XİN sistemində dəyişiklik hələ ciddi nəticə vermir

Sabiq Xarici işlər naziri Elmar Məmmədyarov istefaya göndərildikdən sonra bu sahədə müəyyən dəyişiklərin olacağı gözlənilirdi.

Müəyyən dönəmdə bir sıra işlər aparılsa da, sonradan bəlli səbəblərdən (44 günlük Vətən müharibəsi-müəll.) bu proses dayandırıldı.

Artıq Xarici İşlər Nazirliyində - diplomatik korpusda ciddi dəyişikliklərə yenidən start verilib. Bir çox ölkələrdəki səfirlər geri çağrılıb, bəzi ölkələrə isə yeni səfirlər təyin olunub. Bu dəyişikliklər diplomatik korpusun işində hansı müsbət dəyişikliklərə səbəb olacaq?

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında deyib ki, bəzi səfirlər Azərbaycanın deyil, başqa ölkənin maraqlarına xidmət edir:

“Səfirlərin, diplomatik nümayəndəliklərin rəhbərlərinin 5 ildən bir yerlərinin dəyişdirilməsi prosesi qanunauyğun olaraq həyata keçirilir. Bu, planlaşdırılmış bir fəaliyyət olaraq Xarici İşlər Nazirliyinin səlahiyyətində olan məsələdir. Amma təbii ki, Elmar Məmməryarovdan sonra Xarici İşlər Nazirliyində çox ciddi dəyişikliklərin olacağını gözləyirdik. İlk vaxtlarda nazirliyin aparatında müəyyən dəyişikliklər baş verdi, hətta həbs olunanlar oldu, korrupsiya, dövlət vəsaitinin talanması ilə bağlı idarə rəislərinin məsuliyyətə cəlb olunmasını gördük.

Ancaq bu proses müharibə səbəbindən dayandı. Diqqət daha çox başqa istiqamətlərə yönəldi. Amma hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyində və ümumi olaraq diplomatik korpusda ciddi dəyişikliklər olmalıdır. Uzun illər deyirdik ki, Elmar Məmmədyarov Azərbaycançılıqdan və millilikdən kənar kadr idi. Özü də özünə uyğun kadrları bir çox hallarda rəhbər vəzifələrə gətirmişdi. Azərbaycanın bir sıra ölkələrdəki səfirləri Azərbaycandan çox olduqları ölkənin və öz şəxsi biznes maraqlarına xidmət edirdi. Bu baxımdan diplomatik korpusda çox ciddi dəyişiklərin olmasını gözləyirdik, bu gün də gözləyirik”.

Partiya sədri təəssüflə qeyd edib ki, XİN sistemində dəyişiklik hələ ciddi nəticə vermir:

“Hesab edirəm ki, xüsusilə də müharibədən sonrakı dönəmdə Azərbaycan diplomatiyası hücum diplomatiyası olmalıdır. Amma son zamanlar baş verən hadisələrdən də görürük ki, ötən dövrlərdə olduğu kimi Xarici İşlər Nazirliyi yalnız baş verən hadisələrə reaksiya verir. Bəzi hallarda isə olduqca “dişsiz” bəyanatlar verilir ki, bu da heç cür qalib ölkənin diplomatik mövqeyi kimi yararlı hesab oluna bilməz.

Necə ki, biz cəbhədə əks-hücuma keçdik və qələbə əldə etdik, eləcə də diplomatik sahədə hücumda olmalıyıq. Çünki görürük ki, düşmən yenə də Azərbaycan əleyhinə dezinformasiyalar yayır. Beynəlxalq təşkilatların, bir sıra ölkələrin də Azərbaycana qarşı qəbul etdiyi qərarların kökündə Xarici İşlər Nazirliyinin uğursuzluğu dayanır. Ona görə də düşünürəm ki, həm nazirliyikdə, həm də səfirlik korpusunda çox ciddi dəyişikliklər olmalı və milli, profesional kadrlar iş başına gətirilməlidir”. Cebhe.info

Millət