İşçilər  əmək hüquqlarının pozulduğunu düşündükləri hallarda...

Deputat: “Satıcıların iş zamanı oturmalarına belə imkan verilməməsi əmək hüquqları baxımından ciddi müzakirə olunmalıdır”
“Satış sahəsində çalışan insanların, xüsusilə də, xanım satıcıların iş zamanı oturmalarına belə imkan verilməməsi məsələsi əmək hüquqları baxımından ciddi müzakirə olunmalıdır. Əmək qanunvericiliyində işçinin bütün iş vaxtı ərzində mütləq ayaqüstə dayanmasını tələb edən ümumi bir norma yoxdur. Təbii ki, işin xarakterindən, xidmətin xüsusiyyətindən və iş yerinin daxili qaydalarından irəli gələn tələblər ola bilər. Lakin bu qaydalar işçinin sağlamlığına, ləyaqətinə və qanunla müəyyən edilmiş əmək hüquqlarına zidd olmamalıdır. Xüsusilə, müştərinin olmadığı vaxtlarda belə işçiyə oturmağa icazə verilməməsi, kameralar vasitəsilə daim nəzarətdə saxlanılması və buna görə əməkhaqqından əsassız tutulmalar edilməsi yolverilməz yanaşma kimi qiymətləndirilməlidir. Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən, əməkhaqqından tutulmalar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda və müəyyən edilmiş qaydada həyata keçirilə bilər. İntizam tədbirləri də qanunda göstərilən prosedur və əsaslar çərçivəsində tətbiq olunmalıdır”.

Bu sözləri Pravda.az-a açıqlamasında İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib.

Deputat hesab edir ki, burada əsas məsələ sahibkarın maraqları ilə işçinin hüquqları arasında düzgün balansın yaradılmasıdır: “İşçinin müştəriyə xidmət göstərmədiyi qısa fasilələrdə oturması onun əmək funksiyasını yerinə yetirməsinə maneə olmursa, bunun avtomatik olaraq intizam pozuntusu kimi qəbul edilməsi düzgün yanaşma deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti qurumları tərəfindən belə halların araşdırılması, işəgötürənlər üçün daha aydın tələblərin müəyyənləşdirilməsi və zərurət yaranarsa, qanunvericiliyə müvafiq dəyişikliklərin təklif edilməsi məqsədəuyğun olardı. İşçilər də əmək hüquqlarının pozulduğunu düşündükləri hallarda hüquqi müdafiə mexanizmlərindən istifadə etməli, əməkhaqqından tutulmaların əsasını və hüquqi səbəbini tələb etməlidirlər”.