"Məsələyə birmənalı prizmadan yanaşmaq çətindir"

Avropa Birliyi ümid edir ki, Ukrayna şərq regionlarına muxtariyyət statusu verəcək. Bu barədə təşkilatın xarici işlər üzrə ali nümayəndəsi Federika Moqereni Avstriya qəzetinə müsahibəsində deyib. "Brüssel Kiyevdən nə gözləyir" sualına Moqereni həm də "şərq üçün muxtariyyət statusu" söyləyib.
"Regiondan çoxlu qaçqın var, humanitar kömək həlledici əhəmiyyət daşıyır. Korrupsiya ilə mübarizə aparmaq lazımdır, iqtisadiyyat yenə də işləməlidir. Ukrayna dəyişikliklərə görə məsuliyyət daşıyır" - deyə o qeyd edib.

AB rəsmisi, həmçinin, Rusiya ilə münasibətlərdə gərginliyin azalmasına ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, AB, Ukrayna və Rusiya arasında danışıqlara daha tez başlamaq lazım idi.

Məlum olduğu kimi, bir ilə yaxındır Ukraynanın ərazi bütövlüyü pozulub. Məsələ ondadır ki, 2013-cü il noyabrın 21-də Rusiyanın təzyiqlərinə dözməyən Ukrayna hökuməti Avropa Birliyi ilə geniş inteqrasiyaya dair sənədlərin imzalanması prosesini dayandırdı. Bunun ardınca Ukrayna müxalifəti davamlı etiraz aksiyalarına qalxdı, toqquşmalarda çoxlu adam öldü. Bu il fevralın 22-də prezident Viktor Yanukoviç parlamentin qərarı ilə postundan uzaqlaşdırıldı. Hakimiyyət Qərbmeylli qüvvələrin əlinə keçəndən sonra Rusiya Ukraynanın Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirdi. Martın 21-də Ukraynanın yeni hakimiyyəti Avropa Birliyi ilə assosiasiya sazişinin siyasi bölümünü imzaladı. Bunun ardınca Ukraynanın şərq vilayətlərində Rusiyanın dəstəklədiyi separatçı hərbi-siyasi qüvvələr baş qaldırdı, Donetsk və Luqansk vilayətlərini "müstəqil respublika"lar elan etdi.
Ukraynada mayın 25-də keçirilmiş prezident seçkisində qalib gələn Qərbmeylli demokrat Petro Poroşenko iyunun 27-də Avropa Birliyi ilə assosiasiya sazişinin iqtisadi hissəsini imzaladı. İyun ayından Ukrayna Silahlı Qüvvələri hücuma keçərək Donetsk və Luqansk vilayətlərinin bir hissəsini azad etdi. Son rəsmi məlumatlara görə, separatçılarla hökumət qüvvələri arasındakı toqquşmalarda 4000-dən çox adam həlak olub, azı 930 min nəfər qaçqın düşüb.

Beynəlxalq birliyin səylərinə rəğmən, Rusiya separatçıları dəstəkləməkdə davam edir. Qərb hesab edir ki, Ukraynanın şərqində kompakt yaşayan rusdilli ölkə vətəndaşlarına muxtariyyət verilsə, problemi mərhələ-mərhələ həll etmək olar. O baxımdan siyasilər Ukraynanın şərq regionlarına muxtariyyətin verilməsinə necə baxır?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, birmənalı şəkildə demək olmaz ki, bu ölkənin şərq regionlarına muxtariyyət verilsə, məsələ öz həllini tapacaq: "Kim zəmanət verə bilər ki, məlum addımdan sonra separatçılar digər iddialarla çıxış etməyəcək. Düzdür, Ukrayna bununla bağlı müəyyən vədlər verib. Ancaq, istənilən halda, bu kimi məsələlər ölkədə ciddi müzakirə olunmalıdır. Söhbət ölkənin unitar quruluşunun dəyişdirilməsindən gedir.

Hər kəsə bəllidir ki, baş verənlərin arxasında birbaşa Rusiya durur. Rusiya Ukraynanın Avropa Birliyinə inteqrasiyasını heç cür həzm edə bilmir. Məhz bu səbəbdən Krımı işğal etdi və daha sonra Donetskdə, Luqanskda separatçılara dəstək verdi. O üzdən, məsələyə birmənalı prizmadan yanaşmaq çətindir". /Bakı Xəbər/

Vidadi ORDAHALLI