"Biz
Rusiyanın Suriyada İranı aldatdığının şahidi olduq". Bunu İranın
Birləşmiş Millətlər Təşkilatındakı keçmiş səfiri Əli Hurrəm deyib.
İranda mövcud olan və prezident Həsən Ruhani hökumətinə yaxınlığı ilə
tanınan bir sayta danışan Hurrəm Rusiyanı sərt şəkildə tənqid edib:
"Rusiya
İranla birlikdə Bəşər Əsədi və İraqı bir müddət dəstəklədi. Sonra
güclərini geri çəkib atəşkəs elan edən Rusiya bölgədə güclənən İranın
rolunu zəiflətdi. Səudiyyə Ərəbistanı və Türkiyə Rusiyanın bu işindən
son dərəcə məmnun oldular".
İranın Suriyanın ərazi bütövlüyünü
qorumaq istədiyini iddia edən Hurrəm Rusiyanın bu addımı ilə İranın
strategiyasını yerə vurduğunu deyib.
"Onların (Türkiyə və
Səudiyyə Ərəbistanı) Suriya oyununun qalibləri olduğunu söyləyə bilərik.
Rusiya və yanındakı Çin hər fürsətdə ABŞ-la əlaqə qurmağa çalışır.
Bütün ölkələr əlaqə qurma axtarışındaykən, ölkə içindən bəziləri
hökumətə (Ruhani hökumətinə) nə üçün Avropa ilə əlaqə qurursunuz deyir.
Biz Rusiyanın Suriyada istədiyi hər yerdə İranı aldatdığını gördük.
İranın dünyadakı güclü ölkələrin hamısı ilə əlaqəsi olsa, nə Çin, nə
Rusiya, nə də Avropa İranı aldada bilməz. Rusiyanın Suriyadakı bütün
səyləri ABŞ-la əlaqələrini yaxşılaşdıraraq bu ölkə ilə Ukraynada
yaşadığı problemləri həll etmək idi. Rusiya hazırda ABŞ-la
alış-verişdədir" - deyə Hurrəm qeyd edib.
İranın Rusiya ilə bağlı belə bir qənaətə gəlməsi nə ilə bağlıdır?
Azərbaycan
Milli İstiqlal Partiyasının katibi Elşən Mustafayev qəzetimizə
açıqlamasında bildirdi ki, Rusiya hər zaman öz siyasətində
müttəfiqlərini yarı yolda qoyub və belə siyasəti özü üçün normal qəbul
edib: "Bir az keçmişə baxanda İraqda Səddam rejiminə, isti münasibətləri
olan Qəddafiyə də eyni münasibəti sərgiləyib. İrana qalanda isə, bu iki
dövlətin bir-birilə münasibətlərində hər zaman qeyri-səmimilik olub.
Onları münasibətləri qurmağa vadar edən yalnız səbəblər olub. Eyni
zamanda onların ciddi olaraq müttəfiqlik keçmişi də olmayıb. Əksinə,
80-ci illərdə baş vermiş İran-İraq müharibəsində Rusiya (SSRİ)
hərtərəfli qaydada İraqa dəstək verirdi. Suriya məsələsində isə Rusiya
əvvəldən də öz oyununu oynayıb. Amma Rusiyanın Suriyadan geri çəkilməsi
də deyilənlər və görünənlər kimi qəbul olunmamalıdır. Çünki Rusiya
Suriyada olan bazasında hərbi qüvvə saxlayıb, bu qüvvələr bu gün də
aktiv hərbi əməliyyatlarda iştirak edir. Amma bu əməliyyatların
əvvəlkilərdən fərqi ondan ibarətdir ki, onlar əsas hədəflərini İŞİD-ə
qarşı tuşlayıb. Bu da ondan irəli gəlir ki, 5 aylıq total hərbi
əməliyyatlar zamanı onlar elə bir ciddi uğur əldə etmədilər. Əvəzində
ABŞ-ın və Qərbin ciddi basqılarına məruz qaldılar.
İran isə
"Hizbullah" vasitəsilə döyüşlərini Suriya müxalifəti ilə aparıb. İndi
isə ortada tək qalıb. Budur onları narazı salan. Amma İran başa
düşməlidir ki, Rusiya uğurları ilə bağlı apardığı təbliğat
kampaniyasının əksinə olaraq Suriyada məğlub olub. Bu gün hamıya
məlumdur ki, ilin sonuna qədər Əsəd hakimiyyətdən gedəcək və belə
görünür ki, Rusiya buna razılıq verib. Əvəzində gələcəkdə də "Hmeymim"
aviabazasının qalmasına beynəlxalq güclərin razılıq verməsinə ümid edir.
Bəlkə də sözdə belə bir razılıq verilib, amma ona nə dərəcədə əməl
olunacaq, o bilinmir".