Rusiyadakı ermənilərin də çoxu Paşinyandan daha çox Köçəryana nifrət edirdilər

Ermənistan müxalifəti deyir ki, Paşinyan ümumi əhalinin cəmi 28% səsini alıb və bu, elə böyük rəqəm deyil, xalq əslində Nikolu, onun kursunu dəstəkləməyib. Çünki seçkilərdə 49.4% seçici iştirak edib, onun da 54%-i Paşinyanın partiyasına səs verib. Bu da ümumi elektoratın 28%-ni təşkil edir.

Əslində doğrudur. Ermənistan əhalisinin 51%-i sadəcə, özünün və ölkənin taleyinə laqeyd qalaraq seçkilərə getməyib. Onların bir hissəsi heç ölkədə yoxdur. İndi ortaya belə bir sual çıxır: radikal-revanşist müxalifət bu laqeyd kütləni nə vaxtsa öz tərəfinə çəkə, ondan Paşinyana və Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı istifadə edə bilərmi?

Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda seçkidən sonra uduzan tərəfin nəticə ilə barışmayacağı, udan tərəfi müxtəlif üsullarla ittiham edəcəyi öncədən məlum idi: “Əslində Paşinyanın çox səs toplayacağı proqnozlaşdırılırdı. Əgər bu proqnozlar hamıya məlum idisə, o zaman Robert Köçəryan və onun hamilərinin seçki sonrası planları seçkidən öncə hazır idi. Amma bu planların baş tutub tutmayacağına özləri belə əmin deyillər. Ölkədə yaşayan real seçici sayına baxsaq, əhalinin böyük əksəriyyəti seçkidə iştirak edib. Məlumdur ki, Ermənistan əhalisinin bir hissəsi Rusiyada məskunlaşıb. Məntiqlə həmin seçicilər Rusiyada yaradılan seçki məntəqələrində Köçəryana səs verməli idilər. Diaspora, Rusiyanın maraqlı dairələri nə qədər çalışsalar da həmin seçicilərin səs verməsini normal təmin edə bilmədilər. Rusiyada yaşayan Ermənistan vətəndaşlarının böyük əksəriyyəti seçkidə səs verməyə gəlmədi. Rusiyadakı ermənilərin də çoxu Paşinyandan daha çox Köçəryana nifrət edirdilər.

Bütün bunlara  baxmayaraq Paşinyan əleyhdarları situasiyanı xeyirlərinə dəyişmək üçün hazırkı durumda maksimum cəhdlər etməyə çalışacaqlar. Buraya bəzi məntəqələrdə səslərin yenidən sayılmasına nail olmaqla cəmiyyətdə seçkilərin saxta keçirilməsi fikrini aşılamaqdan tutmuş, səs verən seçicilərin faizinin aşağı olmağını önə çəkməklə parlamentin xalqın iradəsini əks etdirmədiyi rəyini yaratmağa qədər, bir çox vasitələr daxildir. Amma müxalifət bir məsələdə yanılır ki, arxasınca getdiyi, lider hesab etdikləri Köçəryanı hətta Paşinyan əleyhdarlarının əhəmiyyətli hissəsi qəbul etmir. Nikol Paşinyanı müəyyən mənada Robert Köçəryan qalib etdi. Bu seçkidə ermənilərin böyük hissəsi Köçəryanı, ümumiyyətlə, korrupsiyada ad çıxartmış Qarbağ klanını qəbul etmədikləri üçün, eyni zamanda onların müharibə, revanş ritorikasında təbliğatlarının əleyhinə olaraq prinsipial olaraq Paşinyana səs verdilər. Çünki 44 günlük müharibənin nəticələri gözlərinin qabağındadır. Müharibəni uduzmuş, ölkəsində Qarabağı təslim edən bir kapitulyant kimi ittiham olunan Paşinyanın qalıb gəlməsi səbəblərindən biri də məhz bu idi".

Politoloq dedi ki, Rusiya himayəsində olan hazırkı müxalifət komandası bundan sonra da müxtəlif addımlar atmağı, manevrlər etməyi planlaşdırsalar da yuxarıda sadalanan səbəblər üzündən onların Paşinyanın siyasətinə ciddi təsir etmək imkanlarının məhdud olacağı gözlənilir: “Təbii ki, Nikol Paşinyan da yerində sakit durmayacaq. Hazırda bütün vasitələrlə möhkəmlənməyə çalışacaq və bir müddət sonra rəqiblərini sıradan çıxartmaq üçün planlarına start verəcək. Yəni Paşinyanın mövqelərinin güclənəcəyi, istədiyi siyasəti yürütmə imkanlarının olacağı indidən real görünür. Bu isə Paşinyanın güclü, xalqın etimad etdiyi bir siyasətçi olması ilə deyil, onun rəqiblərinin xalq arasında çox aşağı reputasiyasının olması, onlarla müqayisədə Paşinyana üstünlük verilməsi ilə bağlıdır”.“Yeni Müsavat”