"Siyasət ciddi peşə olduğuna görə onlar bu məsuliyyətin altına girə bilməz"

Əli Orucov: "Şou-biznes nümayəndələrinin millət vəkili olması məqsədəuyğun deyil. Onlar deputatlığı gözdən sala bilər"

"Siyasət ciddi peşə olduğuna görə onlar bu məsuliyyətin altına girə bilməz"

Son vaxtlar bəzi şou-biznes nümayəndələrinin parlament seçkilərində iştirak etmək və namizədliyini irəli sürmək istədikləri barədə söz-söhbətlər yayılmağa başlayıb.

Belə fikirlər var ki, bir çox şou-biznes nümayəndəsinin könlündən millət vəkili olmaq keçir. Bənzər istəklər əslində yeni deyil. Yəni əvvəlki parlament seçkilərində də belə fikirlər var idi. Prinsipcə, ilk baxışdan bunda qəbahət bir şey yoxdur. Ölkə Konstitusiyasına görə, müvafiq qanunlar çərçivəsində istənilən ölkə vətəndaşı parlamentə namizədliyini verə bilər. Ancaq reallığı da nəzərə almaq lazımdır. O mənada ki, nüfuzu olan və siyasətdən başı çıxan şəxs namizədliyini irəli sürməlidir.

Məsələyə münasibət bildirən AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov şou-biznes nümayəndələrinin millət vəkili olmasını məqsədəuyğun hesab etmir: "Məsələ ondadır ki, siyasət şou-biznesdən fərqli olaraq ciddi sənətdir. siyasət şou-biznesdən fərqli olaraq ciddi sənətdir.Siyasətlə məşğul olan şəxs bütün baş verənlərin fərqində olmalı və ən başlıcası, öz hərəkətlərinə məsuliyyətlə yanaşmalıdır. Millət vəkili olmaq istəyən hansısa bir şou-biznes nümayəndəsinin etdiyi qeyri-ciddi hərəkət mənfi mənada böyük rezonansa səbəb ola bilər. Zatən, şou-biznes nümayəndələrinin timsalında bu cür risqlər hər zaman var. Siyasət ciddi peşə olduğuna görə şou-biznes nümayəndələri bu məsuliyyətin altına girə bilməz. Bəzi şou-biznes nümayəndələrinin müəyyən maddi imkanı olduğuna görə hesab edir ki, millət vəkili olmaq asan bir şeydir. Əslində bu cür yanaşma tamamilə yanlışdır. Ona görə də şou-biznes nümayəndələrinin millət vəkili olması məqsədəuyğun deyil. Onlar deputatlığı gözdən sala bilər"./Bakı Xəbər/

Vidadi ORDAHALLI