Azərbaycanda Rusiyanın təsir imkanları böyükdür

“Özünün  müəyyən məqsədlərini həyata keçirmək, hansısa proseslərin qarşısını almaq üçün “5-ci kalon”dan istifadə edə bilər…”
 
AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədovla Moderator.az  üçün növbəti söhbətimizdə Ukraynada məqsədlərinə çata bilməyən, demək olar ki, hərbi-siyasi cəhətdən tam məğlubiyyəti yaxın görünən Rusiyadakı hakim rejimin digər keçmiş ittifaq respublikalarında öz dayaqları vasitələrlə revanş götürə bilməsi ehtimalından danışdıq.
 
-Etibar bəy, sizcə, Ukraynada hədəflərinə nail ola bilməyən Rusiya digər keçmiş müttəfiq respublikalarında, o cümlədən Azərbaycanda müəyyən vasitələrlə revanş götürməyə çalışa bilməz ki?
 
– Xeyr, Rusiya Azərbaycanda necə revanş götürə bilər ki? Bu saat Rusiya Azərbaycanla ehtiyatlı olmağa çalışır. Həm də ona görə ki, Türkiyəni itirmək istəmir. Türkiyə hazırkı şəraitdə Rusiya üçün tərəfdaş kimi çox önəmli dövlətdir.  Sanki Türkiyə Moskvanın dünyaya çıxışı üçün bir pəncərədir. Təbii ki,  Kreml tərəfindən Azərbaycana qarşı hər hansı bir aqressiv hərəkət də onun üçün Türkiyənin itirilməsinə gətirib çıxara bilər. Rusiya da bunu etmək istəmir və etmək də iqtidarında da deyil. Ona görə də Azərbaycana qarşı Rusiyadan açıq-aşkar, aqressiv heç bir hərəkət gözlənilmir...
 
– Belə düşüncələr var ki, Ukraynadan əlini üzən Rusiya buradakı “5-ci kalon”unu daha da fəallaşdıra bilər...
 
– Bilirsiniz, “5-ci kalon” onsuz da həmişə var. Azərbaycanda Rusiyanın təsir imkanları böyükdür. Azərbaycan həmin imperiyanın keçmiş müstəmləkəsi kimi 200 ildən çox birbaşa Rusiyanın tərkibində olub. Ona görə də Moskvanın burada təsir imkanları həmişə olub və daim mümkün qədər Azərbaycandakı proseslərə təsir göstərməyə çalışacaq. Təbii ki, Kreml özünün  müəyyən məqsədlərini həyata keçirmək, hansısa proseslərin qarşısını almaq üçün “5-ci kalon”dan istifadə edə bilər. Onlar təxribat da edə bilər,  qarışıqlıq da sala bilərlər. Amma bir daha təkrar edirəm: Rusiyanın Azərbaycana qarşı birbaşa açıq-aşkar aqressiv davranışı bu gün mümkün deyil.  Dediyim kimi, Türkiyənin itirilməsi təhlükəsi Kreml üçün çox böyük təhdiddir. Yəni Rusiya hakimiyyəti Türkiyəni itirmək istəmir, çünki ondan asılıdır...
 
– Belə çıxır ki,  Türkiyənin təsiri, nüfuzu olan digər keçmiş müttəfiq respublikalarda da, xüsusən də Qazaxıstan və Orta Asiyanın türk, müsəlman ölkələrinə  Rusiyanın o qədər də  müdaxilə etmək imkanları qalmayıb...
 
–   Qazaxıstanda, Qırğızıstanda bəlkə də Rusiyanın təsir imkanları daha çoxdur. Fəqət həmin ölkələrdə Türkiyənin təsiri də get-gedə artır. Digər tərəfdən isə son hadisələr göstərdi ki, Azərbaycanın Qazaxıstan, Özbəkistan, Türkmənistanla və s. yaxınlaşması türk dövlətləri üçün çox böyük perspektivlər açır. Hamı da tədricən bunu anlamağa alışır, bunun əhəmiyyətini bilirlər. Bu istiqamətdə də işlər gedir. Təsadüfi deyil ki, ötən söhbətimizdə qeyd etdiyimiz kimi,   Qazaxıstan, Qırğızıstan və Tacikistan son hadisələrlə bağlı açıq-aşkar Ermənistanın əleyhinə çıxış etdilər...
 
Sonda bir daha şəhid ailələrimizə başsağlığımı yetirirəm. O şəhid övladlarımız Vətən, dövlət, xalq üçün əvəzsiz xidmət göstəriblər. Onların qanı da yerdə qalmayıb və qalmayacaq da... Ən əsası odur ki, bu dövlətimiz məhz şəhidlərimizin, qazilərimizin sayəsində yaşayır...
Allah rəhmət eləsin!..

 

Millət