Türkiyəyə qarşı aparılan bu siyasətin heç də yaxşı perspektivi yoxdur

Almaniyada Xristian İttifaqı (CDU/SDU) ilə Sosial Demokrat Partiyası (SPD) arasında koalisiya qurulması istiqamətində danışıqlar davam edir. Artıq bir çox məsələlərdə razılaşma əldə edilib, digər məsələlər ətrafında isə müzakirələr aparılır.

Məlumata görə, tərəflərin hazırladığı koalisiya sənədində Türkiyə ilə də bağlı bir bölmə yer alıb. Belə ki, sənəddən aydın olur ki, yeni koalisiya Avropa İttifaqının Türkiyəyə müzakirə üçün yeni imkanlar açmasının əleyhinə olacaq. Onlara görə, Türkiyənin müvafiq şərtlərı yerinə yetirənə qədər Avropa ittifaqına (Aİ) üzvlük prosesi dondurulmalıdır: "Türkiyə Almaniya üçün vacib tərəfdaşdır və Aİ-nın qonşusudur. Bu məqsədlə Ankara ilə yaxşı münasibətlərə malik olmaq üçün özəl maraqlarımız var”.

Müəlliflər iddia edirlər ki, Türkiyədə demokratik, hüquqi dövlət normaları və insan haqları ilə bağlı vəziyyət uzun müddət bundan əvvəl pisləşib.

Layihə sənədində viza sərbəstliyinin və Gömrük Birliyi Müqaviləsinin Türkiyə zəruri şərtləri yerinə yetirdiyi zaman mümkün olacağı vurğulanır.

CDU/SDU və SPD rəhbərliyi anlaşsa, ikinci, tərəflər arasındakı koalisiya protokolunu 440 mindən çox üzvü arasında səsverməyə çıxaracaq. Bunun isə 3 həftə çəkəcəyi bildirilir.

Qeyd edək ki, Almaniyada 2017-ci ilin 24 sentyabrında keçirilən seçkilərdən sonra keçən 135 gün ərzində yeni hökumət qurulmayıb.

Göründüyü kimi, Almaniyada formalaşması gözlənilən yeni koalisiya öz fəaliyyət proqramına Türkiyə ilə bağlı xüsusi bir bənd əlavə edib. Formalaşacaq yeni hökumət bununla da Türkiyənin Avropa İttifaqı ilə təmaslarını əngəlləməyi qarşısına məqsəd qoyur. Almaniyada hökuməti idarə edəcək yeni koalisiyanın formalaşacağı və məlum sənədin qüvvəyə minəcəyi təqdirdə bu, Ankara-Berlin münasibətlərinin gələcəyi üçün nə vəd edəcək?

Politoloq Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Almaniya ilə Türkiyə arasında münasibətlərin gərginləşməsini yalnız koalisiya qurmaq istəyən partiyaların indiki mövqeyilə izah etmək olmaz: "Ötən ilin sonlarında Almaniyada keçirilən parlament seçkiləri öncəsi və seçki təbliğatı dövründə siyasi partiyalar öz təbliğat proqramlarını anti-Türkiyə və anti-Ərdoğan kursu üzərində qurdu. Onsuz da indiyədək keçirilən bütün seçkilərdə partiyalar türklərdən alət kimi istifadə ediblər. Türkləri və müsəlmanları həzm etmədiklərini uyğun zamanda dilə gətiriblər. Bu üslubdan istifadə edərək almanların dünyagörüşündə bir fikir formalaşdırıblar. Seçki dönəmində Almaniyanın iki ən böyük partiyasının lideri ölkənin çox izlənilən 4 telekanalında canlı yayıma çıxdılar. Bir tərəfdə Xristian Demokrat Birlik Partiyasının (CDU) lideri, hazırkı kansler Angela Merkel, o biri tərəfdə Sosial Demokrat Partiyasının (SPD) rəhbəri Martin Şults. Bu adamlar Almaniyanın daxili problemlərindən daha çox Türkiyə və Ərdoğanı müzakirə etdilər, hədəf ancaq Türkiyə idi. Hər iki lider Avropa İttifaqının Ankara ilə münasibətləri dondurmasının tərəfdarı olduğunu söylədilər. İndiki koalisiyanı da məhz bu qüvvələr qurmaq istəyirlər. Onlar mövqelərindən geri çəkilə bilməzlər. Çünki bu təbliğatın üzərindən seçicilərdən səs alıblar. Ancaq düşünürəm ki, Türkiyəyə qarşı aparılan bu siyasətin heç də yaxşı perspektivi yoxdur. Türkiyəyə qarşı düşmənçilik siyasəti təkcə Almaniyanı yox, bütün Avropa qitəsini təhdid edir. Almaniya bilməlidir ki, Avropadakı sabitliyi və qlobal güc balansını qorumaq Türkiyəsiz mümkün deyil. Bundan əlavə, Almaniyanın öz daxilində yaşayan, sayı milyonlarla ölçülən və həmin ölkənin vətəndaşı olan türklər faktoru da Almaniya üçün yaxşı nəsə vəd etmir. Mən bura hətta Almaniyada yaşayan müsəlman kəsimi də əlavə edərdim. Türkiyəyə qarşı bu antoqonist mövqe deyilən kateqoriya alman vətəndaşında da hökumətə qarşı narazılıq və qıcıq yaradacaq”.