M.Ə.Rəsulzadənin
Azərbaycan sevgisi düşüncələrindəki Azərbaycan amalından gəlirdi. Ona görə də
Azərbaycan üçün rahatlığından keçdi, canını bu yolda fəda etdi, zamanın mükafatına,
şöhrətinə uymadı, aldanmadı.
O, ulusal (xəlqi) sevgisində insaniliyi yaşadırdı. Onun onillər boyunca
haysız-küysüz, nümayişsiz, ardıcıl fəaliyəti fədakarlığa-özündənkeçməyə,
umacaqsızlığa əsaslanırdı.
Azərbaycanın azadlığına inamında sarsılmadı.
***
Ömrünün hər anı mübarizəydi: yazarlığıyla, təşkilatçılığıyla. O,
Azərbaycan-Türk dövlətçiliyinin sarsıdıldığı bir çağda özündə tarixin verdiyi
şansı gerçəkləşdirmək gücü tapdı, bu işin ideyavericisi, qurucusu oldu.
Azərbaycan Xalq
Cümhuriyyəti M.Ə.Rəsulzadənin ölməz əsəridir. Bunu
tarixdən üstün hadisə saymaq olar. O, çağının ictimai-siyasi gedişatını hər
yöndən təhlil edə, dəyərləndirə bilirdi.
Ancaq Cümhuriyyhət quruculuğunda müəyyən yanlışlar da
oldu.
Azərbaycan Xalq Cümhuriyyəti misilsiz əzab, canından keçən insanlar bahasına
quruldu. Bölgədə üstünlük uğrunda Qərblə Rusiya arasında hər mənada savaş
gedirdi. Cümhuriyyət qurucuları Qərblə münasibətlər qurmağa üstünlük verdilər,
Rusiya təhlükəsini tam anlaya, onu mümkün qədər önləyə bilmədilər…
***
Cümhuriyyətin çöküşündən sonrakı onillərdə Rəsulzadənin dönməz Azərbaycan
sevdalısı olması onun ərdəmliyi idi. Stalinlə ilıq münasibətlərinə baxmayaraq
zamanın şirnisinə aldanmadı, ləyaqətini qorudu, sona kimi Azərbaycanı əsarətə
salan sovetizmlə, rusçuluqla döyüşdü.
***
İnam Ata (Asif Ata) Türkçülüyün Ruhani, Tarixi, İdeoloji kimi üç əsas yönünü
göstərir. Ataya görə, ideoloji türkçülüyün Ziya Göyalp, Əlibəy Hüseynzadə,
Məhəmməd Əmin Rəsulzadə kimi təmsilçiləri vazır: "İdeoloji türkçülük
türkün xilasını Türk Dünyasının bərqərar olmasında görürdü, türkləri bu birliyə
çağırırdı. İdeoloji Türkçülüyün fəlakəti pantürkizmin dinçilik və Qərbçiliklə
birləşməsi idi. Qərbin tanrısı varidat və siyasətdir: bunların hər ikisi türk
mahiyyətinə qarşıdır. Möhtəşəm əraziyə, güclü ruhaniyyata, hərbi gücə malik
olan Türk Dünyası Birliyini yarada bilmədi. Əksinə, dünyadan asılı vəziyyətə
düşdü, türklük kimi əzəli mahiyyətindən uzaqlaşdı".
***
Bu gün də yüz il öncə bizi təhdid edən təhlükələr yenə qalır. Tariximiz boyunca
hansı səhvləri buraxdıq, niyə bir-birimizi sevmədik, niyə zəngin ulusal
ruhumuza, mənəviyyatımıza bərabər zəngin dövlətçilik ənənəmizi yaşada
bilmədik?
Əsas səbəb – Türk xalqının ruhundan doğan, varlığını təsdiq edən İnamının
olmamasındandır.
Söz-əməl birliyinə yetməliyik. O zaman ulusumuzun yolunda canından keçənlərin
də gözəl əməllərinə yiyə durmuş olacağıq.
Ulusallıq (xəlqilik) – aqibət, özümlük, bənzərsizlik təsdiqidir. Bəşərilik elə budur.
Hər kəs öz əməli boydadır.
İşıqlı ATALI
Mütləqə İnam Ocağının Yükümlüsü