“Soyqırım” ifadəsi işlətməklə ermənilərin həyatında müsbət mənada heç bir dəyişiklik olmayacaq

44 günlük İkinci Qarabağ müharibəsində qazanılan zəfər 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə yanaşı, tarixin ən böyük ədalətsizliyinə son qoymuş oldu. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və erməni silahlı qüvvələri Qarabağı tərk etməyə məcbur oldu.

Gözlənildiyi kimi, Ermənistanın məğlubiyyəti və hərbi heyət arasında böyük itkilər ölkədə ictimai-siyasi böhrana səbəb oldu - baş nazir Nikol Paşinyanın istefası tələbi ilə kütləvi etirazlar başlandı. Sonrakı aylarda Ermənistanda siyasi gərginlik bir qədər səngisə də, etirazlar hələ də davam edir. Hətta ABŞ prezidenti Co Baydenin qondarma “genosid”i tanıması da bu yöndə nəyisə dəyişə bilməyib.

Bununla bağlı “Qraparak” qəzeti yazır ki, Bayden “soyqırım” sözünü desə də, ermənilər sevinə bilmirlər: “Baydenin 24 aprel mesajı mənəvi qələbənin sevincini yaşamaq üçün ən yaxşı fürsət kimi görünürdü. Uzun illərdir Ermənistanda və diasporda neçə nəsil ABŞ prezidentinin bu sözünü deməsini xəyal edirdi. 2021-ci ilin 24 aprelində deyildi. Lakin Qarabağdakı məğlubiyyətimiz sevinməyə imkan vermədi. Bayden “soyqırım” desə də, heç bir nəticəsi olmayacaq. Türkiyə bunu qəbul etmədiyi təqdirdə heç bir təzminat, yaxud hüquqi qiymət verilməyəcək”.

Bütün bunlar xəstə erməni cəmiyyətinin necə böhran içində olduğunu bir daha təsdiqləyir. Həmçinin, məlum olur ki, artıq ermənilər də qondarma “soyqırım”ın tanınmasının nəyisə dəyişməyəcəyinin fərqindədirlər.

“Başa düşürlər ki, “soyqırım” ifadəsi işlətməklə ermənilərin həyatında müsbət mənada heç bir dəyişiklik olmayacaq”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, ermənilərin yüz ildən artıq saxta uydurma “soyqırım” təbliğatı son mərhələsinə çatdı: “Bu "soyqırım" ifadəsi ABŞ prezidentləri tərəfindən ilk işlənən ifadə deyil. 1981-ci ildə prezident Ronald Reyqan erməni diasporunun təzyiqi ilə belə bir ifadə işlədib. Görünən odur ki, erməni diasporu zorla dünyaya bunu çatdırmaq istəyir. Guya 1915-ci ildə "soyqırım"a məruz qalıblar. Bu uydurma təbliğatın siyasi məqsədlərə xidmət etməsini nəzərə alsaq, Avropa ölkələrinin bir çoxu, habelə Amerika bu "alver" predmetini hər zaman Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. ABŞ prezidenti Baydenin bu açıqlamasının heç bir hüquqi əsası yoxdur. Bu, bir siyasi bəyanatdır. Beynəlxalq məhkəmələrin qərarı olmadan hər hansı bir ölkəni nəyə görəsə ittiham etmək absurddur. Hansı ki, dünyada belə bir məhkəmə presedenti olub. Siyasətçilər, tarixçilər kimi danışırsa, tarixin rolu öz əhəmiyyətini itirmiş olur. Eyni iddiaları bizim kimi dövlətlər də irəli sürə bilər. Dəyər şkalası kəmiyyət tanımır. ABŞ-ın 500 illik tarixinə nəzər yetirsək, insanlıq əleyhinə ən qəddar soyqırımı həyata keçirən bir dövlət olub. Onlarla xalq tamamilə Amerikada yer üzündən silinib. Hinduların öldürülməsi insanlığa qarşı əsl fəlakət deyilmi? Qızıldərililərə qarşı insanlıq faciəsi, Vyetnamda, Koreyada kütləvi qırğınlar, Yaponiyaya atılmış nüvə silahı, Əfqanıstanda, İraqda, Liviyadakı qırğınları saymaqla bitirmək mümkün deyil. Baydenin bu açıqlaması ağır məğlubiyyət dövrünü yaşayan ermənilərə təsəlli məqsədi daşıyır. Ona görə də erməni cəmiyyəti yaxşı başa düşür ki, “soyqırım” ifadəsi işlətməklə ermənilərin həyatında müsbət mənada heç bir dəyişiklik olmayacaq.

Ermənistanda iyun ayında keçiriləcək seçkini də nəzərə alan ABŞ bu seçkidən özünə elektorat qazanmağı da düşünüb. Bu, heç nəyi dəyişməyəcək”.

Sədr müavini onu da qeyd etdi ki, erməni cəmiyyəti yalanlarla, saxtakarlıqlarla heç bir uğur hekayəsi qura bilməyəcək. Bakı Xəbər

Millət