"Ermənistan dövlət olaraq rəsmi sənədlərdə mövcuddur"

Son günlər Azərbaycanın Avrasiya İttifaqına üzvlük məsələsi yenidən aktuallaşıb. Qeyd edək ki, bu ideyanın təşəbbüskarı olan Putin əvvəlcədən Azərbaycanı həmin qurumun tərkibində görmək istədiyini bəyan edib. Əvvəl Azərbaycan bu təklifdən birmənalı olaraq imtina edirdi. Sonrakı reallıqlar dəyişdi.
Rusiya Qərbin sanksiyaları ilə üz-üzə qaldı. Bu səbəbdən də Azərbaycana yönəlik siyasətdə müəyyən yumşalmalar hiss edildi. Hətta vəziyyət o yerə çatdı ki, Ermənistan kimi müttəfiqi Rusiya rəsmi şəkildə Qarabağdan imtina etdirərək həmin quruma üzv etdi. Təbiidir ki, bu istiqamətdə Azərbaycan diplomatiyası çoxdandır fəaliyyət göstərirdi. Hətta Ermənistanın quruma qəbulunda İlham Əliyevin bir neçə ay əvvəl yazdığı irad məktubundakı tezislər əsas götürüldü.

Rəsmi Bakının bu ittifaqa üzvlüklə bağlı rəsmi şərti olmayıb. Yəni açıq şəkildə deyilməyib ki, Ermənistan Qarabağsız ittifaqa üzv olarsa, Bakı da Avrasiya İttifaqına daxil ola bilər. Amma aylardır bu qurumun təsisçisi olan iki ölkə - Belarus və Qazaxıstan rəhbərləri hər toplantıda Azərbaycanın bu şərtini xatırladırdı və bunu Ermənistanın quruma üzvlüyündə ən böyük əngəl hesab edirdi. Ermənistana "Qarabağdan imtina" şərti qoyuldu və Sarkisyan buna razılıq verdi.

Nazarbayev və Lukaşenko bu mövzudan danışarkən "Azərbaycanı incitmək olmaz" ifadəsini işlədirdilər. Ermənilərə görə, nə Qazaxıstan, nə Belarus Azərbaycanı doğrudan da incitmək istəməz. Bunun əvəzində Azərbaycandan nə istəyəcəklər, Qarabağla bağlı hansısa yenilik ola bilərmi?
Regionda ciddi iqtisadi gücə çevrilən Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünün bu quruma yeni bir nəfəs və hərəkət verəcəyi aydındır. Bunun üçün Azərbaycanın özünü qane edən şərtləri irəli sürməsi nə dərəcədə doru olar və bu şərtlər nədən ibarət olmalıdır?

Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə sədr müavini Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanın Gömrük İttifaqına, sonradan isə Avrasiya İttifaqına üzv olmaq istəyi başadüşüləndir: "Birincisi, Ermənistan dövlət olaraq rəsmi sənədlərdə mövcuddur. Əslində isə qeyri-rəsmi olaraq Rusiyanın federasiya subyektlərindən biri kimi mövcuddur. İkincisi, iqtisadiyyatı dağılmış, vətəndaşları ölkəni tərk etmiş, yerdə qalan insanlarının əksəriyyəti dilənçi halında olan bir dövlət üçün hər hansı birlikdə olmaq bəlkə də uduşdur.

Azərbaycanın isə vəziyyəti bir qədər fərqlidir. Biz istənilən ittifaqa üzv olmaq istəsək, bunu öncədən ciddi şəkildə araşdırmalıyıq. Yəni bu ittifaqın ölkəmizin iqtisadiyyatına, dövlətin müstəqil kursuna, ərazi bütövlüyünə hər hansı təhlükə törədib-tərətməyəcəyi araşdırılmalıdır. Təbii ki, bununla bağlı bizi qane edən şərtlərimizi də irəli sürməliyik. Hər hansı ittifaqda təmsil olunmaq olar. Amma bu, ölkə üçün ittifaqa girmədən öncəki siyasi və iqtisadi vəziyyətindən daha yaxşı perspektiv vəd edərsə, uğurlu sayıla bilər. Əks halda isə yalnız itkilərlə qarşılaşa bilərik. Bu gün 7 rayonun Azərbaycana qaytarılması qarşılığında Gömrük İttifaqına və Avrasiya İttifaqına üzv olmağımız perspektivlərinə də inanmaq çətindir. Əgər şərtsiz-filansız torpaqlarımız qaytarılarsa, bundan sonra biz qonşularımızla əməkdaşlıq formaları ətrafında müzakirələr apara bilərik".|Bakı Xəbər"|

Məhəmmədəli QƏRİBLİ