Sarkisyan danışıqların mahiyyətini təhrif edir

Arzuxan Əlizadə: "Sarkisyan danışıqların mahiyyətini təhrif edərək beynəlxalq ictimaiyyəti aldatmaq istəyir"

"Reallıq odur ki, ortada problemin həllinə dair bir neçə variant olsa da, hər dəfə ermənilər onu pozub"

Hər zaman olduğu kimi, bu dəfə də Ermənistan prezidenti Serj Sarkisyan mətbuata təxribat xarakterli açıqlamalar verərək sülh danışıqlarını təhrif etməyə çalışır. Belə ki, o, xarici mətbuata son müsahibəsində bildirib ki, guya Ermənistan 5 rayonun qaytarılmasına hazır olub.

Sarkisyan "Bloomberg"ə müsahibəsində deyib ki, o, 2011-ci ildə Kazan şəhərində Azərbaycan Prezidenti ilə aparılan danışıqlarda erməni qoşunlarını 5 rayondan çıxarmağa və regiona sülhməramlıların yeridilməsinə razılıq verməyə hazır idi. Ancaq Azərbaycan tərəfi yeni şərtlər irəli sürüb.

Bununla yanaşı, o qeyd edib ki, hərbi əməliyyatlar Moskvada baş qərargah rəisləri arasında əldə edilmiş razılaşma ilə dayandırılsa da, münaqişə zonasına rus sülhməramlılarının yeridilməsindən söhbət gedə bilməz: "Hərçənd əvvəllər danışıqlar zamanı Rusiya qoşunlarının münaqişə zonasında yerləşdirilməsinin müzakirə olunduğu haqda xəbərlər əsassız deyil, ancaq mən indi belə imkan görmürəm. Əgər heç bir danışıqlar yoxdursa, Rusiya qüvvələri Qarabağda necə peyda ola bilər?".
Həmçinin, o, danışıqların başlaması üçün şərtlər irəli sürərək deyib ki, həmsədr ölkələr təmas xəttində insidentlərin araşdırılması mexanizmini qəbul etdirməli və "bir daha bu cür hadisələrin baş verməyəcəyinə dair" təminat verməlidir.

Göründüyü kimi, Sarkisyan danışıqlar prosesinin mahiyyətini öz bildiyi kimi təhrif edir. Siyasi ekspertlər bunu necə dəyərləndirir?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bu, Sarkisyanın növbəti uydurmasıdır: "Əvvəla Ermənistan heç vaxt ətraf rayonların qaytarılmasında maraqlı olmayıb. Kazan danışıqlarına gəldikdə isə, orada 5 rayon yox, 6 rayon və üstəgəl Laçın şəhəri istisna olmaqla, rayonun kəndlərinin geri qaytarılması nəzərdə tutulub. Həmin sənədə əsasən, əvvəlcə tənzimlənmənin əsas prinsipləri imzalanmalı, daha sonra isə Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan sülh sazişi üzərində işə başlamalıdır. Sənəddə nəzərdə tutulur ki, İrəvan Dağlıq Qarabağ ətrafındakı rayonlardan işğalçı qoşunlarını çıxarmalıdır. Bu ərazilərə Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları və Laçının kəndləri daxildir. Həmin ərazilərdə təhlükəsizliyin qorunması beynəlxalq sülhməramlı qüvvələrə həvalə oluna bilər. Laçın rayonunda isə Ermənistanla Qarabağı birləşdirən dəhliz yaradılır. Dağlıq Qarabağın hüquqi statusu isə bir neçə ildən sonra referendum yolu ilə müəyyənləşdirilməlidir. Bir şərtlə ki, köçkünlər öz yurdlarına qayıtsın. Bu sənəddə əsas müddəa isə Bakı və İrəvanın mübahisələrin həlli üçün güc tətbiqindən hüquqi öhdəlik şəklində imtina etmələridir. Reallıq odur ki, ortada problemin həllinə dair bir neçə variant olsa da, hər dəfə ermənilər onu pozub. O baxımdan danışıqlarda yalnız 5 rayondan söhbət getdiyi haqda fikirlər absurddur. Bu, Azərbaycanın milli maraqlarına cavab vermir. Kazan görüşünün sənədlərini heç kim saxtalaşdıra bilməz. Sarkisyan danışıqların mahiyyətini təhrif edərək beynəlxalq ictimaiyyəti aldatmaq istəyir".

Vidadi ORDAHALLI