Rusiyanın istəklərini pozmaq gərəkdir

Toplumun üzdə olan aktiv kəsimi bilir ki, Rusiya üçün tarixlərinin önəmli bir səhifəsini yazan Pyotr Azərbaycanla və Türkiyə ilə bağlı plan sərgiləmişdir (çoxları bunu Pyotrun rus millətinə vəsiyyəti kimi eşitmişdir). Bu planla onlar Qafqazda Azərbaycanın bir dövlət kimi varlığına son vermək istəyi güdürlər. Azərbaycan dövlətçiliyini biryolluq yenməklə Türkiyəni parçalayıb əsarətə götürmək (PKK və başqa terror örgütləri də bunun üçün yaradılmışdır) və İstanbula bayrağını sancmaqla dünyaya ağalıq eləmək. Rusların bu əməlləri Pyotrun istəyinin davamıdır ki, bu günə kimi davam edir.

Pyotrun çağırışından bu günə kimi yüzillər keçib, dünya düzəni dəyişib, indi dünyanın yönətiləsi şərtləri başqadır, ancaq rusların istəkləri dəyişməyib. Azərbaycanı Arazboyu bölməklə onun gücünü ən aşağı həddə salmaq, Dəmirqapını işğal eləməklə özünün strateji etkilərini artırmaq, Azərbaycanın Quzey parçasının böyük bir coğrafiyasında özü üçün oyuncaq Ermənistan dövləti yaratmaq, sonra addım-addım gah Qazaxdan, gah Dağ Borçalıdan, gah (indi Ermənistan sayılan) ayrı-ayrı mahallarımızdan parçalar qoparıb Ermənistana calamaq, Qarabağı, qırağındakı rayonlarımızla bir yerdə, işğal eləyib erməniləşdirmək – Azərbaycanı aşama-aşama yox etmək gedişləridir. Bu proses bütün dünya güclərinin gözü qarşısında baş verir, ancaq hər kəs bu gedişə göz yumur. Batı üçün də Azərbaycanın parçalanması deyə bir rahatsızlıq olmayıb. 90-cı illərdə Batı üçün önəmli olan SSRİ-nin parçalanması idi. İndi də onun qayğısı Rusiyanın güclənib genişlənməsinin qarşısını almaqdır. Ancaq bu qayğıda Azərbaycanın güclənib Rusiyaya dirəniş göstərməsi üçün heç bir niyyət yoxdur. Elə ona görə də ATƏT-in Minsk Qrupu deyilən beynəlxalq bir qurumun 23 ildir çalışması başqatmaqdan başqa bir şey deyil. Azərbaycanın öz iradəsiylə çözülməli bir məsələnin illərdir qarşısı alınır. Bu qurum olmasa durum bir anda dəyişilə bilər. Budur, Rusiyanın istəyi ilə atəşkəsi pozan erməni ordumuzun geriyəhücumu qarşısında miskin duruma düşdü. Xalqımızın illərdir zorla susdurulmuş qeyrəti ayağa durub vətənimizin azadlığını istədi. Bir anda dünyanın hər yerindən soydaşlarımız ayağa durub vətən sevgilərini ifadə elədilər. İndi də insanlarımız, haqlı olaraq, öz dövlətindən qeyrət və iradə ortaya qoymaq tələb edir. Ancaq hardadır bu iradə?! Adam indiki durumda çox şeyi demək istəmir. Ancaq eyni halda, bəzi məqamların deyilməsi gərəkdir. Əslində xalqımızın bu gün öz hakimiyyətindən savaşı davam etdirməyi tələb eləməsi, 90-cı illərdə Bişkekdə bağlanan atəşkəs bağlaşmasını da, indi Moskvada bağlanan atəşkəs bağlaşmasını da ifşa eləməkdir. O çağlardakı atəşkəs bağlaşması 23 il xalqın qeyrətini susmağa zorladı, erməni yurdumuzda oturuşub sərvətlərimizi mənimsədi, insanlarımız isə işsizlik ucbatından Rusiyaya və başqa ölkələrə səpələndi.

Qarabağın haraya qədər işğal olunması planı bəlli idi. Ona görə H. Əliyev hakimiyyətə gələndən sonra atəşkəs bağlaşmasını dərhal bağlamadı, bəlli beş rayon da getməli idi. Çünkü o aşama üçün işğal planında həmin rayonlar da vardı. Ancaq elə görüntü yaratdılar ki, guya xalqımızın anlamsız qırılmasının qarşısını aldı.

Rusiya Qarabağı işğal elədi, H. Əliyev hakimiyyəti bu faktı ifşa eləmək yerinə Rusiya ilə ilişkilər qurdu, Rusiyada özlərinin bizneslərini həyata keçirdi, işsiz qalan, siyasi baxımdan sıxışdırılan bir çox insanlarımızı Rusiyaya axıtdı. Hər zaman elan elədi ki, bizim Rusiya ilə heç bir sorunumuz yoxdur. Baxın, Rusiya aşama-aşama Azərbaycanın varlığına son vermək gedişlərini həyata keçirir, bunlar deyir Azərbaycanın Rusiya ilə sorunu yoxdur. Azərbaycan hakimiyyətinin Rusiya ilə sorunu olmaya bilər, ancaq Azərbaycanın Rusiya ilə sorunu ən yüksək səviyyədədir. Rusiya Azərbaycanı ilbəil təhlükələrin içərisinə dartır...

Azərbaycan hakimiyyəti iradəsiz hakimiyyətdir. Ona görə bu hakimiyyəti təmsil edənlərin Azərbaycanla bağlı qlobal hədəfləri bəlli deyil. İndiki davranışları da anlamsız görsənişlərdir. Qorxaq hakimiyyət dövlətçiliyi qoruya bilməz. Baxın, ordumuz canı bahasına qabağa getdiyi yerdə, Rusiya bizim qorxaq hakimiyyətimizi yenə ayağına çağırdı və Moskvada atəşkəs bağlaşmasına qol çəkdirdi. Eynən Bişkekdə olduğu kimi. O vaxt Rusiyanın "ayağı” Bişkek idi – hakimiyyətimizi oraya çağırıb atəşkəsə qol çəkdirdi (o dövr üçün işğal planı başa çatmışdı). İndi "ayağı” Moskvadır – bu dəfə də hakimiyyətimizi buraya çağırıb qol çəkdirdi. Görünür yenə də bizim, ordumuzun yerinə, Qarabağla bağlı, beynəlxalq qurumlar "işləyəcək”. 23 ildə beynəlxalq qurumlar nə iş gördü ki, indən sonra da nə iş görsün. Üzdə bizimkilərin iddialı danışması, guya erməniləri öz şərtlərinə məcbur edəcəklər, anlamsız bir şeydir. Yarımçıq uğurla bütöv istəkləri gerçəkləşdirmək mümkünsüz olacaq. Qarabağ bütövlükdə o vaxt azad olacaq ki, öz iradəmizlə hərəkət edəcəyik. Qarabağ sorunu milli sorundur, onu millət çözməlidir. Dünyada beynəlxalqlaşdırılan heç bir sorun axıra kimi çözülmür. Çünkü böyük güclər öz mənafelərini həmin beynəlxalq sorunlar üzərində qoruyurlar. Azərbaycan hakimiyyəti də özünü qorumaq üçün beynəlxalq soruna çevrilən dərdimizi yarıtmaz beynəlxalq qurumların əlindən alıb milliləşdirməyə çalışmır. Başqa sözlə, qaşınan yerini özü qaşımaq istəmir. Hakimiyyətimiz Azərbaycansevər olsaydı, özünün siyasi, iqtisadi varlığını Rusiyadan açmağa çalışardı. Addımbaşı özünü qorumaq xatirinə Azərbaycanı geriyə çəkməzdi.

Çağdaş dünya gücü tanıyır və qəbul edir, anlamsız barışsevərliyə isə istehza edir. Ona görə özünü humanist, üzüyola, sözəbaxan aparmaq yox, ortaya güc qoymaq gərəkdir. Bu güc millətimizdə, ordumuzda var, hakimiyyətimizdə isə iradə yoxdur. Biz də üzümüzü hakimiyyətimizə tutub deyirik: lütfən bizi aldatmayın, ya dövlətimizin imkanlarını vətənimizin azadlığına, xalqımızın sağlam olaraq ayaqda qalmasına yönəldin, ya da qırağa durun!

Yükümüzdən böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

7 Çiçək Ayı, 38-ci il.

(aprel, 2016.)

Soylu Atalı