«Bütün mümkün hüquqi variantlardan sona qədər maksimum səmərəli istifadə etməyə çalışmalıyıq»
Xəbər
verildiyi kimi, Beynəlxalq Ədalət Məhkəməsi qərar verib ki, Xorvatiya
Yuqoslaviyadan ayrıldığı zaman baş verən müharibədə Xorvatiya və Serbiya
arasında soyqırım halları olmayıb. Xorvatiya hökuməti iddia etmişdi ki,
Serbiya 1991-ci ildə Vukovar şəhərində və başqa yerlərdə soyqırım
həyata keçirib.
Bundan sonra Serbiya da Xorvatiyada yaşayan 200 mindən çox serbin məhv edilməsi barədə əks iddia irəli sürmüşdü.
1991-1995-ci
illər ərzində davam etmiş müharibədə Xorvatiya Yuqoslaviyadan ayrıldığı
zaman 20000-ə qədər insan həlak olub. Onların əksəriyyəti xorvatlar
olub.
Çərşənbə axşamı məhkəmədə çıxış edən hakim Peter Tomka
həm Xorvatiyanın iddiasını, həm də Serbiyanın əks iddiasını rədd edib.
«Müharibə zamanı hər iki tərəf zorakılığa yol verib»-deyə hakim qeyd
edib. Lakin tərəflər «soyqırım aktları üçün zəruri olan konkret niyyət»
sübut edə bilməyib.
Xorvatiya BMT-nin əsas məhkəməsi olan
BƏM-ə özünün ilk iddiasını 1999-cu ildə təqdim edərək serbləri münaqişə
zamanı etnik xorvatları hədəfə almaqda günahlandırıb. Vukovar şəhəri
1991-ci ildə Serbiya tərəfindən işğal olunduğu zaman darmadağın edilib.
Xorvatiya, həmçinin, Serbiyadan «insanlara və əmlaka, habelə
Xorvatiyanın iqtisadiyyatına və ətraf mühitinə vurduğu ziyana görə»
təzminat ödəməsini istəyir.
Bütün bunlar öz yerində. Təbii ki,
etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hansı xalq etnik
soyqırıma məruz qalıbsa, buna görə günahkar olanlar öz cəzasını
almalıdır. Ancaq analoji olaraq Azərbaycan da Xocalı soyqırımı ilə bağlı
BMT-nin əsas məhkəməsi olan BƏM-ə müraciət edib, ancaq indiyə qədər bu
öz hüquqi qiymətini almayıb. Niyə?
Məsələyə münasibət bildirən
AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov bunu bir sıra amillərlə
əlaqələndirdi: «Səbəblər müxtəlifdir. Əsasən də Azərbaycana münasibətdə
sərgilənən ikili standartlardan qaynaqlanır. Belə ki, 23 ildən çoxdur
biz bunu görürük. Məsələ ondadır ki, BMT-nin Təhlükəsizlik Şurasının
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi var. Sözügedən təşkilat
həmin qətnamələrin yerinə yetirilməsini təmin edibmi ki, indi də BƏM
Xocalı soyqırımı ilə bağlı ədalətli qərar çıxarsın?! Hər şey göz
qabağındadır. Yəni bütün bunlar bir-biri ilə bu və ya digər dərəcədə sıx
bağlıdır. Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. İndiyə qədər
başda BMT və digər beynəlxalq təşkilatlar Ermənistanı konkret olaraq
təcavüzkar dövlət kimi göstərməyiblərsə, Beynəlxalq Ədalət Məhkəməsinin
Xocalı soyqırımı ilə bağlı müraciətə baxacağını və ədalətli qərar
çıxaracağını düşünmək sadəlövhlük olar. Bütün bunlarla yanaşı, hesab
edirəm ki, biz özümüz də sözügedən məsələdə aktiv olmalıyıq. Yəni bütün
mümkün hüquqi variantlardan sona qədər maksimum səmərəli istifadə etməyə
çalışmalıyıq»./Bakı Xəbər/
Vidadi ORDAHALLI