Türkiyədə seçki açıq, şəffaf və gərgin keçdi

Əli Orucov: "Bu mənzərə onu göstərdi ki, böyük şəhərlərdə dünyəvi partiyaların tərəfdarları daha çoxdur"

"Azərbaycandakı Türkiyə vətəndaşlarının çoxu Bakıda cəmləşib"

Məlum olduğu kimi, iyunun 7-də Türkiyədə növbəti parlament seçkiləri keçirilib. İlkin açıqlamalara görə, səsvermə hüququ olan 53 milyon 765 min 231 seçicidən 70 faizə yaxını səsvermə hüququndan istifadə edib. Türkiyə Böyük Millət Məclisinin yeni heyətinə 20 siyasi partiya və 165 müstəqil namizəd iddialı olub.

Yayılan məlumatlara görə, hakim AKP son 13 ildəki bütün seçkilərdə olduğu kimi bu dəfə də üstünlüyünü saxlayıb və 4-cü dəfə parlament seçkilərini qazanıb. Hakim AKP-nin 41 faizlə liderlik etdiyi seçkidə ana müxalifət - CHP səslərin 25,2, digər partiyalar - MHP 16,5, DHP isə 12,9 faizini toplayıb. Qalan 16 partiya və 165 müstəqil namizəd isə səslərin 4,8 faizini qazana bilib. Beləliklə də AKP bu seçkidə Türkiyəni təkbaşına idarə etmək şansını itirmiş olub. Bunun üçün AKP parlamentdə 367 nəfərlə təmsil olunmalı idi, ancaq AKP TBMM-ə 258 deputat keçirə bilib. Mandatların 132-si CHP-nin, 82-si MHP-nindir. 10 faizlik barajı aşaraq 12,9 faiz səs toplayan HDP parlamentdə 78 deputatla təmsil olunacaq.

Azərbaycanda yaşayan türklər də seçki hüquqlarından istifadə edib. Belə ki, seçki Bakı səfirliyi, Gəncə və Naxçıvan konsulluqlarında baş tutub. Azərbaycandan gələn səslərin 100 faizi də hesablanıb. Nəticələrə görə Bakıda CHP, Gəncə və Naxçıvanda isə AKP liderdir.

Bakıda keçirilən səsvermədə CHP liderdir. Bu partiya 508 səs (30.01 faiz) toplayıb. Hakim AKP isə 460 (27.17), HDP 355 (20.96), MHP (Milliyətçi Hərəkat Partiyası) 302 (17.84 faiz), Gəncədə AKP 20 (37.03 faiz), MHP 13 (24.07 faiz), HDP 12 (22.21 faiz), CHP 7 (12.96 faiz), Naxçıvanda AKP 42 (43.29 faiz), CHP 26 (26.80 faiz), MHP 14 (14.43 faiz), HDP 7 (7.21 faiz) səs qazanıb.

Ümumi nəticələrdə CHP 29,34; AKP 28,31; HDP 20,28; MHP 17,84, digərləri isə 4,23 faiz səs toplayıb.

Maraqlıdır, siyasi ekspertlər Türkiyə seçkilərinin Azərbaycan üzrə nəticələrini necə dəyərləndirir?

Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, sahil şəhərlərdə yaşayan Türkiyə vətəndaşları əsasən dünyəvi partiyalara səs verir: "CHP-nin Bakıda üstünlük əldə etməsi də əsasən bununla bağlıdır. Ümumən, Türkiyədə seçki açıq və şəffaf, həmçinin gərgin keçdi. O üzdən, nəticələr əvvəlcədən bəlli idi. Ancaq bundan sonrakı prosesin necə olacağı bəlli deyil. Azərbaycanın bölgələrində yaşayan türkiyəli seçicilərin fərqli mövqe ortaya qoymasının səbəbləri var. Məsələ ondadır ki, AKP ortodoksal dini təmayüllü bir partiyadır. Ona görə də bu mənzərə onu göstərdi ki, böyük şəhərlərdə dünyəvi partiyaların tərəfdarları daha çoxdur. Əyalətlərdə isə AKP tərəfdarları üstünlük təşkil edir. Türkiyədə belə olduğu üçün bu, Azərbaycana da təsir edib.

Yəni Azərbaycanda yaşayan Türkiyə vətəndaşları da seçimini buna uyğun həyata keçirir. Onu da qeyd edim ki, Azərbaycandakı Türkiyə vətəndaşlarının çoxu Bakıda cəmləşib"./Bakı Xəbər/

Vidadi ORDAHALLI