Rusiya konservləşmiş problemi hər zaman aktivləşdirə bilər.

Elşən Mustafayev: Şərq Tərəfdaşlığı Proqramının icrası heç də düşünüldüyü kimi olmadı

Bundan sonra da Rusiya prosesə mane olacaq

Moldovanın Aİ ilə assosiasiya haqqında sazişi 28 ölkədən 24-ü tərəfindən ratifikasiya edilib. Bu barədə Moldova xarici işlər və Avrointeqrasiya naziri Anna Taban bildirib. Xatırladaq ki, Moldova Aİ ilə assosiasiya və azad ticarət haqqında sazişi 2014-cü il iyunun 27-də imzalayıb.

Saziş ölkənin o zamankı baş naziri Yuri Lanke, Avropa Komissiyasının sədri Жoze Manuel Barrozu, Avropa Şurasının rəhbəri Herman Van Rompey və Aİ-nin 28 ölkəsinin liderləri tərəfindən imzalanıb. Müxalifət nümayəndələri ratifikasiya əleyhinə çıxış ediblər.

Hazırda saziş yalnız 4 ölkə - Avstriya, İtaliya, Yunanıstan və Kipr tərəfindən ratifikasiya olunmayıb, deyə nazir bildirib.

Qeyd edək ki, Şərq Tərəfdaşlığını əhatə edən bu layihədə bəzi keçmiş sovet respublikalarına sazişə imza atdırılması qarşıya məqsəd qoyulmuşdu. Artıq Avropa Birliyi ilə Ukrayna arasında imzalanan Asossasiya Sazişi qismən qüvvəyə minib. Sazişin yalnız Avropa Birliyi ilə Ukrayna arasında azad iqtisadi zona yaradılması haqqında bölümünün icrası 2015-ci il dekabrın 31-dək ertələnib. Bununla belə, Avropa Birliyi Ukrayna üçün birtərəfli qaydada ticarət güzəştlərini qüvvədə saxlayıb. Hələ ötən ilin axırında Ukrayna prezidenti Petro Poroşenko və Avropa Birliyinin rəhbərləri Herman van Rompey və Жoze Manuel Barrozu birgə bəyanat yayaraq, Assosiasiya Sazişinin qismən qüvvəyə minməsini əməkdaşlığın önəmli addımı kimi qiymətləndiriblər: Assosiasiya sazişinin qüvvəyə minməsi Ukrayna xalqının Avropa Birliyi ilə sıx əməkdaşlığa ardıcıl dəstək verməsinin göstəricisidir.

Qeyd edək ki, Gürcüstan da Avropaya doğru konkret istiqamət götürüb. Azərbaycan müstəqil siyasət yürütməyə üstünlük verir. Ermənistan isə öz seçimini Kollektiv Təhlükəsizlik Təşkilatı istiqamətinə edib.

Bütün bunlar Şərq Tərəfdaşlığı Proqramının iflası anlamına gələ bilərmi?

Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev qəzetimizə bildirdi ki, sözügedən layihənin gedişindən də görünür ki, prosesə maneələr var: Dünya düzənində hər zaman maraqların təmin olunması istiqamətində gərgin mübarizə gedib. Düzdür, bu bölgü müxtəlif adlar altında aparılır. Ancaq böyük güclər üçün mahiyyət tam anlaşılandır. Qərb keçmiş sovet respublikalarını Rusiyanın caynağından qoparmaq istəyir. Bu nəhəng dövlət də buna heç bir vəchlə razı olmur və bu səbəbdən də müqavimət göstərir. Gürcüstan və Ukraynada yaşananların hamısı həmin dövlətlərin oriyentasiyasını konkretləşdirməsi səbəbindən oldu. Moldova da seçimini edib. Orda da münaqişə ocağı var və Rusiya konservləşmiş problemi hər zaman aktivləşdirə bilər. Digər bir tərəfdən isə, Moldova ilə sərhəddə eyni millət olan Rumıniya dövləti Avropa İttifaqının üzvüdür. Bu səbəbdən də, onların qarşısını almaq çətindir. Ermənistanla bağlı vəziyyət tam bəllidir. Bu gün orda yaşananlar da Rusiyaya olan mesajdır. Çünki hazırkı Ermənistan rəhbərliyi Qərbə yox, Rusiyaya isə hə deyib. Fərqli vəziyət bizimlə bağlıdır. Uzun illərdən bəri formalaşan balanslı xarici siyasət kursunun davamı bizə bu avantajı yaşatdı. Hətta Avropanın əksər ölkələri belə Azərbaycanın Sazişə qoşulmamasını anlayışla qarşılayır. Çünki biz birindən imtina edib digərinə üz tutmamışıq. Bütün bunlar onu deməyə əsas verir ki, Şərq Tərəfdaşlığı Proqramının icrası heç də düşünüldüyü kimi olmadı. Bundan sonra da Rusiya prosesə mane olacaq.

Məhəmmədəli QƏRİBLİ