Tehran üçün Rza Pəhləvi böyük təhlükə sayılmır

İranda rejim dəyişikliyindən danışıldığı, İsraillə münasibətlərin gərginləşdiyi bir vaxtda daha bir maraqlı proses yaşanıb. Belə ki, İran şahının oğlu Rza Pəhləvi İsrailə səfər edib. O, Qüdsdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb.

R.Pəhləvi bu tarixi və heç də təsadüfi olmayan səfəri zamanı Milli Holokost Memorial Muzeyində Holokost qurbanlarının xatirəsinə təşkil edilən mərasimə də qatılıb. O, tədbirdə Netanyahu və İsrail Prezidenti İsaak Hersoqla yanaşı dayanıb. Pəhləvi “i24NEWS”a müsahibəsində tədbirdə iştirak etməyin və Holokost qurbanlarını yad etməyin onun vəzifəsi olduğunu bildirib.

Qeyd edək ki, Pəhləvi 17 apreldə Təl-Əvivin Ben Qurion hava limanına enib. Burada onu Yad Vaşemdəki mərasimdə müşayiət edən İsrailin kəşfiyyat naziri Gila Qamaliel qarşılayıb. 43 il sürgündə olan, molla rejiminin qatı əleyhdarı olan Pəhləvi hazırda ABŞ-da yaşayır. Pəhləvinin indiki anda İsrailə gəlməsi, qeyd etdiyimiz kimi, təsadüfi ola bilməz. Böyük ehtimalla bundan sonra İranda molla rejimi daha da narahatlıq keçirəcək. Çünki mümkündür ki, molla rejiminin çöküşündə Pəhləvi amilindən məharətlə istifadə edilsin. Bəzi iddiaçılar isə hesab edir ki, İran terrorçu xislətinə sadiq qalaraq Pəhləviyə qarşı terror törətməyə də cəhd edə bilər. Ümumiyyətlə, bu prosesdə hansı çalarlar sezilir? Nəticə nə ola bilər?

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Rza Pəhləvini proseslərə ciddi şəkildə təsir edə biləcək fiqur saymır: “İranda Pəhləvi rejiminin süquta uğramasından 45 il ötür. İslam inqilabından sonra İranda çox şey dəyişib. İdeoloji, fəlsəfi və siyasi düşüncələr də tamamilə fərqlidir. Belə olan halda Pəhləvi rejiminə olan bəzi nostalji hissləri nəzərə almasaq, İran cəmiyyətini Pəhləvilərlə bağlayacaq tellər demək olar ki, yoxdur. Şahın tərəfdarları şah devrildikdən sonra ölkədən qaçdılar. Onların bir qismi artıq ya həyatda yoxdur, ya siyasətdə deyil, ya da ictimai həyatda fəal rol oynayırlar. Bu baxımdan da hesab etmirəm ki, Rza Pəhləvi faktoru İrandakı proseslərə ciddi təsir edə bilsin. Onun İsrailə səfəri əksinə, olan-qalan tərəfdarlarını da çəkindirəcək. Çünki İran cəmiyyətinin İsrailə baxışları düşmənçilik aurasında formalaşıb. Ancaq bu səfər İranın molla rejimini qıcıqlandıra bilər.

Pəhləvinin İsrailə səfəri və qarşılanma törəni, məncə, onun əleyhinə işlədi. Baxmayaraq ki, o, İsrailin dəstəyini almaq və özünü vacib fiqur kimi təqdim etməyə səy göstərdi. İsrail Pəhləvidən, sadəcə, görüntü kimi istifadə edəcək. İsrailin İran cəmiyyətinə təsiri o qədər də güclü deyil ki, hansısa fiquru siyasi gündəmin əsas faktoruna çevirsin. Fikrimcə, İran terror və təxribatlar törətmək məsələsində böyük təcrübəyə sahib olsa da, bu alətdən yeri gəldi-gəlmədi istifadə etməklə özünü ciddi zərbə altına salmaz. Tehran üçün Rza Pəhləvi böyük təhlükə sayılmır. Sadəcə, qıcıqlandırıcı rol oynaya bilər. İsrail üçün bu gün ən böyük təhlükə və yeni reallıqlar yarada biləcək amil Bakıdır, Azərbaycandır. Odur ki, əsas hücum xətti və təzyiqlər xarici siyasətdə Azərbaycana yönəlib. Rza Pəhləvinin İsraildə səfər çərçivəsində İsrail ictimaiyyətinə xoş gələcək hərəkət və addımları əsasən özünün sanbalını və əhəmiyyətini artırmaqdan başqa bir şey deyil. Amma İsrail hökuməti bütün vasitələrdən istifadə etməkdə mahir olduğunu hər kəs bilir". /Yeni Müsavat/

Millət