, partiyanı nə günə qoymusunuz
ki, partiyadaxili demokratiya və şəffaflıq məsələsində Müsavatı YAP-la
müqayisə edirsiniz. Bax budur, Sizin demokratiya anlayışınız!
Demokratiya faizlə ölçülmür, Arif Hacılı, az və ya çox demokratiya
yoxdur. Demokratiya ya var, ya da yoxdur!
Sizdən fərqli olaraq
mənim yeganə istinad mənbəyim ədalətdir. Ona görə də ölkədə insan
haqlarının pozulmasına, 100-dək siyasi məhbusun olmasına da etiraz
edirəm, 100 illik Müsavatın bu günə qalmasına da. Çünki ədalət istəyən,
ilk növbədə, özü ədalətli olmalıdır!
Qaldı yazdığınız "anti -
Müsavat mövqeyi ilə seçilən Rəsul Quliyev, Zərdüşt Əlizadə, iqtidar
təbliğatının ruporu olan televiziya kanalları, mətbuat orqanları”
ittihamına, mən nə Rəsul Qulyevin, nə də Zərdüşt Əlizadənin həqiqi
Müsavata qarşı çıxdıqlarını görməmişəm. Məgər Rəsul bəy, Zərdüşt bəy və
məni müdafiə edən onlarla digər siyasətçilər düşündüklərini söyləmək
üçün Arif Hacılıdan ərizələrinə dərkənar qoymağı gözləməlidirlər?!
İftira atırsınız, mən iqtidar təbliğatının ruporu olan televiziya
kanallarına, mətbuat orqanlarına müsahibə verməmişəm, partiyada barışıq
olması, ocağın körüklənməməsi naminə dəfələrlə onların dəvətini geri
çevirmişəm. Yalnız ANS kanalında danışımışam. Onda da həmişəki kimi sizə
səslənmişəm: "Müsavatı parçalamayaq, gəlin oturub, hər şeyi müzakirə
edək, problemdən yeganə çıxış yolu ədalət istəyən müsavatçıların
partiyadan qovulması deyil, açıq müzakirədir”, demişəm, bütün sivil
vasitələrdən istifadə etməyə çağırmışam.
Gedin yazdıqlarınızı soyuq
başla bir də oxuyun, ya da ədalətinə ən çox güvəndiyiniz adama
oxutdurun, onda biləcəksiniz ki, bu irin-qan yığnağı Müsavatın missiyası
ola bilməz, bu sizin "qəzəb gəldi, ədəb getdi” missiyanızdır. Bu
missiyanın isə Müsavata dəxli yoxdur!