"İqtisadi inteqrasiya gələcək siyasi inteqrasiyaya zəmin hazırlayır"

Əli Orucov: "Rəsmi Moskvanı əsas narahat edən məqam odur ki, "Transxəzər"in
reallaşmasından sonra ABŞ-ın..."

Rusiyanın "Transxəzər" qaz layihəsinin əleyhinə olması yeni məsələ deyil. Zaman-zaman Rusiya buna öz mənfi münasibətini büruzə verib.

Ancaq son dövrlər Rusiyanın bu layihəyə qarşı narahatlığı açıq şəkildə özünü göstərir. Ölkənin yüksək ranqlı rəsmiləri səviyyəsində bunun bəyan olunması diqqəti çəkir. Məsələ ondadır ki, Moskva indiyədək anti-"Transxəzər" mövqeyini Xarici İşlər Nazirliyinin adi məmurları vasitəsilə çatdırırdısa, artıq məsələyə Sergey Lavrov səviyyəsində münasibət bildirilir. Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıq şəkildə bildirdi ki, Moskva "Transxəzər" layihəsinin əleyhinədir: "Bizim yanaşmamız budur ki, hər bir ölkə suveren şəkildə öz iqtisadi müttəfiqlərini özü seçir. Bir şərtlə ki, bu proses zamanı öz qonşularının qanuni maraqlarını pozmamış olsun. "Transxəzər" qaz borusu ölkələrinə, daha doğrusu, "Transxəzər" layihəsi də məhz bu kateqoriyaya, yəni bu danışıqlarda iştirak etməyən ölkələrin qanuni maraqlarına toxunan layihələr kateqoriyasına aiddir".

Görünən odur ki, artıq Xəzərin statusuna da ikili standartlarla baxırlar. Sərf edəndə Xəzər olur ümumi, sərf etməyəndə olur fərqli. Həştərxan sammiti ərəfəsində Rusiya tərəfi bəyanat vermişdi ki, Xəzər dənizi ilə bağlı məsələlər yalnız Xəzəryanı dövlətlərin birgə razılığı ilə həll edilməlidir. Onsuz da Azərbaycan öz enerji resurslarını Qərbə çıxarır. Rusiyanın yaratdığı maneələrə rəğmən, ötən illər ərzində Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri çəkildi. O cümlədən, "Şahdəniz" qazının hasil olunması istiqamətində ciddi iş gedir. Belə olan halda, Rusiya niyə "Transxəzər" layihəsinin bu dərəcədə əleyhinədir?

Məsələyə münasibət bildirən AMİP Mərkəzi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, Rusiyanın bunun əleyhinə çıxmasının kökündə daha çox siyasi səbəblər dayanır: "İqtisadi səbəblərdən çox siyasi faktorlar üzündən Rusiya bunun əleyhinədir. Düzdür, Türkmənistanın kifayət qədər böyük həcmdə qaz ehtiyatları var ki, bununla Avropanı təkbaşına qazla təmin etmək gücünə malikdir.

Türkmən qazının Azərbaycan vasitəsilə Avropaya çıxması o deməkdir ki, Rusiyadan qaz asılılığı xeyli azalacaq. Ancaq rəsmi Moskvanı əsas narahat edən məqam odur ki, "Transxəzər"in reallaşmasından sonra ABŞ-ın Orta Asiya ölkələri arasında real təsir imkanları artacaq. Düzdür, Türkmənistan neytral siyasət yeridir və heç bir hərbi-siyasi blokda təmsil olunmur. Ancaq nəzərə almaq lazımdır ki, iqtisadi inteqrasiya gələcək siyasi inteqrasiyaya zəmin hazırlayır. Bu da Rusiyanı indidən narahat edir"./Bakı Xəbər/

Vidadi ORDAHALLI