Tiflis  ilk növbədə Moskva ilə mübahisələrini həll etməlidir

Moskvada Abxaziya üzərindən Rusiya, Gürcüstan və Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan “Putin yolu” təşəbbüsünün yenidən gündəmə gətirilməsi Cənubi Qafqazda nəqliyyat marşrutları uğrunda geosiyasi rəqabəti diqqət mərkəzinə çıxarıb. TRIPP və Zəngəzur istiqaməti ilə paralel müzakirə olunan bu layihənin reallaşması Gürcüstanın mövqeyindən, Ermənistanın Rusiyaya münasibətindən və regional təhlükəsizlik mexanizmlərindən asılı olacaq.

“Putin yolu” təşəbbüsünün gündəmə gətirilməsi TRIPP və Zəngəzur istiqamətinin regionun nəqliyyat xəritəsində mövqeyinə necə təsir göstərə bilər?
Abxaziya məsələsi və Ermənistanın Rusiyadan uzaqlaşma siyasəti fonunda bu marşrutun reallaşması üçün hansı siyasi şərtlər formalaşmalıdır?

Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyanın Abxaziya üzərindən Gürcüstan və Ermənistan arasında nəzərdə tutduğu “Putin yolu” həm nəzəri, həm də praktik cəhətdən mümkün deyil.

Abxaziya 2008-ci ildə bir həftəlik Rusiya Gürcüstan müharibəsi zamanı işğal edilib. İndiyədək işğal faktoruna görə Tiflis ilə Moskvanın diplomatik əlaqələri kəsilib. Doğrudur, iqtisadi, ticarət və enerji sahələrində geniş spektrli əməkdaşlıq mövcuddur. Lakin bu, yeni nəqliyyat qovşağının qurulmasına gətirib çıxarmaz.

Digər tərəfdən, TRIPP layihəsini əvəz edəcək alternativ və yaxud rəqabət aparacaq layihələrin gerçəkləşəcəyi ağıla sığan deyil. Bu yol geostrateji dəngələri ciddi şəkildə dəyişəcək Orta Dəhlizin tərkib hissəsi kimi qlobal əhəmiyyət kəsb edir.

“Rusiyanın planlaşdırdığı və iştirak etdiyi Şimal Cənub Nəqliyyat Xətti də Orta Dəhlizdən daşınacaq həcmdə yük daşımaq tutumunda deyil. Ermənistan üçün vacib nəqliyyat dəhlizi Zəngəzur dəhlizidir. Buradan təkcə yüklər və sərnişinlər daşınmayacaq, həmçinin gələcəkdə rabitə, elektrik, qaz və digər xətlərin də keçəcəyi nəzərdə tutulur”, deyə politoloq bildirib.

Politoloq deyib ki, bu, həm də Ermənistanın təhlükəsizliyi üçün çox əhəmiyyətlidir. Tiflis isə ilk növbədə Moskva ilə mübahisələrini həll etməli, ərazi bütövlüyünü bərpa etməlidir ki, Abxaziya üzərindən nəqliyyat marşrutunda iştirak edə bilsin.