“Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir... Çünki ora casus yığnağıdır...”
“Və həmişə də o işlə məşğul olublar. Həmin binadan Rusiya casuslarının koordinasiyasıyla məşğul olublar. Bu gün də leqal bir dayaq nöqtələrinin olması üçün “Rus evi”nin açılmasını istəyirlər...”
Xəbər verildiyi kimi, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Bakıda "Rus evi"nin (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi) fəaliyyətinin yenidən bərpa edilməsi təşəbbüsü ilə çıxış edib. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin mətbuata verdiyi rəsmi açıqlamada bu məsələyə toxunub. Rusiyalı diplomat vurğulayıb ki, Azərbaycanda "Rus evi"nin fəaliyyətinin yenidən bərpa olunması hər iki dövlətin və xalqın maraqlarına tamamilə cavab verərdi...
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AMİP-in fəxri lideri Etibar Məmmədov söyləyib:
“Bundan əvvəl Qaluzin 20224-ci ilin dekabrında vurulmuş Azərbaycanın sərnişin təyyarəsinin vurulması barədə Rusiya ilə bütün məsələlərin həll olunduğunu söyləyib. Halbuki, indiyədək bu mövzuda heç bir məsələ həll edilməyib. Lakin təyyarə məsələsindən asılı olmayaraq Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir. Çünki ora casus yığnağıdır. Və həmişə də o işlə məşğul olublar. Həmin binadan Rusiya casuslarının koordinasiyasıyla məşğul olublar. Bu gün də leqal bir dayaq nöqtələrinin olması üçün “Rus evi”nin açılmasını istəyirlər. İndiyədək bir çox ölkələrdə, o cümlədən Şərqi Avropa ölkələrində “Rus ev”ləri bağlanıb, ancaq açılmayıb. Odur ki, Azərbaycanda da bağlanıbsa, yenə açılmamalıdır... Tələbə qalsa, Azərbaycan tərəfi Moskvaya qarşı daha haqlı tələb irəli sürə bilər: indiyədək dayandırılmış diasporlarımızın fəaliyyəti bərpa edilməyib...”