Seçkidən sonra erməni hiyləgərliyinin çox şahidi olacağıq

Erməni mediası yazır ki, seçki kampaniyası dövründə Azərbaycanda saxlanan əsirlərin (diversantların) geri qaytarılması barədə spekulyasiya etmək, sadəcə, qəbulolunmazdır: “Bunun baş verməyəcəyi aydındır və spekulyasiya edənlər, sadəcə, gərginliyi artırırlar. Əsirlərin geri qaytarılması prosesini daha da çətinləşdirirlər. Beləliklə də Azərbaycan üçün onların qaytarılması məsələsində “qiymət” artır. Kimsə özünü aldatmasın. Onların müqabilində mina xəritələri verilməsə, Azərbaycan əsirləri qaytarmayacaq”.

Yeri gəlmişkən, bir müddət əvvəl Ermənistanda revanşistlərə yaxın olan mətbuat orqanları iddia edirdilər ki, guya Azərbaycan seçki ərəfəsində diversantları geri qaytaracaq. Bunu onunla əsaslandırırdılar ki, belə bir addım Paşinyanın seçkidə uğur qazanmasından ötrü atılacaq. Ancaq məlum olur ki, sözügedən məsələ ilə bağlı ortaya atılan fikirlərin heç bir əsası yoxdur. Əksinə, Azərbaycan bir sıra cinayətlər törədən diversantların mühakiməsini həyata keçirir.

“Nikol bundan öz xeyrinə istifadə edə bilməyəcək”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev baş verənlərə bir neçə prizmadan yanaşdı: “Məlum olduğu kimi, Ermənistanda seçki günü yaxınlaşdıqca gərginlik də artır. Seçki ərəfəsində qaynar siyasi mühit elə bir həddə çatıb ki, erməni siyasətçilər bir-birinə ən aşağılayıcı təhqirlərdən çəkinmirlər. Bütün bunların fonunda belə bir vəziyyətdə erməni cəmiyyətindən Azərbaycan xalqına və dövlətinə hər hansı ağıllı təkliflərin verilməsini gözləmək mümkün deyil. Seçki kampaniyası dövründə siyasilər məğlub olduqları halda, revanşist çağırışlarından əl çəkmirlər. Erməni cəmiyyəti hələ də dərk edə bilmir ki,  diversantlar axı hərbi əsirlər deyillər. Onların asanlıqla təhvil verilməsi beynəlxalq qanunvericiliklə tamamilə ziddiyyət təşkil edə bilər. Bu elə bir presedent yarada bilər ki, bənzər hal təkrarlanacaq. Yəni ermənilər bölgəyə yenidən diversantlar göndərib onlara deyə bilərlər ki, siz gedin işinizdə olun, tutulsanız, onsuz da sizi geri alacağıq. Ona görə də diversantların Ermənistana verilməsi predmet ola bilməz. Çünki mövcud situasiya fərqlidir. Nikol da bundan öz xeyrinə istifadə edə bilməyəcək. Biz onlara şərt irəli sürməliyik ki, minalı ərazilərin xəritələrini verməsəniz, Laçın koridorunu bağlayarıq. Qoy düşünsünlər. Onsuz da onlar10 noyabr bəyanatından irəli gələn bir çox maddəyə əməl etməyiblər. Biz bunu da onlara qarşı bir təzyiq vasitəsi kimi istifadə etməliyik. Zəngəzur koridorunu açmaq üçün onlar bizə yalvarmalıdırlar. Bugünkü gücümüzdən istifadə edərək diqtəni biz etməliyik, onlar yox. Seçkidən sonra erməni hiyləgərliyinin çox şahidi olacağıq. Onlar prosesi uzatmaq üçün əllərindən gələni edəcəklər”.

Sədr müavini hesab edir ki, Azərbaycan seçkilərdən dərhal sonra bütün təzyiq mexanizmlərini işə salmalı və dəmir yumruğu Damokl qılıncı kimi başlarının üzərindən əskik etməməlidir.