Türkiyə milyonlarla miqranta qapısını açdı

Macarıstanın baş naziri Viktor Orban Avropaya gələn qaçqınları "müsəlman işğalçılar” adlandırıb və bildirib ki, ölkəsi gələcəkdə miqrant qəbul etmək niyyətində deyil. Macar hökumət başçısının fikrincə, müsəlman əhalisinin axını dövlət daxilində "paralel cəmiyyətlər”in yaranmasına gətirib çıxaracaq.

"Biz bu insanları müsəlman qaçqınlar hesab etmirik. Biz onlara müsəlman işğalçılar gözü ilə baxırıq”, - deyə Orban bildirib.

O, həmçinin, aparıcı Avropa dövlətləri liderlərini Macarıstana hörmətlə yanaşmağa çağırıb. Baş nazirin sözlərinə görə, bir çox Avropa İttifaqı ölkələri macar hökumətini Aİ-nin Birlik Fondundan vəsait almaqda, lakin qaçqın qəbulundan imtina etməkdə günahlandırırlar. Lakin Orban qeyd edib ki, bu qurumdan Macarıstana ayrılan vəsait heç bir halda qaçqın məsələsi ilə bağlı deyil, "ədalətli balans”ın olması ilə əlaqədardır, çünki Macarıstan tərəfi öz bazarını azad rəqabət üçün açıb.

Avropa rəsmilərinin müsəlman ölkələrindən olan miqrantları "müsəlman işğalçılar” adlandırması nəyin əlaməti sayıla bilər?

AMİP katibi Elşən Mustafayevin
sözlərinə görə, bununla Avropanın bəzi ölkələri demokratiyanı yalandan özlərinə vasitə etdiklərini sübut etmiş olurlar: "Bilirsiniz ki, müsəlman ölkələrindən kütləvi miqrant axını Yaxın Şərqdəki böhrandan sonra başladı. Həmin vaxt çoxlu sayda müsəlman Avropaya pənah apardı. Çünki onların təmsil olunduğu coğrafiyada gərginlik hökm sürürdü. Buna görə də həmin qaçqınlar nisbətən stabil olan Avropanı sığınacaq üçün seçdilər. Avropanın ən demokratik ölkələri belə həmin vaxt miqrantlara qarşı qərəzli mövqe tutaraq onların çoxunu ölkələrinin hüdudlarına buraxmadılar. Yenə də müsəlman ölkəsi olan Türkiyə milyonlarla miqranta qapısını açdı. Avropadakı hazırkı vəziyyətdən görünür ki, onlar qəbul etdiyi miqrantlara görə də peşmançılıq hissi keçirirlər. Fikir verin ki, rəsmi dövlət xadimləri onları işğalçı adlandırırlar. Bu yanaşma dərin ziddiyyətin əsasını qoyur. Belə olmaz. Rəsmilərin belə mövqe tutması sivilizasiyaların mübarizəsinin güclənməsinə əlavə təkan verir. Hesab edirəm ki, dövlət xadimləri belə münasibətə təcili son qoymalıdırlar. Çünki heç kim öz xoşluğundan ata-baba yurdunu atıb hansısa ölkəyə sığınmayıb”.