Siyasilər Azərbaycanın tarixi torpaqlarını istəyir

Sərdar Cəlaloğlu: "Xalq ola bilsək, Qacar dövründəki torpaqları da geri ala bilərik”

Əli Orucov: "Dövlətin iradəsi və istəyi olsa...”

Faiq Qəzənfəroğlu: "AXC-nin rəsmən elan olunduğu ərazilərə sahib çıxmalıyıq”

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar üsul idarəsi devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoydu. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

1918-ci ilin may ayının 28-də Azərbaycan Milli Şurası "İstiqlaliyyət Bəyannaməsi” ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyətinin yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdı.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb devrildi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Cümhuriyyətin ərazisi 113,9 min kvadrat kilometrə bərabər idi (o cümlədən, mübahisəsiz ərazi 97,3 min kv. km; mübahisəli ərazi 16,6 min kv. km.) Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı qısa dövr ərzində ərazisini və sərhədlərini qorumaq sahəsində mühüm işlər gördü. Lakin Aprel işğalı (1920) və Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra Sovet Rusiyasının yeritdiyi ayrı-seçkilik siyasəti nəticəsində Azərbaycan əraziləri daha da azaldıldı. Yeni yaradılan Azərbaycan Sovet Sosialist Respublikasının sərhədləri 86,6 min kvadrat kilomertr müəyyən edildi.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin 27,2 min kvadrat kilometri Azərbaycan xalqının əlindən alındı. Hal-hazırda isə 20 faiz torpaqlarımız Ermənistan tərəfindən işğal olunub. Ətraf ərazilərlə yanaşı, 11 min kvadrat kilometr Ermənistan Respublikasının işğalı altındadır. Mübahisəsiz olaraq hal-hazırda Azərbaycan Respublikasının nəzarət etdiyi ərazi 74.6 min kvadrat kilometrdir.

Bəs biz tarixi Azərbaycan torpaqlarını bərpa edə bilərik, yoxsa yenə də itirməyə davam edəcəyik?

"Cümhuriyət”ə şərhində Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu hər şeyin xalqın torpağa bağlılığından asılı olduğunu dedi:

"Biz faktiki olaraq dövlət və xalq ola bilsək, nəinki Cümhuriyyət hətta Qacariyyə dönəmindəki torpaqlarımızı da işğaldan azad edə bilərik. O zaman 1 milyon kvadrat kilometr torpağımız var idi. Hər şey xalqın öz torpağına, öz taleyinə sahib çıxmasından asılıdır. Neçə ki, rus təfəkküründən uzaqlaşmamışıq, hələ də çox adam Rusiyaya xidmət edir təbii ki, çox çətin olacaq”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov 4 günlük aprel döyüşlərinə istinad edərək, torpaqlarımızı işğaldan azad etmək iqtidarında olduğumuzu vurğuladı. Onun sözlərinə görə, bunun üçün yalnız Azərbaycan iqtidarının iradəsi və istəyi lazım olduğunu vurğuladı:

"Bu ərazilərin itirilməsi müəyyən tarixi gerçəkliklə də əlaqəlidir. Bildiyimiz kimi, ötən əsrin əvvəllərində dünyanın siyasi mənzərəsi çox gərgin idi və müxtəlif maraqlar toqquşurdu. Torpaqların müəyyən qədərinin itirilməsi, xüsusilə də 900 kvadrat kilometr ərazimizi ermənilərə verərək Ermənistan dövlətinin yaradılması məcburi atılan addım idi. Amma sonrakı dövrdə Azərbaycanı Rusiyanın təkrar işğal etməsindən sonra o ərazilər hissə-hissə Ermənistana və Gürcüstana hədiyyə edilib.

Eyni zamanda təkcə Ermənistan və Gürcüstan deyil, həm də Rusiyanın özünə də birləşdirilib. Amma son itirilən torpaqların geri qaytarılması Azərbaycan xalqının öz iradəsindən asılıdır. Biz 4 günlük müharibədə müəyyən qədər ərazilərimizi işğaldan azad edə bildiksə demək ki, biz qalan torpaqlarımızı da işğaldan azad edə bilərik. Sadəcə olaraq, buna Azərbaycan iqtidarının iradəsi, istəyi lazımdır. Əgər bu istək olmasa bu cür siyasət davam edərsə gələcəkdə bizim daha böyük itkilər verə biləcəyimiz ehtimalını artırır. Çünki düşmən qüvvələr sanki bu cavabsız addımlardan daha böyük iştaha düşə bilər və daha çox ərazi iddialarına düşə bilər. Ona görə də indiki sərhədlər daxilində həm qorunması və itirilmiş torpaqlarımızın geri qaytarılması üçün iradə və istək lazımdır”.

"Cümhuriyət”ə açıqlamasında AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə doktor, dosent Faiq Qəzənfəroğlu qeyd etdi ki, biz dünyaya öz ərazilərimizi Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi çatdırmalıyıq. Onun sözlərinə görə, hazırkı təbliğat çox yanlışdır və bu bizi gələcəkdə yeni işğallara üz-üzə qoya bilər:

"Hesab edirəm ki, biz ümumiyyətlə, yanlış olaraq bugünkü Azərbaycan Sovet Sosialist Respublikasının ərazisinə sahiblənmişik. Əslində, biz əgər özümüzü hüquqi cəhətdən Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab ediriksə, mübahisəsiz olaraq o dövrün ərazilərinə sahib çıxmalıyıq. Biz 114 min kvadrat kilometri bugünkü müstəqil Azərbaycan Respublikasının ərazisi kimi qəbul etməliyik.

Mənə elə gəlir ki, birinci problem budur. Biz ancaq 86.6 min kvadrat kilometrin varisi kimi çıxış edirik. Şübhəsiz ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin faktiki ərazisinə sahib çıxmasaq gələcəkdə 20 faizdən əlavə digər işğallarla da üz-üzə qala bilərik. Bu baxımdan birmənalı şəkildə Azərbaycan Respublikası dünyada Azərbaycan Xalq Cümhuriyyətinin rəsmən elan olunduğu ərazilərə sahib çıxmalıdır.

Bunu dünya dövlətlərinə də bu cür təqdim etməliyik. Bu ciddi yanlışlıqdır və hal-hazırda da bunun ağrılarını çəkirik”.