Xalqın milli xüsusiyyətləri və mədəniyyət amili

Xalqın milli xüsusiyyətlərinin (təfəkkürün və əməllərin, fəaliyyətin cəmindən, obrazından yaranan xarakter) əsasları ona məxsus olan davranış normalarındadır. Davranış normalarının forma və məzmunu özündə elə etnik-milli kökənli xarakteri meydana gətirir. Milli xarakterə başqa ölkələrdə yaşayan xalqların elementləri də daxil ola bilir. Davranış normaları fərdin və toplumun olur. Fərd özünü toplunun davranışına uyğun aparır, eləcə də müəyyən qədər dəyişikliklər yarada bilir. Bu baxımdan da xalqın milli xarakterində fərdlərin və şəxsiyyətlərin rolu böyük olur. Fərdlərin (şəxslərin) yaratdığı və qurduğu ümumi vasitələr fərdin məxsus olduğu xalqın mənsubiyyətinə aid olur. Xalqın mədəniyyətindən formalaşan milli davranışları, eləcə də davranışlarından və fəaliyyətdən yaranan mədəniyyət normaları vəhdət şəkilində xalqın milli təfəkkürünü obrazlandırır. Milli xüsusiyyət milli təfəkkürün və onun yaranmasının bazasında olan normaların, vərdişlərin obrazlanmasını özündə cəmləşdirən mücərrəd və ruhi anlayışdır. Mənəviyyat da məhz ümumi insan xarakterindən (burada insanlığa aid olan ümumi aspektlərin yaratdığı xüsusiyyət nəzərdə tutulur) və xalqın davranış normalarından formalaşır.

Davranış normaları ənənəvi və əlavələri (zamana və resurslara müvafiq şəkildə) də özünə qoşan vərdişlərdən, təkrar olunan əməllərdən və qaydalardan, adətlərdən ibarətdir ki, bu ünsiyyət və əlaqə qaydaları da daima ünsürlərdən-ünsürlərə (daşıyıcı və yaradıcı elementlərdən-elementlərə) keçir. Bu normalar tarixən gəlir, özünün antik və klassik mahiyyətini saxlayır, eləcə də inteqrasiya olunmuş şəraitdə yeni elementlər qəbul etməklə müəyyən dəyişikliklərə uğrayır. Həmin dəyişikliklər beynəlxalq inteqrasiya və əməkdaşıq fonunda baş verir və nəticə etibarilə digər xalqların vərdişlərini və ənənələrini, adətlərini qəbul edir. Bu kimi davranış xassələri xalqlardan-xalqlara əsasən mədəniyyət normalarından və cəmiyyətdə, məişət həyatında olan normalardan keçir. Bu aspektdə xalqların milli və qarışıq mədəniyyəti və təfəkkürü meydana gəlir.

Xalqın milli davranışında, xarakterində onun bioloji-genetik xüsusiyyətləri də mühüm rol oynayır. Belə qəbul etmək olar ki, nəsli gen hüceyrələri (xarakterin informasiyasını daşıyan hüceyrələr) zaman ardıcıllığı ilə fərdlərə keçidlər edir və bu üsulla özündə adət-ənənə və sosial davranışları nəsillərdən-nəsillərə gəzdirir. İnsanlar demək olar ki, davranışları ilə bir çox parametrlərə görə öz əcdadlarına bənzəyirlər. Zamanın tələbləri də bu gen informasiya daşıyıcılarında əks olunur. Davranış normalarının yaranmasında iştirak edən gen yaddaşı xalqın irsi xüsusiyyətlərinin baza əsaslarını meydana gətirir. Baza əsaslar özündə hətta fiziki quruluşları da cəmləşdirməklə davranış üçün vərdişləri də saxlayır. Bu vərdişlərə xalqın zamanla təbiətə və ətraf sosial topluma olan münasibətləri aid olunur. Tarixi məişət xarakteri, xarakteri yaradan davranış normaları irsi keçidlər edir və cəmiyyətin xarakterini tarixi irsi baxımdan bir-birinə bağlayır.

Hər bir xalqın milli xüsusiyyətləri onun adət-ənənələrində, bu baxımdan totem və tabularında, həyat vərdişlərində, fərdlərarası münasibətlərdə və əlaqələrdə, bunlardan irəli gələrək, ictimai və siyasi-iqtisadi, eləcə də sosio-mədəni strukturlarında öz əksini tapır. Milli xüsusiyyətlərin meydana gəlməsində insanların yaşadıqları coğrafi amilin, təbiət elementlərinin də rolu böyük olur. Yaradıcılıq və quruculuq insanların ruhuna oturur və insan xarakterinin formalaşmasında rol oynayır. Yaradıcılığa və quruculuğa da əsasən təbiət elementləri öz obrazı ilə təsir edir. Xalqın psixikasında kainat, təbiət elementlərinin təsəvvürü, əks olunması böyük rol oynayır. Məsələn, hesab etmək olar ki, ekvatordan şimala və cənuba, eləcə də Qrinviçdən qərbə və şərqə müəyyən meridian və paralellərdə yaşayan insanların xarakterləri də fərqli olur. Çünki enerji tam şəkildə eyni dərəcədə paylana bilməz. İnsanlar da eyni kəmiyyətlə enerji ala bilməzlər. Bu amil də milli xüsusiyyətlərin, regional xüsusiyyətlərin formalaşmasında öz rolunu oynayır. Təbiət bioloji-psixi xüsusiyyətləri özündə cəmləşdirir və təsirlərini edir. Qeyd etdik ki, xalqın milli təfəkküründə və mədəniyyətində özündə etik və estetik nümunələri əks etdirən davranış normaları mühüm rol oynayır. Davranış normaları da öz-özlüyündə tərkiblərdən ibarətdir.

Davranış normalarının tərkibinə aiddir:

- əmək fəaliyyəti və vərdişləri (əmək və məşğuliyyət amili də davranış normalarının tərkibidir);

- əmək fəaliyyətinin tərkibini təşkil edən yaradıcılıq və quruculuq işləri (burada peşə məşğuliyyəti və sənətkarlıq fəaliyyəti mühüm rol oynayır. Bir xalqın milli xüsusiyyətlərində onun tarixən məşğul olduğu məşğuliyyət formaları və üsulları, eləcə də vasitələri əvəzsiz rol oynayır. Məsələn, bir xalq tarixən əkinçiliyə meyllidirsə, bu vərdiş normaları həmin xalqın gen informasiya daşıyıcılarında oturur. Müəyyən zamanla insanlarını ona, yəni həmin vərdişə doğru çəkir);

- əmək fəaliyyətinin tərkibini təşkil edən zehni fəaliyyət (zehni məşğuliyyət də fərdi və qrup halında irsən keçir və davranış normalarına oturur);

- sosial davranış xüsusiyyətləri (burada insanlar məişətdə və cəmiyyətdə öz aralarında olan münasibətləri müəyyən edir və əks etdirirlər. Sosial davranışlar milli adət-ənənələrin əsaslarını ortaya qoyur);

- fərdin cəmiyyətdə rolu (məsələn, cəmiyyətdə və məişətdə qrup olaraq kişilərin funksiyaları və məsuliyyətləri daha böyük olur və bu hal da, yəni kişilərin davranışı da daima irsən keçir);

- etik qaydalar (özündə yasaqları əks etdirən hüquq sərhədlərindən ibarətdir. Etik qaydalar hüquqla sintezdədir və əmək fəaliyyətində, yaradıcılıq və quruculuq işlərində tətbiq olunur)

Fərdin və kollektivin davranışı

Məlumdur ki, insanlar məişətdə və sosial həyatda kollektiv qaydada yaşayır. Fərd buna görə də öz xüsusiyyətlərini kollektivdən götürür. Eləcə də öz davranışları ilə kollektiv üçün nümunə yaradır. Fərd kollektiv, kollektiv də fərd üçün xidmət edir. Fərd kollektivin enerjisindən faydalanır. Bir fərd ailə xüsusiyyətlərini, qohum xüsusiyyətlərini, eləcə də cəmiyyətin xüsusiyyətlərini özündə əks etdirir. Fərdin gen yaddaşında fərdin və kollektivin vərdiş informasiyası toplanır. Bu baxımdan da insanlar fərdi olaraq öz ulu əcdadlarına, kollektiv olaraq öz cəmiyyətinə və xalqına bənzəyirlər. Xalqın mədəniyyət xüsusiyyətləri və davranış qaydaları da elə kollektivin vərdişlərindən və normalardan ibarət olur. Onların vərdişlərini özlərində daşıyırlar. Xalqın bir nümayəndəsi (onun gen yaddaşında və tərbiyəsində klassik olaraq bir xalqın elementləri öz əksini tapırsa) başqa bir cəmiyyətdə də klassik olaraq öz norma və vərdişini saxlayır. Əgər bir şəxs çox mühafizəkardırsa, onda hesab etmək olar ki, o, daha çox klassik və etnikdir. Öz adət və ənənələrinə çox bağlıdır. Bu şəxs başqa cəmiyyətə gedərsə, orada uzun müddət yaşayarsa, yenə də özünün klassik mahiyyətini qoruyub saxlayacaq. Ən əsası da yaşlı vaxtı başqa xalqın içərisində olacaqsa, yenə də öz etnik baza vərdişlərini qoruyub saxlayacaq. Lakin həmin şəxsin övladı başqa xalqların içərisində doğularsa və yaşayarsa, onda tərbiyə və mühit amili gen amili ilə bərabər olacaq. O şəxsdə artıq genetik ənənə və vərdiş yaşadığı mühitin hesabına bir az azalacaq. Onun da övladı başqa xalqla nikahdan olarsa, artıq gen informasiyasının böyük əksəriyyəti itəcək. Çünki onu dünyaya gətirən valideyn öz mühitini dəyişmiş olmuş olacaq. Bu addımla müəyyən müddətdən sonra etnik davranış klassik forması baxımından itib gedəcək. Başqa bir xalqın nümayəndəsi yaranacaq. Bu qaydada etno-milli assimilyasiya formalaşacaq.

Milli xüsusiyyətlərin formalaşmasında mədəniyyət amili

Mədəniyyət amili xalqın milli xüsusiyyətlərinin tərkibini formalaşdırır. Etnik xüsusiyyətlər cəmləşərək milli xüsusiyyətləri yaradır. Əgər bir xalq (etnik kimi) özünə dövlət qurubsa, siyasi baxımdan təşkilatlanıbsa, beynəlxalq əlaqələrdə öz müqəddəratını həll edibsə, onda o xalqın etnik psixi xüsusiyyətləri artıq milli xüsusiyyətlərə keçid edib. Bu transformasiyadan irəli gələrək xalqın etnik təfəkkürü yüksəlir və milli təfəkkürə keçidlər edir. Milli təfəkkürün formalaşmasında xalqın mədəniyyət amilləri əvəzsiz rol oynayır. Milli təfəkkür etnik təfəkkürün üst hissəsi, yuxarı mərhələsi rolunu oynayır. Bir dövlət ərazisində yaşayan çoxlu sayda xalqlar birləşərək ümumvətəndaş siyasi və ictimai statusu altında dövlət yaradır və kollektiv milli xüsusiyyətləri formalaşdırırlar. Bu halda ölkənin bütün xalqları siyasiləşmiş və milliləşmiş təfəkkürə sahib olurlar və vahid milli və dövlətçilik ideologiyası altında birləşərək bu ideologiyaya xidmət edirlər. Milli təfəkkürü vətəndaşlıq təfəkkürü formalaşdırır. Xalqın dövlət siyasətində (ölkədaxili və ölkəxarici fəaliyyətində) iştirakı onun milli mədəniyyətinin əsaslarını yaradır. Milli mədəniyyət iqtisadiyyat, siyasət, sosial və digər mədəniyyətlərdən ibarət olur. Məsələn, seçki mədəniyyəti bir ənənədir və siyasi mədəniyyətin tərkibidir. Əgər bir xalq və xalqlar qrupu (vahid ölkə vətəndaşları) sistemli əsaslara malik olan rasional seçki təşkil edə bilirsə, onda onlarda yüksək siyasət və seçki mədəniyyəti mövcuddur. Ümumiyyətlə, məişət mədəniyyəti, sosial mədəniyyətin tərkibi olaraq təşkilati mədəniyyət və digər sahələr üzrə mədəniyyət həmin sahələrin rasional təşkilindən meydana gəlir. Bütün bu işlərin başında isə sistemli məktəb tərbiyəsi mühüm rol oynayır. Bu baxımdan da pedaqoji mədəniyyət və elm mədəniyyəti də xalqın milli təfəkkürünün formalaşmasında iştirak edir.

Bir xalq və dövlətdə yaşayan xalqlar toplumu ətraf aləmə açıla bilirsə, bir o qədər mədəni baxımdan zəngin olur. Sanki öz mədəniyyət "qapılarını açır”. Xalqın mədəni olmasında yaradıcılığı və quruculuğu özündə cəmləşdirən mədəniyyət vasitələri, etik davranış normaları və rasional sistemli cəmiyyətlər mühüm rol oynayır.

Şəxsin mədəni olması

Məlumdur ki, hər bir xalq toplu halda müəyyən bir coğrafi ərazidə məskunlaşır. Həmçinin pərakəndə şəkilində digər xalqların ərazilərində məskən salır. Əvvəlcə də qeyd olundu ki, hər bir xalqın milli xüsusiyyətləri mövcud olur. Bu milli xüsusiyyətləri formalaşdıran kriteriyalar vardır. Kriteriyalar etno-milli təfəkkürün tərkibini yaradır. Kriteriyalar etno-milli təfəkkürü obrazlandırır.

Cəmiyyətdə şəxslərin özlərini mədəni aparması o deməkdir ki, həmin şəxslər yüksək əxlaqa malikdirlər və həyatlarını sistemli olaraq yaşayırlar. Mədəni quruculuqda iştirak edirlər və yaradıcılıqla məşğul olurlar. Əmək fəaliyyəti ilə məşğul olur və faydalı ömür yaşayırlar. Bu aspektdə işsizlik cəmiyyətdə neqativ halları formalaşdırır və cəmiyyətin mədəni strukturuna köklü zərbələr vurur. Yüksək mədəni şəxslər etno-milli genləri daha çox zəngin olan və ətraf xalqlardan elementləri qəbul edənlərdir. İnsanların mədəniləşməsi proseslərinə həm etnik və milli amillər, həm də beynəlxalq amillər təsir edir. Bu aspektdə xalqların açılmaları, dünya görüşlərinin zəngin olmaları vacib kriteriya rolunu oynayır. Bu vəhdət milli və etnik təfəkkürün, eləcə də beynəlxalq aləmin sintezini yaradır. İnsanların daxillərində olan etnik və milli təfəkkür digər dövlətlərdə yaşayan xalqların təfəkkürü ilə sintez yaradır. Burada artıq zənginləşmə prosesləri baş verir. Bir tərəfdən assimilyasiya gedə bilirsə, digər tərəfdən də zənginlik yaranır.

Hər bir xalq (millət) özünəxas siyasi sistemi qurmalıdır. Məsələn, fərd kollektivdən kənardırsa, kollektiv içərisində yaşayaraq, başqa səmtə yönəlirsə, o zaman tez məğlub olur və öz kökünə qayıdır. Xalq da öz ruhunda oturmursa, öz ruhuna uyğun dövlət və cəmiyyət strukturu qurmursa, onda saxta cəmiyyətlər və dövlətlər formalaşdırırlar. Bu kimi cəmiyyətlər və dövlətlər tezliklə uçuruma düçar olurlar və onların daxili immuniteti xarici zərbələrə qarşı zəif olur.

Nəticələr:

- xalqın milli təfəkkürünün formalaşması mədəniyyət normalarından asılıdır;

- mədəniyyət normaları özündə yaradıcılıq və quruculuğu əks etdirən vərdişlərdən ibarətdir;

- bir xalqın mədəniyyət səviyyəsi onun yaradıcılığı və quruculuq nümunələrinin effekti və sayı ilə yüksək olur;

- mədəniyyətin yüksəkliyi əks olunma effekti ilə əlaqəlidir;

- fərd yalnız kollektivin enerjisindən istifadə etdikdə güclü olur və açılır;

- hər bir xalq daha çox öz ruhuna uyğun olduqda mədəni xoşbəxtlik tapır və s.