5 rayonun qaytarılması barədə yayılan məlumatları şayiə və qeyri-ciddi söhbət hesab edirəm

Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərindən sonra Azərbaycan və Rusiya müdafiə nazirlərinin qarşılıqı işgüzar səfərləri baş tutdu. Avqustun 12-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Rusiyada, avqustun 14-də isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycanda səfərdə olub. Bu səfərlərin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

Deputat, siyasi şərhçi Sahib Alıyev hesab edir ki, bu cür qarşılıqlı səfərlər ciddi mətləblərdən xəbər verir. "Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərindən 5 gün ötməmiş Azərbaycanın müdafiə naziri Zakir Həsənov Moskvaya getdi. Zakir Həsənovun Moskvaya səfərindən cəmi bir gün sonra isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bura gəldi. Şoyqunun bu təcili gəlişi və prezident İlham Əliyevin onunla görüşməsi ciddi mətləblərdən xəbər verir. Detallara varmadan deməli olsaq, belə anlaşılır ki, bu intensiv danışıqlar təkcə hərbi-texniki əməkdaşlıq məqsədilə aparılmır”.

Sahib S.Alıyevin fikrincə, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri, Qazaxıstan lideri Nursultan Nazarbayevin Türkiyəyə getməsi, İlham Əliyev-Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan-Nursultan Nazarbayev danışıqlarının ardından Türkiyənin dövlət başçısının rusiyalı həmkarıyla görüşü bölgənin geosiyasi xəritəsinə əhəmiyyətli təsir edəcək ciddi proseslərin baş verə biləcəyini göstərir: "Hər şey də olmasa, çox şey Dağlıq Qarabağ məsələsinin həllində əhəmiyyətli irəliləyişin əldə edilib-edilməyəcəyindən asılıdır. Los-Ancelesdə Serj Sarkisyanın tabuta qoyulmasının səhnələşdirilməsi, analitik agentlik, daha dəqiqi həm də analitik agentlik olan "Stratfor”un Ermənistanda zorun da tətbiq ediləcəyi yeni etirazların başlanacağı xəbərdarlığı isə o deməkdir ki, həmin prosesin əngəllənməsinə çalışanlar da var”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü, deputat Elman Məmmədov da bu görüşlərin Azərbaycan üçün çox əhəmiyyətli xarakter daşıdığını deyib. Onun sözlərinə görə, bu, ilk növbədə Azərbaycanla Rusiya arasında hərbi sahədə, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın güclənməsinə, inkişafına səbəb olur. "İkinci bir tərəfdən də Dağlıq Qarabağ, ərazilərimizin işğaldan azad edilməsi ilə bağlı müəyyən irəliləyişlərə səbəb olan addımlar gözlənilə bilər. Hər halda, bizə qonşu olan böyük bir dövlətlə hər sahədə olduğu kimi müdafiə sahəsində də əməkdaşlıq etmək bizim münasibətlərimizi daha da möhkəmləndirir. Təbii ki, Rusiyanın Ermənistana təsiri çox böyükdür”.

Məmmədov deyib ki, iqtisadi sahədə olduğu kimi hərbi sahədə də Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətdədir. "Unutmamalıyıq ki, Rusiyanın ən müasir silahlarla təmin olunmuş ordusu Ermənistanda yerləşir. Bizim Rusiya ilə yaxın münasibətdə olmağımız, əməkdaşlığımızı genişləndirməyimiz vacibdir. Məsələ belədir ki, Ermənistan Rusiyanın bir quberniyasıdır, fortpostudur. Ermənistanın bütün müdafiə təhlükəsizlik məsələsi Rusiyanın nəzarəti altındadır. Vladimir Putin Serj Sarkisyanla görüşü zamanı bildirdi ki, Azərbaycan kimdən və haradan istəsə, silah ala bilər. Çünki Azərbaycanın buna iqtisadi qüdrəti var. Bunun sətiraltı mənası odur ki, Rusiya əlini Ermənistanın üzərindən çəksə, Ermənistan pis vəziyyətdə qalacaq. Bu da Putinin Ermənistana növbəti xəbərdarlığı idi. Ermənistan Rusiya ilə Azərbaycanın yaxınlaşmasından narahatçılıq keçirir”.

Politoloq Əli Oruclu isə bildirib ki, Vladimir Putinin Bakıya son səfəri, eləcə də İran-Rusiya-Azərbaycan prezidentlərinin üçtərəflə görüşləri, birgə imzalanan Bakı bəyannaməsi regoinda təhlükəsizliyin və sülhün əldə olunmasına müəyyən ümidlər verir. Onun sözlərinə görə, iqtisadi məsələlərlə yanaşı siysi münasibətlərin daha da dərinləşməsi istiqamətində razılığa gəlinməsi region üçün çox vacibdir. "Diqqət çəkən məqamlardan biri də ondan ibarət idi ki, həm Rusiya, həm İran beynəlxalq sülhə təhlükə törədən terrorizm və separatizmlə mübarizədə səylərini birləşdirməyə çağırış ediblər. Həmçinin tərəflər etiraf edirlər ki, regiondakı həll olunmamış münaqişələr regional əməkdaşlığa əhəmiyyətli maneədir və bu xüsusda onların tezliklə beynəlxalq hüququn prinsip və normaları və bu çərçivələrdə qəbul edilmiş qərar və sənədlər əsasında danışıqlar vasitəsilə sülh yolu ilə həll olunması vacibliyini vurğulayırlar”.

Müsahibimizə görə, bu baxımdan da bu görüşlərdə əldə olunan razılaşmaların davamı kimi Azərbaycan və Rusiya Müdafiə Nazirlərinin görüşü, Şoyqunun Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir. "Sarkisyanla Putinin Moskvada görüşdən sonra birgə mətbuat konfransında erməni jurnalistin silah satışı ilə bağlı Rusiya prezidentinə verdiyi sualın cavabında "Azərbaycanla hərbi əməkdaşlığı və silah satışını davam edəcəyik” cavabı, təbii ki, İrəvanda heç də birmənalı qarşılanmadı. Bütün bunlar erməni ictimaiyyətində təşviş, şübhə və inamsızlıq doğurub. Azərbaycanın ən müsir silah-sursatla, hərbi texnika ilə silahlanması, ordunun komplektləşdirilməsi və döyüş hazırlığının daha da təkmilləşdirilməsi, hərbi-vətənpərvərlik və döyüş qabiliyyətinin və ruhunun artırılması Qarabağ probleminin, münaqişənin həllinin ən qısa və effektiv yoludur”.

Politoloq bununla belə hesab etmir ki, kimlərsə bizə nəyisə pay verəcək. "Xüsusən də 5 rayonun qaytarılması barədə yayılan məlumatları da şayiə və qeyri-ciddi söhbət hesab edirəm. Nəzərə almaq lazımdır ki, həm İran, həm Rusiya dəfələrlə özlərini beynəlxalq hüquq və normalara sayğı ilə yanaşdıqlarını bəyan etsələr də, əməldə tam əksini həyata keçiriblər. Arzu edək ki, prezidenlərin imzaladığı Bakı Bəyannaməsi kağız parçası olmayacaq, Cənubi Qafqaz kimi mürəkkəb və dinamik bir bölgədə sülh və təhlükəsizliyin yaradılmasına bir vasitə olacaq”.