Güneyli milli ictimai-siyasi fəal Abbas Lisani ilə bağlı AMİP Mətbuat Xidməti bəyanat yayıb. "Millət"ə daxil olan həmin bəyanatda deyilir; " İran hakimiyyətinin Güneydə yaşayan soydaşlarımıza, milli fəallara və ziyalılara qarşı repressiyasının yeni dalğası başlayıb. Beynəlxalq saksiyalara məruz qalandan sonra rejim daxili problemələrinin həll etməyin yolunu ona etiraz səsini ucaldanları əzmək, susdurmaq, zindanlara atmaq kimi qeyri-insani metodlarını geniş şəkildə işə salıb. Milli ictimai-siyasi fəal Abbas Lisaninin mərhum sənətkar Həsən Dəmirçinin dəfn mərasimində çıxış etməklə sistemin əleyhinə təbliğat aparmaq ittihamı ilə həbs edilməsi məhz buna əyani misaldır.
İran rejimi qondarma ittihamlarla A.Lisanini həbs etməklə kifayətlənməyərək, ona və ailəsinə də işgəncələr verməkdədir. Rəsmi Tehran hesab edir ki, repressiyalarla, işgəncələrlə, fiziki və mənəvi terrorla Güneyli soydaşlarımızın milli müqavimətini, iradəsini və azadlıq istəklərini sındıra, bütöv bir milləti əsarətdə saxlamaqda davam edə biləcək.
Azərbaycan Milli İstiqlal Partiyası milli ictimai-siyasi fəal Abbas Lisaninin taleyindən narahatlığını ifadə etməklə yanaşı, İran rejimindən tezliklə onu azadlığa buraxmasını tələb edir.
Eyni zamanda partiya mütərəqqi beynəlxalq ictimaiyyəti, yerli və xarici insan haqqları müdafiəçilərini A.Lisani də olmaq üzrə Güney Azərbaycanda rejimin zülümü altında əzilən milyonlara insanın taleyinə biganə qalmamağa çağırır."