Zurabişvili prezident seçiləndən sonra ...

Əli Orucov: "Belə olmasaydı, o zaman bu amil nəzərə alınardı və Gürcüstan bu dərəcədə...”

Fransada işgüzar səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili fransalı həmkarı Emanuel Makronla görüşüb. Son vaxtlar bu iki ölkə arasında qeyri-adi yaxınlaşma müşahidə olunur. Belə ki, Zurabişvili ilə görüşdə Makron Mərkəzi Afrikada gürcü ordusuna fransız ordusu ilə yaxından əməkdaşlıq etdiyinə görə Gürcüstan Prezidentinə təşəkkür edib.

İki ölkə prezidenti müxtəlif sahələrdə, o cümlədən müdafiə məsələləri ilə bağlı əməkdaşlığı nəzərdə tutan "Dmitri Amilahvari adlı Fransa-Gürcüstan dialoqu" əsasında əməkdaşlıq bəyannaməsini imzalayıblar. Gürcüstan Prezidenti fransalı həmkarını ölkəsinə dəvət edib və Makron bunu böyük məmnuniyyətlə qəbul edib: "Hörmətli Prezident, məni Gürcüstana dəvət etdiniz və mən, əlbəttə, sizin dəvətinizə cavab verməkdən və Gürcüstana gəlməkdən çox xoşbəxtəm”.

Makron, həmçinin, Fransanın bundan sonra da Rusiya-Gürcüstan danışıqlarının aparılmasında vasitəçilik edəcəyini bildirib. Zurabişvili bildirib ki, Fransa təkcə bəyanatlar vermir: "Həmişə suverenliyimizi və ərazi bütövlüyümüzü tanıyır”.

Onu da qeyd edək ki, hər iki prezident bu və ya digər formada anti-Azərbaycan mövqeyi sərgiləyib. Bu, müxtəlif formalarda özünü göstərib. Məsələ ondadır ki, Azərbaycanın Cənubi Qafqazda lider mövqeyinə malik olmasına rəğmən, Makron Ermənistana səfər etdi, Frankofoniya tədbirinə qatıldı. Ancaq Azərbaycana səfər etmədi. Makron Ermənistana ötən ilin oktyabrında səfər etməsinə baxmayaraq, bu il yenidən İrəvana səfər edəcək. Bundan başqa, Makron Fransada 24 aprel tarixini qondarma "erməni soyqırımı" ilə bağlı anım günü elan etmək niyyətindədir. Artıq bununla bağlı bir sıra işlər görülür.

Zurabişviliyə gəldikdə isə, bu şəxs seçki kampaniyası dövründə Axalkalakidə erməni əsilli seçicilərlə görüşündə azərbaycanlıların ünvanına xoşagəlməz ifadə işlətmişdi. Bu, Gürcüstanda yaşayan azərbaycanlıların narazılığına səbəb olmuşdu. Diqqətçəkən məqam ondan ibarətdir ki, Zurabişvili ikinci turda prezident seçiləndən və fəaliyyətə başlayandan sonra Gürcüstanda Dağlıq Qarabağda vuruşmuş erməni cəlladına abidə ucaldıldı. Özü də abidənin açılışının məhz 20 yanvar günü olması heç də təsadüfi deyildi.

Bu arada məlum olub ki, Gürcüstan hökuməti Rusiyanın "Qazprom” şirkəti ilə ölkənin qaz təchizatının şaxələndirilməsi üçün danışıqlar aparır. Gürcü rəsmilərin bildirdiyi kimi, danışıqlar yekunlaşmaq üzrədir və əldə edilmiş razılaşmaya əsasən, Gürcüstan Rusiyadan "müəyyən həcmdə” qaz alaraq Azərbaycan qazından asılılığı azaldacaq. Belə bəyanatla iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobuliya çıxış edib. Onun sözlərinə görə, "Qazprom”la müqavilənin uzadılması ölkənin qaz bazarında Azərbaycanın inhisarçı mövqeyi ilə mübarizə aparmaq məqsədi güdür: "Biz istəmirik ki, bazarda inhisarçılıq yaransın və yeganə qaz təchizatçısı Azərbaycan olsun. Azərbaycanın da olmağını istəyirik, amma müəyyən həcmdə qazı Rusiyadan almaq lazımdır”.

Parlament müxalifəti isə hökumətin bu şaxələndirmə cəhdini ölkənin milli maraqlarını satmaq adlandırıb. "Avropa Gürcüstanı” fraksiyasının üzvü Elene Xoştariya bildirib ki, bununla hökumət Tiflisi Moskvanın orbitinə çəkir.

Keçmiş prezidenti Mixeil Saakaşvili də sözügedən məsələdə hakimiyyətin ünvanına sərt bəyanatla çıxış edib: "Sənin strateji tərəfdaşın Azərbaycan heç vaxt, hətta ən kritik məqamlarda belə qaz təchizatından imtina etməyib, o biri tərəfdə isə qaz kəmərini partladan və Gürcüstanı qışın ortasında qazsız qoyan Rusiya dayanıb. Üstəlik, Azərbaycan qazı Rusiya qazından ən azı 20 faiz ucuzdur”.

Bütün bu deyilənlərin fonunda, Gürcüstanın qazla bağlı son addımı Makronla Zurabişvilinin görüşündən qaynaqlana bilərmi?

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov bu ehtimalı və bunlar arasında hansısa əlaqənin olmasını istisna etmədi: "Çünki son vaxtlar Gürcüstan hökumətinin Azərbaycana yönəlik siyasətində bir sıra anlaşılmaz məqamlar var. Bu bir sıra məsələlərdə özünü göstərməkdədir. Gürcüstanın ən çətin günlərində Azərbaycan bu ölkəyə kömək edib. 2006-2007-ci illərdə Rusiya bu ölkəyə qaz verilməsini dayandırdı. Çox çətin vəziyyətdə qalmışdılar. Azərbaycan bu ölkəyə təbii qaz verməklə onları çətin vəziyyətdən çıxardı. Bundan başqa, 2008-ci ilin avqust müharibəsi zamanı Rusiya bu ölkəni blokadaya salmışdı. Gürcüstanı o zaman hərtərəfli blokadadan Azərbaycan çıxardı. Lakin bu gün biz görürük ki, Zurabişvili prezident seçiləndən sonra Gürcüstanın yeni hakimiyyətinin Azərbaycanla bağlı mövqeyi fərqlidir və biz bunu açıq şəkildə görürük. Avakyana abidə ucaltdılar. Baxmayaraq ki, Gürcüstanın özü də separatizmdən əziyyət çəkir, ərazisinin 20 faizinə nəzarət edə bilmir. Gürcüstan qazla bağlı addımını guya Azərbaycanın qiymətləri artırması ilə əlaqələndirir. Fikrimcə, bu bəhanədir. Çünki qiymət artımı larinin dəyərdən düşməsi fonunda çox aşağıdır. Bundan başqa, inanmıram ki, "Qazprom” Azərbaycan qədər sərfəli qiymətə Gürcüstana qaz ixrac etsin. Görünən odur ki, bütün bunlar təsadüfə oxşamır. Fransa Gürcüstana təsir etmək imkanına malikdir və bu ölkələr arasında sıx əlaqələr mövcuddur. 2008-ci ilin avqust müharibəsində o vaxtkı Fransa Prezidenti Sarkozinin vasitəçiliyilə müharibə dayandı. Fransanın da Azərbaycana münasibəti bəllidir. Bu ölkə ATƏT-in Minsk Qrupunda həmsədr ölkə olsa da, hər zaman işğalçı Ermənistanın mənafeyini nəzərə alıb. Prinsipcə, Makron Rusiyanın Cənubi Qafqazda təsir vasitələrinin azaldılması üçün səylər göstərməlidir. Çünki Qərb regionun, ən başlıcası, Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını istəyir. Ancaq son proseslər deyilənlərlə uzlaşmır. Fransanın bu məsələdə sərgilədiyi susqunluq müəyyən əsaslı şübhələrə yol açır. Ola bilsin ki, Makron Azərbaycanın Cənubi Qafqazda artan mövqeyindən narahatdır. O üzdən, sözügedən məsələdə Gürcüstana hansısa formada dəstək verir. Belə olmasaydı, o zaman bu amil nəzərə alınardı və Gürcüstan bu dərəcədə kardinal addım atmazdı”.