Rejimin varlığına ciddi təhlükə yaranıb

Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəsin pozulması son vaxtlar intensiv xarakter alıb. Müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutan ermənilər cavab atəşi ilə susdurulsa da, lakin cəbhədəki qeyri-sabit vəziyyət hərbi əməliyyatların daha geniş fazaya qədəm qoyacağını qaçılmaz edir. Bəs görəsən cəbhə xəttində baş verən proseslər nədən xəbər verir?.

Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Oruclu deyir ki, cəbhə xəttində atəşkəs rejiminin müntəzəm pozulması narahatverici haldır. Onun sözlərinə görə, bu təmas xəttindən kənarda yerləşən yaşayış məntəqələrindəki mülki əhali üçün də təhlükə törədir: ”Ermənilər təxribatlarla, atəşkəs rejimini pozmaqla daim insanları qorxu altında saxlamaqla həyatı iflic etməyə çalışır. Eyni zamanda bu işğalçı qüvvələrin başıpozuqluğunun, mərkəzi hakimiyyətə tabe olmamasının, özbaşınalıqların nəticəsi də ola bilər. Lakin ən ağlabatan və inandırıcı versiya ondan ibarətdir ki, atəşkəsin pozulması, cəbhə boyu gərginliyin yaradılması, təxribat-diversiyaya əl atılması düşmən tərəfindən məqsədli şəkildə həyata keçirilir. Ancaq bütün halda Ermənistanla-Azərbaycan arasında genişmiqyaslı hərbi əməliyyatların başlanacağına inanmıram. Çünki müharibənin alovlanması nə rəsmi İrəvana, nə rəsmi Bakıya, nə də regionda maraqları olan supergüclərə sərf etmir. Hər iki tərəfin arsenalında olan silahlara diqqət yetirsək, bu silahların tətbiqi nəticəsində vahimə və dağıdıcılığı təsəvvür etmək heç də çətin deyil”.

Əli Oruclu bildirib ki, Azərbaycan münaqişənin dinc yolla nizamlanmasına hamıdan çox can atır: "Bu bizim təkcə sülhpərvərliyimizdən irəli gəlmir, həm də ona görə ki, hərbi əməliyyatlar yenidən başlasa döyüş meydanı Azərbaycanın ərazisi olacaq. Biz müharibənin ən acı nəticələrini üzərimizdə hiss etməkdəyik. Ermənilərə isə müharibə heç sərf etmir. Onların nə iqtisadi potensialları, nə hərbi, nə də siyasi gücü Azərbaycanda olduğu kimi deyil və onlar güclü bir dövlət qarşısında davam gətirə bilməzlər. Və məğlubiyyətləri qaçılmazdır”.

AMİP rəsmisi hesab edir ki, başı Ukrayna və Yaxın Şərqə qarışan, Yunanıstan kimi bir problemlə üzləşən Qərb və Birləşmiş Ştatlar strateji, hərbi, iqtisadı, siyasi maraqları olan Cənubi Qafqaz kimi bölgədə genişmiqyaslı silahlı münaqişənin yenidən qızışmasını qətiyyən arzulamır: "Bu müharibənin alovlandırılmasında marağı olan yeganə ölkə Rusiya ola bilər ki, bununla da Moskva Rusiya-Qərb, ABŞ qarşıdurmasının coğrafiyasını genişləndirə bilər. Daha çox ehtimal olunan və təhlükəli variant bu ola bilər. Əgər Rusiya istəsəydi, Avropa Oyunlarını pozmaq üçün birbaşa və Ermənistan vasitəsilə təxribata əl atıb, problemlər yarada bilərdı. Lakin Kreml indiki beynəlxalq sanksiyalar şəraitində Bakı ilə əlaqələrinin daha da dərinləşməsinə və inkişafına maraqlıdır. Prezident Vladimir Putinin Rusiyanın müstəqillik bayramı günü Bakıda Birinci Avropa Oyunlarının açılış törəninə qatılması bir jest və xoşməram idi. Amma Moskvanın Qarabağı geri qaytaracağı, əvəzində Azərbaycanın Gömrük İttifaqına qoşulacağı, yaxud, hansısa işğal edilmiş rayonların azad olunacağı ilə bağlı gedən söz-söhbətlərə inanmaq isə sadəlövhlük olardı. Moskva Dağlıq Qarabağ kimi bir "Damokl qılıncını” könüllü şəkildə, yaxud hansısa formada əlindən verməz. Bununla belə Azərbaycan iqtidarının Moskva ilə əlaqələrinin genişləndirilməsinə faydalı olduğu qənaətindəyəm. Amma ölkənin xarici siyasətini birtərəfli qurmaq da təhlükəlidir”.

Əli Oruclu cəbhədə atəşkəs rejiminin pozulmasının Yerevanda keçirilən aksiyalara təsir edib-etmədiyi məsələsinə də toxunub. Bildirib ki, Ermənistan hakimiyyəti Dağlıq Qarabağ kartından həmişə bir alət kimi istifadə edib: "Elə hakimiyyətə gələn siyasi qüvvələr də Dağlıq Qarabağ kartından yararlanaraq gəliblər. Bü gün Ermənistanın hərbi rejimi olan Sarkisyan iqtidarı hakimiyyəti saxlamaq və ölkəni idarə etmək üçün müharibə və Azərbaycan qorxusu faktorundan geninə-boluna istifadə edir. Erməni ictimaiyyətini qorxudurlar ki, guya onların hakimiyyəti olmasa, yaxud xalq ölkədə diktatura əleyhinə etiraza qalxsa Azərbaycan üçün göydən düşmə fürsət yaranar. Azərbaycanda da nə yazıqlar ki, elə düşünənlər var. Lakin erməni xalqı başa düşməlidir ki, qurulan diktatura rejimləri xalqın özünü də dövlətlərini də, hətta böyük bir regionu inkişafdan, tərəqqidən, inteqrasiyadan saxlayır. Eyni zamanda böyük təhlükə mənbəyi olaraq qalır. Ölkədə problemlərin qalaqlandığı və dərin böhran vəziyyətinə gəlib çıxdığı anlarda xaricdə düşmən axtarmaq, yaxud da münaqişələrə girmək, hər hansısa hərbi əməliyyatlar keçirmək, süni qəhrəmanlar yaratmaq və s. kimi metodlar Ermənistan hakimiyyətinin zaman-zaman yararlandığı metodlardır. Bildiyiniz kimi artıq xeyli vaxtdır ki, elektrik enerjisinin tariflərinin artırılmsından sonra etirazlar səngimir. Daxili qarşıdurmalar getdikcə gərginləşməkdədir. Rejimin varlığına ciddi təhlükə yaranıb. Belə halda Sarkisyanın təmas xəttində atəşkəsi intensiv pozaraq diqqəti daxili böhrandan yayındırması taktikası gözlənilən idi. Düşünürəm ki, Ermənistanda hakimiyyətə təzyiqlər artdıqca, böhran daha da dərinləşdikcə, təmas xəttində də divversiyaların, atəşkəsin pozulması daha şiddətli və davamlı hal alacaq. Ona görə də Azərbaycan tərəfi ayıq-sayıqlığını həmişəki kimi qorumalı, düşmənin hər bir pozucu hərəkətinə daha sərt və effektli cavab verməkdə davam etməlidir”.