“20 Sentyabr Azərbaycan dövlətçiliyinin tarixində mühüm dönüş nöqtəsidi” 


20 Sentyabr Azərbaycan tarixinin mühüm və əlamətdar günlərindən biridir. Bu tarix 2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin ölkənin bütün ərazisində tam bərpa olunması ilə yadda qalıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi də bu tarixi hadisənin dövlətçilik baxımından əhəmiyyətini göstərir. Dövlət Suverenliyi Günü Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və ərazi bütövlüyünün qorunması istiqamətində əldə olunan nəticələrin simvolu kimi xüsusi məna daşıyır.

Bu barədə AMİP.az-a açıqlama verən Milli Məclisin deputatı, AMİP sədri Arzuxan Əlizadə qeyd edib ki, 20 Sentyabr Azərbaycan dövlətçiliyinin tarixində mühüm dönüş nöqtələrindən biridir. Onun sözlərinə görə, 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpası təmin olunub.

O qeyd edib ki, 20 Sentyabr həm də 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı kimi qiymətləndirilməlidir. Deputatın sözlərinə görə, 2020-ci ildə ərazi bütövlüyünün bərpası istiqamətində əldə olunan nəticələr 2023-cü ilin sentyabrında dövlət suverenliyinin bütün ərazilərimizdə təmin olunması ilə tamamlanıb.

Arzuxan Əlizadə vurğulayıb ki, Dövlət Suverenliyi Gününün təsis edilməsi bu tarixi hadisənin Azərbaycan dövlətçiliyi baxımından əhəmiyyətini bir daha nümayiş etdirir. O bildirib ki, suverenliyin qorunması və daha da möhkəmləndirilməsi, dövlət institutlarının gücləndirilməsi, qanunun aliliyinin təmin edilməsi və azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin davam etdirilməsi qarşıda duran əsas vəzifələrdəndir.

Deputat əlavə edib ki, Azərbaycan xalqı bundan sonra da milli həmrəyliyini və dövlətçilik iradəsini qoruyaraq ölkənin müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verməlidir.