Rusiya Vyana sazişinin şərtlərinə heç vaxt əməl etməyib

"OPEC-in neft bazarları üzrə yanvar məruzəsində kartel xaric müstəqil hasilatçı ölkələrdə 2018-ci ildə gündəlik neft hasilatı 1,4 milyon barel artacağı proqnozlaşdırılır. OPEC kənar ölkələrdə 2018-ci ildə gündəlik neft hasilatı 59,3 milyon barel təşkil edəcək. Cari ildə dünyanın gündəlik neftə olan tələbatı 98,6 milyon barel təşkil edəcək”.

Cebhe.info xəbər verir ki, bunu neft məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

Ekspert qeyd edib ki, OPEC ekspertlərinin hazırladığı proqnozlar heç də həmişə özünü doğrultmur:

"Neft hasilatında artım əsasən ABŞ, Meksika, Braziliya, Böyük Britaniya, Qazaxıstan və Çini əhatə edəcək. Nədənsə, OPEC öz məruzəsində Kanadanı qeyd etməyib. Baxmayaraq ki, hazırda Kanada da sürətli qazma aktivliyi müşahidə edilməkdədir. Hazırda Kanadada aktiv neft qazma qurğularının sayı 225 civarındadır.

Bütün hallarda fiziki bazarların zəifliyi, hasilatın artımı neft bazarlarında dəyişkənliyi (volatility) bir azda dərinləşdirəcək”.

Zəfər Vəliyevin sözlərinə görə, Rusiya Vyana sazişinin şərtlərinə heç vaxt əməl etməyib:

"OPEC sədri Məhəmməd Barkindo bildirib ki, Vladimir Putin və Aleksandır Novak onu şəxsən əmin ediblər ki, Vyana sazişinin şərtlərinə sona kimi əməl edəcəklər. Əslində Rusiya Vyana sazişinin şərtlərinə heç vaxt əməl etməyib. Əksinə, Vyana sazişi qüvvəyə minəndən sonra Rusiya özünün dəniz limanlarından dünya bazarına daha çox neft həcmləri ixrac etməyə başladı”.

OPEC-in Monitorinq Komitəsi sazişin şərtlərinin yerinə yetirilməsinə necə nəzarət edir? Bununla bağlı vahid nəzarət və məhsuldar ölçü sistemi varmı və bunu OPEC+ sazişi iştirakçıları təmin ediblərmi?

Ekspert vurğulayıb ki, tək Rusiyanın yanacaq-sürtgü materialları bazarında (YSMB) kontrafakt (saxta, mənşəyi bəlli olmayan) neft məhsulların illik dövriyyəsi 10 milyon tondur:

"Bu, o deməkdir ki, deməli, ölkədə kifayət sayda gizli neft emalı ilə məşğul olan kiçik zavodlar (çaynik və samovarlar) mövcuddur. Hansı ki, həmin zavodlarda emala düçar edilmiş neft sanksiyalaşdırılmamış müdaxilə nəticəsində əldə edilir. Məsələn, dəqiq bilirəm ki, Şimali Qafqazda mövcud olan kiçik neft emalı zavodlarının əksəriyyəti oğurluq neftlə işləyir. Deyim ki, belə hallar dünyanın bir çox ölkələrində mövcuddur”.