Bu gün Azərbaycan Milli QHT
Forumunun (MQF) Elm Mərkəzinin ilk iclası keçirilib. MQF-nin prezidenti Rauf
Zeyni alimləri salamlayaraq Elm Mərkəzinin yaradılması məqsədləri haqqında
iştirakçıları məlumatlandırıb. O, bildirib ki, "Alimlərin potensialından
istifadə edərək elmi araşdırmaların vətəndaş cəmiyyətinə çatdırılması, alimlərin
müxtəlif elmi araşdırmalarla bağlı təkliflərinin ictimailəşdirilməsi vacibdir.
Bu baxımdan Azərbaycan elminin və təhsilinin müxtəlif sahələrinin daha da
inkişafı, gənclərin elmi potensialının gücləndirilməsi, digər ölkələrlə mədəni əlaqələrin
daha da inkişaf etdirilməsi məqsədilə, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları
Forumu Elm mərkəzinin təşkili bu sahədə görüləcək məqsədyönlü addımlardan
sayıla bilər. MQF Elm Mərkəzində müxtəlif istiqamətdə araşdırma aparan alimlər
öz təkliflərini təqdim edə və bu təklifləri bizim mərkəzdə toplanan alimlərin
iştirakı ilə müzakirə edə bilərlər”. Daha sonra çıxış edən tarix üzrə fəlsəfə
doktoru Nüşabə Məmmədova bildirib ki, "MQF Elm Mərkəzinin yaradılmasında məqsəd
vətəndaş cəmiyyətinin inkişafında alimlərin səylərinin birləşdirilməsi, eyni
zamanda elm və təhsil ocaqlarında çalışan alimlərin, xüsusilə gənc alimlərin
buraya cəlb olunması vacibdir. Elm Mərkəzində bütün istiqamətlər üzrə elmi
araşdırmaların aparılması, həmçinin beynəlxalq müstəvidə fəaliyyət göstərən
alimlərin iştirakı ilə müxtəlif dəyirmi masaların, beynəlxalq konfransların,
seminarların və forumların təşkil edilməsi nəzərdə tutulub”. BDU-nun professoru
Leyla Gərayzadə də öz çıxışında elm mərkəzinin yaradılmasının vacibliyini və vətəndaş
cəmiyyətində xüsusi yer tutacağını vurğulayıb.
O, bildirib ki, " Biz alimlər beynəlxalq
aləmə zəngin elmi araşdırmalar təqdim edə bilərik. Eyni zamanda elm mərkəzi cəmiyyətdə
olan istənilən problemlərin, elmi məsələlərin müzakirə olunmasına şərait
yaradacaq.
Həmçinin BDU-nun professoru Mais Əliyev, Milli Qəhrəmanların Xeyriyyə Cəmiyyətinin sədri Rauf Rəcəbov, Gənclərin Elmi Araşdırmalarına Dəstək İB-nin nümayəndəsi Rauf Əmənov, TUMİB-in Elmi Araşdırmalar və Tədqiqat Mərkəzinin rəhbəri Əli Fərhadov, Xızır Yurdu İB-nin rəhbəri Rəfail Mustafayev, MQF-nin idarə heyətinin sədr müavini Qorxmaz İbrahimli və digərləri öz çıxışlarında, MQF Elm Mərkəzinin yaradılmasının tədqirəlayiq hal olduğunu, bu vəsilə ilə nəinki Azərbaycanın, eyni zamanda dünyada baş verən aktual mövzuların elmi araşdırmalar vasitəsilə dövlət orqanlarına təqdim edilməsinin, bilavasitə, QHT-lərdə, ali təhsil müəssisələrində müəssisələri və elmi təşkilatlarda fəaliyyət göstərən gənc alim və mütəxəssislərin elmi fəaliyyətə cəlb edilməsi və onların fəaliyyətinin koordinasiya edilməsinin vacibliyini vurğulayıblar.