Yaxın günlərdə namizədlər siyahısını açıqlayacağıq

Hər kəs rəqiblərin kimlər olacağını gözləyir


Bu il noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində bütün dairələri əhatə etmək üçün ictimai xadimlərin təşəbbüsü ilə təsis edilən "125-lər” Siyasi Klubu deputatlığa namizədlər siyahısını açıqlayıb. Siyahıda hələ ki, təxminən səksənə yaxın dairə əhatə olunub. "125-lər” bununla deputatlığa namizədlər siyahısını ictimaiyyətə açıqlayan ilk oldu. Seçkiyə hazırlaşan digər qurumların namizədlər siyahısını nədən hələ açıqlamamasını, nə vaxt açıqlayacaqlarını araşdırdıq.

AMİP sədri Yusif Bağırzadə hazırda partiyanın namizədlərinin müəyyənləçdirilməsi prosesinin başa çatmaq üzrə olduğunu bildirdi: "Lap yaxın günlərdə namizədlər siyahısını açıqlayacağıq. Heç bir problem yoxdur. AMİP-in rayon təşkilatları var və rayon təşkilatlarındakı partiya üzvləri namizədliklərini irəli sürürlər. 2010-cu il parlament seçkilərində hətta elə dairələr var idi iki AMİP-çi namizəd idi. İndi biz xeyli vaxtdır çalışırıq ki, hər dairədən partiyanın bir namizədi olsun və bunun üçün ən şanslı iddiaçının üzərində dayanırıq. AMİP seçkilərdə digər siyasi partiyalarla əməkdaşlıq üçün müəyyən danışıqlar da aparır. Danışıqlar apardığımız təşkilatların da namizədlərinin müəyyənləşməsi prosesi gedir. Hələ ki biz seçkiyə tək getmək qərarımızı qüvvədə saxlayırıq, ancaq blok yaradılması məsələsi də gündəmdə var”.

Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirdi ki, hər hansı partiyanın və ya blokun deputatlığa namizədlər siyahısını açıqlamasını normal qarşılayır, bu, həmin siyasi qüvvənin taktiki bir variantı ola bilər. Müsavat Partiyasında namizədlərin müəyyənləşdirilməsi prosesi isə davam edir. Ola bilər ki, yaxın zamanlarda həmin siyahı elan olunsun: "Amma bizim əsas məqsədimiz ondan ibarətdir ki, siyahını Müsavat Məclisində təsdiq olunandan sonra paylaşmaq daha doğru olardı. Müsavat Nizamnaməsinə görə, namizədlər mütləq Məclisdə təsdiq olunmalıdır. İndi siyahını elan eləmək, sonra isə Məclisdə o siyahıdakılardan kimlərinsə adı təsdiq olunmasa bu, əlavə söz-söhbətə səbəb ola bilər. Amma yaxın zamanlarda artıq yüzdə-yüz dəqiqləşmiş dairələrdəki namizədlərimizi elan eləmək haqqında qərar verə bilərik”.

8 müxalif partiyanın təmsil olunduğu "Azadlıq 2015" seçki blokunun üzvü, AXP sədri Pənah Hüseyn bildirdi ki, deputatlığa namizədlər siyahısı elan olunması seçkilər rəsmi elan olunduqdan sonra qanunvericiliyə müvafiq təqdim ediləcək. Hazırda müxtəlif dairələrdə namizədlərin son müəyyənləşməsi işləri gedir. Blokumuz işini hər halda yaxın günlərdə tamamlayacaq. Amma prinsip etibarilə hazırlanan bu siyahı yekun siyahı kimi də başa düşülmür. Çünki müxtəlif dəyişikliklər edilə bilər. İstər blokdaxili proseslə bağlı, istər digər siyasi qüvvələrlə razılaşmalar əsasında gedən proseslərlə bağlı siyahıda dəyişikliklər edilməsi mümkündür”.

Hakim Yeni Azərbaycan Partiyasının isə namizədlər siyahısının seçkilərə rəsmi start veriləndən sonra açıqlanacağı bildirilir.