Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH


Azərbaycan ilə Böyük Britaniya arasındakı münasibətlər tarixən dərin qarşılıqlı etimad və əməkdaşlıq təməllərinə dayanır. Xüsusilə enerji sektorunda başlanılan qlobal layihələr – “Əsrin müqaviləsi” və Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması bu tərəfdaşlığın təməl daşını təşkil edib. İmzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamə isə ikitərəfli əlaqələri tamamilə yeni müstəviyə qaldıraraq, ənənəvi sahələrlə yanaşı, yaşıl enerji, yüksək texnologiyalar və regional təhlükəsizlik kimi prioritet istiqamətlərdə dərin inteqrasiya üçün güclü zəmin yaradır.

Bu yeni mərhələ ölkəmizə ilk növbədə texnoloji yeniliklər və qeyri-neft sektorunun şaxələndirilməsi baxımından ciddi üstünlüklər qazandıracaq. Böyük Britaniyanın qabaqcıl yaşıl texnologiya şirkətlərinin Azərbaycanın azad olunmuş ərazilərində və ümumilikdə ölkə üzrə həyata keçirilən günəş və külək enerjisi layihələrində birbaşa iştirakı sürətlənəcək. Eyni zamanda, iki ölkə arasında akademik mübadilələrin, ikili diplom proqramlarının və informasiya texnologiyaları sahəsində bilik transferinin artması yerli mütəxəssislərin beynəlxalq standartlara uyğun hazırlanmasına və qeyri-neft sektoruna yeni britaniyalı investorların cəlb olunmasına təkan verəcək.

Böyük Britaniyanın Azərbaycanın enerji və nəqliyyat layihələrində iştirakına gəldikdə isə, bu əməkdaşlığın daha da genişlənəcəyi şübhə doğurmur. Onilliklərdir ölkəmizin əsas enerji tərəfdaşı olan BP-nin artıq bərpaolunan enerji layihələrində fəal rol alması bunun bariz nümunəsidir. Bununla yanaşı, regionda nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə Orta Dəhlizin strateji əhəmiyyətinin artması fonunda Böyük Britaniyanın aparıcı logistika və maliyyə qurumlarının bu marşrutların modernləşdirilməsinə və infrastruktur layihələrinə investisiya yatırmaqda maraqlı olduğu açıq görünür.

Bu genişlənən tərəfdaşlıq fonunda Azərbaycanın regionun əsas yaşıl enerji və logistika mərkəzinə çevrilməsi prosesində Böyük Britaniya şirkətləri hansı sahədə daha həlledici rol oynaya bilər?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsi və iqtisadi imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır:

“Hesab edirəm ki, bu sənəd Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Azərbaycan artıq uzun illərdir ki, Böyük Britaniya ilə xüsusilə enerji sahəsində uğurlu əməkdaşlıq edir. BP şirkətinin ölkəmizdə həyata keçirdiyi layihələr bu tərəfdaşlığın konkret nəticələridir. Yeni bəyannamə isə mövcud əməkdaşlığın daha geniş istiqamətləri əhatə etməsinə imkan yaradır.

Böyük Britaniyanın Azərbaycanın enerji sektorunda iştirakının genişlənməsi üçün kifayət qədər böyük potensial mövcuddur. Xüsusilə bərpaolunan enerji, yaşıl enerji texnologiyaları, enerji təhlükəsizliyi və yaşıl maliyyələşmə istiqamətlərində birgə layihələrin həyata keçirilməsi mümkündür. Azərbaycan təkcə neft və qaz ixracatçısı kimi deyil, eyni zamanda gələcəkdə Avropanın yaşıl enerji təminatında mühüm rol oynaya biləcək ölkə kimi çıxış edir. Bu baxımdan Britaniya şirkətlərinin yeni enerji layihələrinə cəlb olunması həm investisiya imkanlarını genişləndirə, həm də ölkəmizin enerji sektorunun şaxələndirilməsinə töhfə verə bilər”.

Deputat qeyd edib ki, digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Azərbaycanın coğrafi mövqeyi, Şərqlə Qərb arasında mühüm tranzit ölkə olması və Orta Dəhlizin inkişafı bu əməkdaşlığı daha da aktuallaşdırır. Böyük Britaniyanın nəqliyyat infrastrukturu, logistika və maliyyələşmə sahəsində təcrübəsindən yararlanmaq ölkəmizin tranzit imkanlarının artırılmasına xidmət edə bilər. Bəyannamədə də Orta Dəhlizin inkişafına, nəqliyyat və infrastruktur layihələrinə dəstək xüsusi olaraq vurğulanır. Bununla yanaşı, sənəddə ticarət, investisiya, təhsil, innovasiya və rəqəmsal texnologiyalar üzrə əməkdaşlıq da nəzərdə tutulur.

Ümumilikdə, bu strateji tərəfdaşlığı yalnız diplomatik münasibətlərin yeni səviyyəyə yüksəlməsi kimi qiymətləndirmək düzgün olmazdı. Əsas məsələ imzalanmış sənəddə əksini tapan razılaşmaların konkret layihələrə və real iqtisadi nəticələrə çevrilməsidir. Düşünürəm ki, Azərbaycan və Böyük Britaniya arasında mövcud siyasi etimad və iqtisadi əlaqələr gələcəkdə daha böyük investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Bu əməkdaşlıq ölkəmizin iqtisadi dayanıqlılığının gücləndirilməsinə, yeni iş yerlərinin açılmasına və beynəlxalq nəqliyyat-logistika sistemində mövqelərinin möhkəmlənməsinə xidmət edə bilər”.