Türkiyə-Avropa İttifaqı-Almaniya arasında gərginlik müvəqqəti xarakter daşıyır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 10-da Rusiyada səfərdə olarkən rusiyalı həmkarı Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında Türkiyə-Rusiya-Azərbaycan üçlü ittifaqının yaradılmasını müzakirə ediblər. Bəs, görəsən, Azərbaycanda belə bir üçlü ittifaq ideyası necə qarşılanır?

Politoloq Əli Oruclu "Ekspress”ə bildirdi ki, Qərb Türkiyəni yanlış olaraq Rusiyaya daha da yaxınlaşdırmaqla özünə qarşı uzanan cəbhə xəttinin genişləndirməkdədir. Onun sözlərinə görə, Türkiyə qanunsuz miqrant axınına göz yumsa, terrorla mücadiləni dayandırsa, bunun Brüssel üçün çox ağır nəticələri ola bilər: "Türkiyə-Rusiya-Azərbaycan üçlüyünün yaradılmasına gəlincə, bunu real hesab etmirəm. Türkiyə NATO-nun üzvüdür və bu qurumla Moskva arasında kəskin ziddiyyətlər və qarşıdurmalar var. Qərbin özü də rəsmi Ankaranı Rusiya ilə əlaqələrinin belə dərinə getməsinə imkan verməz. Türkiyə-Avropa İttifaqı-Almaniya arasında gərginlik isə müvəqqəti xarakter daşıyır, məqsəd Türkiyəni ram etmək, əvvəlki çərçivəyə salmaqdır. Bu ritorikaların da realda həyata keçirilməsi mümkün görünmür. Amma Rusiya Türkiyə ilə Aİ arasında yaranan fikir ayrılıqlarından maksimum yararlanmağa və bunu daha da dərinləşdirməyə çalışır”.

Həmsöhbətimiz deyir ki, regiondakı indiki mürəkkəb durumda olan bir vaxtda Azərbaycan Qərblə qarşıdurmaya gedə bilməz. "Azərbaycan iqtidarına əlavə problem və başqağrısı lazım deyil. Əksinə, çalışır ki, tərəf olmasın və ziddiyyətlərdən qaçsın. Ona görə də üçlü ittifaqın yaradılması real görünmür”.

Ə.Oruclu bildirdi ki, Azərbaycanın yürütdüyü xarici siyasət bloklara qoşulmamaq, heç bir cinahda iştirak etməməkdir: "Türkiyənin də Avroatlantika İttifaqından çıxmaq niyyəti yoxdur. Ona görə də, məncə, bu birlik modeli daha çox iqtisadi, kommunikasiya, ticari və enerji sahəsində ola bilər. Rəsmi Moskva da Türkiyəyə səmimi münsibətlərdə deyil. Sadəcə indiki mərhələdə Qərbin təzyiqləri ilə üzləşən hər iki tərəfin ortaq maraqları və taleləri məcbur edir ki, bu təzyiqlər birgə dəf edə bilsinlər. Bu yanaşma Qərbin hansı tərəfi seçəcəyinədək davam edəcək. Azərbaycan isə bu oyunlarda olmağı, çətin ki, seçsin”.

Politoloq Elxan Şahinoğlu isə öncə Ərdoğanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamasına toxundu. "Ərdoğan bildirdi ki, münaqişə tezliklə həllini tapmazsa, müharibə yenidən başlaya bilər. O bu fikrində tamamilə haqlıdır. Ərdoğan rusiyalı həmkarı ilə keçirdiyi hər görüşdə qısa da olsa, Dağlıq Qarabağ məsələsinə diqqət çəkir. Bu, bizim üçün olduqca vacibdir. Ancaq inanmıram ki, məhz bu görüşdən sonra həqiqətən də Rusiyada Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün təşəbbüslər göstərilsin. Sadəcə, Ərdoğan dolayısı ilə Rusiyanın diqqətinə onu çatdırır ki, bu münaqişənin həlli Moskvanın özünün də xeyrinədir. Çünki münaqişə həllini tapdığı təqdirdə bölgədə tamamilə sabitlik yaranır və əməkdaşlıq üçün geniş imkanlar açılır”, - deyən politoloqun fikrincə, əgər "mərhələli həll planı” ilə razılaşıb işğalçılıq siyasətinə son qoyarsa, hətta Ermənistan da gələcəkdə bu formata qoşula bilər: "Bunun əvəzində isə bizə 5 rayonun azad edilməsi müqabilində Dağlıq Qarabağda referenduma dair razılıq verilməsi məsələsini "sırımaq” istəyirlər. Bu isə münaqişənin ədalətli həlli deyil, Ermənistanın xeyrinə atılan növbəti addımdır. Azərbaycan heç bir halda belə təkliflərlə razılaşmayacaq”.

Türkiyə-Rusiya-Azərbaycan üçlü ittifaqının yaradılması məsələsinə gəlincə, Şahinoğlu bildirdi ki, belə bir ittifaqın işə düşməsi hamının xeyrinədir. Onun sözlərinə görə, hazırda Rusiya-Türkiyə ticarət dövriyyəsi yenidən artır və gələcəkdə bu məbləğin artırılaraq 100 milyard dollara çatdırılması əsas hədəfdir.

"Bunun üçün ortada böyük layihələr var. Türkiyə Azərbaycanın strateji müttəfiqi, Rusiya isə ölkəmizlə tərəfdaş dövlətdir. Təbii ki, Azərbaycan da bütün bu proseslərdə rol almaq istəyir. Ona görə də regionda üçlü formatın işə düşməsi bizim də xeyrimizədir. Buna qədər də Azərbaycan-Türkmənistan-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran kimi formatlar mövcud idi. Artıq beşinci belə bir formatın yaradılmasından söhbət gedir. İşğalçı Ermənistanın isə heç bir belə formatı yoxdur. Ermənistan heç kim üçün maraqlı deyil. Azərbaycanın enerji resursları, ortaq layihələri və maliyyə potensialı ölkəmizlə əməkdaşlığı digər dövlətlər üçün zəruri edir. Vacibdir ki, bu ölkələr Dağlıq Qarabağ münaqişəsinin həllini də sürətləndirsinlər. Çox təəssüflər olsun ki, biz bunu hələlik müşahidə etmirik. Həmsədrlərin bölgəyə son səfəri də belə bir fikir yürütmək üçün əsasdır. Yenə də işğala məruz qalanla işğal edənə eyni münasibət göstərilir”, - deyə E.Şahinoğlu bildirdi.

Şahinoğlunun sözlərinə görə, yaradılacaq üçlü formatda əsas müzakirə mövzuları iqtisadiyyat, ticarət və ortaq layihələrdir. Politoloq qeyd etdi ki, Azərbaycanın isə irəli sürüləcək çox layihələri var: "Bir çox regional layihələrdə Azərbaycanın iştirakı yüksək səviyyədədir. Məsələyə imic baxımdan yanaşdıqda da Türkiyə-Rusiya-Azərbaycan ittifaqının işə düşməsi bizim xeyrimizədir. Eyni zamanda, mən inanmıram ki, bu ittifaq Qərbin Azərbaycana qarşı hansısa aqressiv münasibətinə səbəb olsun. Əksinə, Qərbdə də başa düşürlər ki, Azərbaycan coğrafi mövqeyinə görə, Rusiya və İranla normal münasibətlər qurmaq məcburiyyətindədir. Qərbdə buna normal yanaşırlar. Azərbaycan lazım olanda digər formatlarda da müəyyən fəaliyyətlərini ortaya qoyur.

Vacib olan Azərbaycanın milli təhlükəsizlik maraqlarıdır. Düşünürəm ki, bunu Qərbdə anlayırlar. Çünki bu formatlara rəğmən Azərbaycanın Qərblə də münasibətləri var. Avropa İttifaqı ilə bu il ərzində də strateji sənədin hazırlanması prosesi sürətlənməlidir. Həmçinin Vaşinqtonla da çox sıx əlaqələrə malikik”.