Xalq həmin hakimiyyətin arxasından çəkildi.


Bu günlər üzərindən 28 il ötməsinə baxmayaraq hələ də geniş müzakirə obyekti kimi qalan mövzulardan biri də qardaş qırğını və AXC  iqtidarının hakimiyyətdən çəkilməsi ilə nəticələnmiş müəmmalı 4 iyun Gəncə hadisələridir. Həmin olayların baş “qəhrəmanı” olan sabiq baş nazir, keçmiş korpus komandiri və sabiq Milli Qəhrəman Surət Hüseynovun “BBC”-yə son açıqlamasından belə çıxır ki, şəxsən onun özü tərəfindən  Elçibəy hakimiyyətini devirmək planlaşdırılmayıb.  Bəs görəsən, həmin dövrdə iqtidara ana müxalifət hesab olunan AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov bu haqda nə deyir?
 
4 iyun olayları və ardınca baş verənlər hakimiyyəti ələ keçirməyə çalışan hansısa xarici və daxili güclər tərəfindən öncədən planlaşdırılmışdı, yoxsa bunlar, sadəcə, ölkədə, eləcə də o vaxtkı iqtidar daxilində və Qarabağ savaşında baş verən xaotik hadisə və proseslərin məntiqi nəticəsi idi?..  
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AMİP lideri  bunları söyləyib:
 
“Xeyr, Gəncə hadisələrində ciddi planlaşdırılmış işlər görmürdüm və görmürəm.  Sadəcə, həmin gözlənilən hadisələr yavaş-yavaş öz yerini tuturdu.  O hakimiyyətdəkilərin yarıtmaz idarəçiliyinin hansı acı nətcələrə gətirib çıxaracağı əvvəldən görünürdü və həmin komanda üzvləri də öncədən tərəfimizdən xəbərdar olunurdu. Yəni onlar əvvəlcə öz daxillərində kimisə  bir lider kimi “şişirdirdilər”, sonra da  həmin adamın populyarlaşmasından qorxub başlayırdılar onu məhv etmək siyasətinə keçməyə...”
 
AMİP lideri fikrinin ardında Surət Hüseynovun da AXC hakimiyyəti tərəfindən yetişdirilmiş bir fiqur olduğunu qeyd edib.  
 
“Və elə Surət Hüseynov da o hakimiyyətin yetişdirdiyi bir kadr idi.  Ona özləri Milli Qəhrəman adı təqdim etmişdilər, özləri ona müəyyən səlahiyyətlər vermişdilər. Əvvəlcə də onun səhvlərini ört-basdır etməklə məşğul idilər. Sonradan isə Surət Hüseynovun güclənməsi və populyarlaşması bunlarda qorxu yaratdı və həmin qorxunun nəticəsində də onu məhv etmək qərarına gəldilər. Amma nəticədə də istədiklərini əldə edə bilmədilər. Və bu, o demək deyildi ki, xalq Surət Hüseynovu müdafiə edirdi. Sadəcə, xalq həmin hakimiyyətin arxasından çəkildi. Və arxasında da xalq olmayan hakimiyyət də duruş gətirə bilməzdi. Bu, sadə bir məntiqdir...”- deyə istiqlalçı deputat vurğulayıb.