"Bir az da dözüb səbr etmək lazımdır"

Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevin "OLAYLAR”-a müsahibəsi

-Elşən bəy, hazırda regionda baş verən prosesləri necə dəyərləndirisiniz.

-Son bir ildə Ukrayna böhranı ilə başlayan və bunun nəticəsində yaranan gərginlik region ölkələrinə də bu və digər mənada təsir edib. Bu gərginlik Avropa İttifaqının və Birləşmiş Ştatların iqtisadi sanksiyalarından sonra daha da dərinləşib. Rusiya bu sanksiyaların ölkəsi üçün elə də ciddi problemlər yaratmayacağını desə də, əslində bu ciddi iqtisadi itkilərə gətirib çıxarıb. Eyni zamanda bu itkilərin nəticəsidir ki, Rusiya keçmiş postsovet məkanı ölkələri ilə siyasi və iqtisadi müttəfiqlik formatında birliklərin yaradılması ilə bağlı təcili tədbirlər görür. Dövlət başçılarının Minsk toplantısında Moldova prezidenti ilə Rusiya prezidenti arasında olmuş söz savaşı da onu göstərir ki, Avropa İttifaqına alternativ geniş birliyin yaranması ciddi problemlərlə qarşılanacaq. Bununla belə əvvəldən də aydın görünürdü ki, Rusiyaya qarşı təsirli sanksiyaların tətbiqində daha çox ABŞ və Böyük Britaniya maraqlı idi və bu gün də davam edir. Almaniya başda olmaqla digər Avropa ölkələri isə özlərinin də iqtisadi zərər görəcəyi səbəbindən bu sanksiyaların daha yumşaq olmasında maraqlı idilər. Bunun nəticəsidir ki, bir neçə gün öncə Milanda Putinin də iştirak etdiyi 20-lərin toplantısında Böyük Britaniya xaric digər dövlətlər proseslərə daha yumşaq yanaşırdılar. Amma bu o demək deyil ki, həmin dövlətlər Ukraynanın müdafiəsindən imtina edirlər. Əksinə onlar elə bir format istəyirlər olsun ki, burada Ukrayna öz ərazi bütövlüyünü təmin etsin və gələcəkdə Avropa İttifaqı ilə bütün sahələrdə müttəfiqliyi olsun, Amma bu müttəıfiqlik elə olsun ki, Putinin bu prosesdən məğlub çıxması kimi görünməsin. Düşünürəm belə bir formatın yaranmasında artıq Rusiya da maraqlıdır. Çünki Rusiya da anlayır ki, belə vəziyyət uzun müddət davam edə bilməz. Təbliğat maşını nə qədər var gücü ilə işləsə də, sanksiyaların ağır nəticələri bir müddət sonra qabarıq görünəcək və o zaman daxildə yarana biləcək problemlər daha təhlükəli olacaq.

-Bu arada Azərbaycan və Ermənistan prezidentlərinin nəzərdə tutulan görüşündən gözləntiləriniz nədən ibarətdir?

-Azərbaycan və Ermənistan prezidentləri artıq neçənci dəfədir ki, görüşürlər. Bu görüşlərin əksəriyyəti Rusiya prezidenlərinin vasitəçiliyi ilə olub. Düşünürəm ki, bu görüşlərin olması lazımdır. Azərbaycanın istər iqtisadi, istərsə də hərbi potensialı Ermənistandan üstündür. Bu görüşlərdə nəticə olmasa belə bu beynəlxalq aləmə və problemi yaradanlara mesajdır ki, biz hərbi əməliyyatlara başlamaq iqtidarında olsaq da, problemin sülh yolu ilə həll olunmasında daha maraqlıyıq.


-Son vaxtlar Rusiyanın Qarabağ problemini həll etməyə maraqlı olduğu barədə fikirlər səslənir. Siz bunu necə qarşılayırsınız və Kreml belə bir niyyətdə ola bilərmi?

-Məlumdur ki, problemin həlli bir başa Rusiyadan asılidır. Regionda problemlər başlayandan necənci dəfədir ki, Dağlıq Qarabağ konfliktinin bizim xeyrimizə Rusiya tərəfindən həll olunacağı ilə bağlı məlumatlar gedib. Biz bilmirik Rusiya bu problemin həllinə hazırdımı? Hazırdısa əvəzində nə istəyir? Onun istədiyi müqabilində bizim qazanacağımız uduzmağımıza gətirib çıxartmayacaq ki? Əslində isə zaman Azərbaycanın xeyrimizə işləyir. Yəni bir neçə il öncə problemin həlli müqabilində bizdən tələb olunan şərtlər regiondakı böhran səbəbindən xeyli yumşalıb. Düşünürəm ki, getdikcə bu daha da yumşalacaq. Bir az da dözüb səbr etmək lazımdır.