AMİP bəyanat verdi

Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanat yayıb.Bəyanatda deyilir: “Artıq bir müddətdir ki, övladlarının şəhərdən çox uzaqda, baxımsız və bataqlıq ərazidə dəfn olunmasına etiraz edən şəhid analarının etiraz aksiyaları davam edir. Bununla bağlı dəfələrlə edilən etirazlara baxmayaraq problem hələ də öz həllini tapmamışdır. Şəhid ailələrinin Vətən torpaqlarının işğaldan azad olunması uğrunda həyatlarını qurban vermiş övladlarının məzarlarının uyğun yerə köçürülməsi kimi sadə bir tələbinin yerinə yetirilməməsi bizi üzür və hiddətləndirir.

Şəhidlər müqəddəsdir və onların məzarlıqları da hər birimizin and yeridir. Şəhidlər yalnız mənsub olduqları ailələrin deyil, hər bir Azərbaycan ailəsinin övladıdır və onlara qarşı olan bu biganəlik haqlı olaraq ümumilikdə cəmiyyətə  qarşı biganəlik kimi qəbul olunur.

44 günlük Vətən savaşında minlərlə kvadrat kilometr ərazini işğaldan azad edən övladlara dəfn olunmaq üçün layiq olduqları yerin ayrılmaması heç bir halda başa düşülən deyil. Bu məsələyə bilavasitə sorumlu olan dövlət məmurları şəhidlərimizə göstərdikləri belə etinasız münasibətlə düşmən dəyirmanına su tökməklə yanaşı həm də nə qədər rəzil, heysiyyatsız və vicdansız olduqlarını bir daha nümayiş etdirmiş oldular.

Azərbaycan Milli İstiqlal Partiyası müvafiq dövlət qurumlarının məsələyə belə biganə münasibətini şəhidlərimizin ruhuna hörmətsizlik kimi qəbul edir və problemin dərhal həll olunması üçün təxirəsalınmaz tədbirlər görülməsini tələb edir”.

Millət