"Formatı dəyişmək ən optimal variant olardı"

Əli Orucov: "Uzun illərdən bəri həmin ölkələrdə olan erməni diasporu istədiklərinə nail ola bilib"

Minsk Qrupu 1992-ci il martın 24-də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi problemini sülh yolu ilə həll etmək üçün Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) nəzdində qurulub. Minsk Qrupuna həmsədr ölkələrin nümayəndələri bu günə qədər bu məqsədlə Azərbaycan və Ermənistana bir çox ziyarətlər edib, hər iki ölkənin prezidentləri və XİN rəhbərləri ilə dəfələrlə görüşüblər. Amma bu ziyarətlərin və vasitəçilik missiyalarının heç bir nəticəsi olmayıb.

Bir fakta xüsusi diqqət yetirmək lazımdır ki, Minsk Qrupunun həmsədr dövlətləri olan ABŞ, Fransa və Rusiyanın məsələyə münasibəti dəyərləndirildiyi zaman vasitəçilik missiyalarına uyğun olmayaraq Azərbaycan torpaqlarının Ermənistanın işğalından qurtarılması üçün beynəlxalq hüququ və ədaləti təmsil etmədikləri açıqca bəlli olur. Əsasən də həmin ölkələrdə olan güclü erməni diasporunun təsiri aydın nəzərə çarpır.

Həmsədr ölkələrin Ermənistanla münasibətlərini nəzərdən keçirdikdə belə bir mənzərə ortaya çıxır: Rusiyanın Ermənistanda hərbi bazası var. Müstəqil Dövlətlər Birliyi (MDB) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistanı Rusiya strateji müttəfiq adlandırır, Ermənistan iqtisadiyyatının təməlini təşkil edən sənaye müəssisələri Rusiyanın nəzarətindədir. Rusiyada güclü erməni diasporu var və hakimiyyətin müxtəlif pillələrində təmsil olunmaqdadır. Təbii qaz və benzin ehtiyacının, demək olar ki, hamısı Rusiya tərəfindən təchiz olunur. ABŞ Minsk Qrupunda həmsədr ölkə olsa da, məsələyə beynəlxalq hüquq çərçivəsində yanaşmır. ABŞ "Müstəqilliyin dəstəklənməsi qanununa" Amerika dövlətinin Azərbaycana köməklik etməsini əngəlləyən "907-ci Düzəliş"i qəbul edir, qondarma "DQR" rejiminə hər il maliyyə vəsaiti ayırır, ölkəsində bu rejimin nümayəndəliyinin açılmasına razılıq verir, qeyri-rəsmi də olsa, qondarma rejim rəsmilərinin ölkəsinə gəlməsinə göz yumur. ABŞ-dakı erməni diasporunun nümayəndələri ABŞ hökumətinin Ermənistan və qondarma "DQR" rejiminə yönəlik siyasətini müsbət yöndə formalaşdırmağa çalışır. ABŞ Ermənistanı Rusiya qarşısında dəstəkləyir. ABŞ-da ayrı-ayrı ştatlar qondarma "erməni soyqırımı"nı tanıyan qanunlar qəbul edir.

Son iyirmi ildə Ermənistan İsraildən sonra ABŞ-dan adambaşına ən çox maliyyə yardımı alan ölkədir. ABŞ region və digər dövlətlərdən İran ilə iqtisadi, siyasi münasibətlərini kəsməyi tələb edərkən, Ermənistan və İran rəsmiləri mütəmadi olaraq qarşılıqlı ziyarətlər edir, iqtisadi, siyasi, ticari və enerji sahəsində münasibətləri inkişaf etdirir. ABŞ terrora dəstək verən dövlətlərə qarşı tətbiq etdiyi iqtisadi, siyasi sanksiyaların heç birini Ermənistana tətbiq etmir. Qondarma "DQR" nümunəsində separatizmi və etnik millətçiliyi dəstəkləyir. Fransa Ermənistanı beynəlxalq aləmdə dəstəkləyir, ABŞ kimi ondan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edir, qondarma "erməni soyqırımı"nı tanıyan və inkar edilməsini cinayət sayan qanun qəbul edir, Fransadakı erməniləri Azərbaycan və Türkiyəyə qarşı təşkilatlandırır, 1980-ci illərdə türk diplomatlarına qarşı terror aktları həyata keçirən terrorçu-cinayətkarları sərbəst buraxmaqdan çəkinmir, Fransanın sabiq prezidenti Nikola Sarkozinin ifadə etdiyi kimi, Ermənistanı "bacısı" olaraq görür və təəssübünü çəkir. Bütün bunlar Fransada fəaliyyət göstərən güclü erməni diasporunun köməkliyilə edilir.

Göründüyü kimi, həmsədr ölkələrlə bağlı ortaya çıxan ən ümumi məlumat həmin dövlətlərdə erməni diasporunun güclü olmasıdır. Bu faktorun münaqişənin həllinə nə kimi təsiri olur? Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov qəzetimizə açıqlamasında bildirdi ki, erməni diasporu faktoru Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına mane olan ən mühüm amildir: "Digər tərəfdən isə, bu, ermənilərə üstünlük qazandıran bir vasitə oldu. Bəli, danılmaz həqiqətdir ki, bu gün tamamilə fəaliyyətsiz bir vəziyyətdə olan Minsk Qrupunda təmsil olunan ölkələrin hər birində erməni diasporu ən güclü şəkildə təşkilatlanıb. Bəlkə də dünyada erməni diasporunun bu qədər güclü olduğu başqa ölkələr yoxdur. Elə bil ki, bu formatı qəsdən seçiblər. Formata daim etiraz edirlər. Hətta Azərbaycan tərəfi rəsmi mövqe ilə də formatın dəyişdirilməsini istəyib. Ancaq ortada heç bir irəliləyiş yoxdur, heç perspektivdə də görünmür. Sanki həmin format problemin konservləşdirilməsini öz üzərinə götürüb və bunun da öhdəsindən layiqincə gələ bilir. Son illər xarici ölkələrdə fəallaşan Azərbaycan diasporu da öz öhdəsinə düşən işləri layiqincə yerinə yetirir. Ancaq uzun illərdən bəri həmin ölkələrdə olan erməni diasporu istədiklərinə nail ola bilib. Bu baxımdan da formatı dəyişmək ən optimal variant olardı". /Bakı Xəbər/

Məhəmmədəli QƏRİBLİ